Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-23 12:08:00
“Azərbaycanın hər bir məktəbində təhsil bərpa olunacaq”

Emin Əmrullayev: “Ərazilərin işğaldan azad olunması təhsil sistemi üçün də yeni imkanlar açır”

 

 

Məlum olduğu kimi, yeni tədris ilinin başlanması dünyanın bir sıra ölkələrində pandemiyanın yeni yoluxma hallarının sürətlə yayılması ilə müşayiət olunmaqdadır. Təhsil prosesinin bütün iştirakçıları üçün ciddi fəsadları nəzərə alınaraq hökumətlər tərəfindən virusun yeni dalğasının qarşısını almaq məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər görülməkdədir. Ölkəmizdə də pandemiyaya yeni yoluxma hallarının sürətlə artaraq 500-ü keçməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ölkəmizin ümumtəhsil sistemində tətil elan olunması ilə bağlı qərar qəbul olunub.  Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahda Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə ölkəmizin ümumi təhsil sistemində yaranmış vəziyyətlə bağlı məsələlərə aydınlıq gətirilib. 

 

Təhsildə riskli vəziyyət

 

Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrində yeni tədris ilinin başlanmasından sonrakı vəziyyətlə bağlı məlumat verib. Sentyabrın 15-dən bu günədək 1 milyon 300 mindən artıq şagirdin əyani təhsilə cəlb olunduğunu deyən E. Əmrullayev son günlər COVID-19-a yoluxma hallarının sürətlə artması və ölkədə hazırda üz-üzə qaldığımız hərbi vəziyyət də nəzərə alınmaqla təhsil sistemi üçün riskli bir vəziyyətin yarandığını diqqətə çatdırıb. “Məlum olduğu kimi, təhsil sahəsi kifayət qədər böyük bir sistemdir: 2 milyona yaxın təhsilalanı və bir neçə yüz min təhsil işçisini özündə birləşdirir. Təbii ki, yoluxma saylarının atması öz-özlüyündə həmin müəssisələrdə artıma daha da təkan verə biləcək riskli yerlər kimi qiymətləndirilir”. Nazir əlavə edib ki, məhz bunları nəzərə alaraq Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının ərazisində oktyabrın 19-dan noyabrın 2-dək bütün təhsil müəssisələrində tətil elan edilib. “Düşünürük və inanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasının qarşısı alına bilər. Biz həm də dinamikanı başa düşüb ayrı-ayrı yerlərdə, bölgələrdə daha düzgün müvafiq qərarlar verə bilərik”.

 

40-a yaxın məktəb dağıntılara məruz qalıb

 

Təhsil naziri ikihəftəlik tətilin elan olunması ilə bağlı qərarın arxasında duran bəzi rəqəmləri diqqətə çatdırıb. Sentyabrın 27-dən düşmən Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bir çox bölgələrində həm təhsil müəssisələrinə, həm mülki əhaliyə qarşı, raket atəşləri də daxil olmaqla kifayət qədər aqressiv və insanlığa yaraşmayan hücumlar baş verib. Təbii ki, bütün bu vəziyyət, cəbhə xəttində olan məktəblərimizə də təsirsiz ötüşməyib. 40-a yaxın məktəb bu və ya digər formada dağıntılara, məktəb binaları raket atəşinə məruz qalıb. Eyni zamanda Ermənistanın təcavüzü nəticəsində 3 şagirdimiz həlak olub, 15-ə yaxın məktəbli bu və ya digər dərəcədə müxtəlif bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə və obyektlərə hücumları nəticəsində 340 min şagird tədrisdən kənarda qalıb.  Nəticə etibarilə bölgələrimizdə 1221 təhsil müəssisəsi bu səbəbdən öz fəaliyyətini distant təhsilə keçirib. E.Əmrullayev qeyd edib ki, mövcud şəraitdə cəbhə bölgələrində tədrisin uyğun şəkildə təşkili kifayət qədər problemlidir. “Təbii ki, müharibə şəraitində dinc əhali olaraq məktəblərə, şagirdlərə, təhsil işçilərinə, sosial infrastruktura qarşı qəsdən törədilən cinayət, inanıram ki, hal-hazırda öz layiqli cavabını almaqdadır.  Hər gün sevincli xəbərlər eşidirik. Bu xəbərlərin davamlı olmasına əminik və inanırıq ki, ölkə başçısının, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu çox qısa zaman ərzində ölkəmizin işğal altında olan torpaqlarını azad edəcək və Azərbaycanın hər bir məktəbində, hər bir təhsil müəssisəsində təhsil bərpa olunacaq. Yaşadığımız bu günlər xalqımız, dövlətimiz, insanlarımız üçün tarixi əhəmiyyət daşıyan bir dövrdür”.

 

“Yoluxma zəncirini qıra biləcəyik”

 

Təhsil naziri vurğulayıb ki, hazırda bir sıra dünya ölkələrində, Avropada koronavirusun ikinci dalğasını müşahidə edirik. Bu prosesin qaçılmaz olduğunu deyən nazir əlavə edib ki, payızın gəlməsi və məhdudiyyətlərin aradan qaldırılması nəticəsində yoluxmanın artması gözləniləndir. “Amma eyni zamanda da biz cəmiyyət olaraq, xalq olaraq, vətəndaş olaraq başa düşməliyik ki, Azərbaycan üçün biz xüsusi bir şəraitdəyik, ikiqat diqqətli olmalıyıq. Təhsil müəssisələrində tətil elan olunması  səbəbini də məhz bununla əlaqələndirmək istərdim”.

 

E.Əmrullayev Təhsil Nazirliyi tərəfindən gündəlik əsasda həm məktəblərdə yoluxan şagirdlər, həm müəllimlər, həm digər məsələlərlə bağlı ictimaiyyətə geniş məlumatlar verildiyini qeyd edib. “Bu rəqəmlər öz-özlüyündə bizə imkan verirdi ki, hər an məsələni diqqətdə saxlayaq. Əgər sentyabrın 15-dən oktyabrın 5 -nə qədər bizdə cəmi 2 məktəbdə qapanma olmuşdusa, son günlər ərzində biz artıq hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəyik. Çünki məktəbdə, xüsusən müəllimlər arasında bir yoluxma olurdusa, həmin məktəbi bağlamaq məcburiyyətindəyik, şagirdlər arasında olanda isə sinifləri bağlayırıq. Yoluxma hallarının gün ərzində 500-ü keçməsi gün ərzində bir neçə təhsil müəssisəsinin bağlanmasına gətirib çıxarda bilərdi. İnanıram ki, 2 həftə ərzində biz davranışımızla və dəyişikliklərlə bu tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxma istiqamətində müəyyən dinamikanı, yoluxma zəncirini qıra biləcəyik. Həmçinin, Təhsil Nazirliyi olaraq ictimaiyyətlə və digər təhsil iştirakçıları ilə birlikdə yaranmış situasiyada ən düzgün, uyğun olan seçimləri etməklə  noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik”.

 

Məktəblərdə karantin deyil, tətil elan edilib

 

KİV əməkdaşlarının çoxsaylı suallarını cavablandıran Təhsil naziri bir daha qeyd edib ki,  tətbiq olunan qərarla məktəblərdə karantin deyil, tətil elan edilib. Bu, o deməkdir ki, ümumtəhsil məktəblərinin şagirdləri üçün bu və digər qaydada dərs keçilmir. “Noyabrda bir həftə tətil var idi. Biz bu tətili digər tətil günləri ilə əvəzləşdirə biləcəyik. Bu gün elan edilən tətildə tədris müddəti qısaldılmır - bu tətil tədris ilinin azalmasına və şagirdlərin daha az müddətdə təhsil almasına səbəb olmayacaq. Şagirdlər bu gün olmayan təhsili qarşıdakı vaxtda alacaqlar”.

 

Bildirilib ki, Nazirlər Kabinetinin bu qərarı yalnız təhsil müəssisələrinə aiddir. Repetitor və təhsillə məşğul olan digər qurumlara aid edilmir.

 

15 mindən çox tələbəyə ödənişlər edilib

 

Təhsil naziri könüllü olaraq cəbhəyə yola düşən tələbələrin təhsillərini davam etdirməsi və həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı sualları da cavablandırıb. Qeyd olunub ki, orduya könüllü gedən tələbələr təhsillərini davam etdirə biləcəklər. Bununla bağlı müəyyən prosedurlar var. “Yeganə istəyimiz, həmin əsgərlərimizin zəfərlə geri qayıtmasıdır”.

 

Tələbələrin təhsil haqları ilə bağlı məsələyə gəlincə, E.Əmrullayev qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə ötən semestrdən müəyyən sosial həssas qrupdan olan tələbələrə bu baxımdan köməklik göstərilir. Həm ali təhsil, həm peşə təhsili, həm orta ixtisas təhsili müəssisələrinin tələbələrinə Azərbaycan hökuməti tərəfindən ödənişlər edilib. “Bildiyiniz kimi, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qərar var. Keçən semestr 15 mindən çox tələbəyə ödənişlər edilib. Oktyabrın sonu, noyabrın əvvəli 12 min tələbə üçün yenidən təhsil haqqı ödənişi ediləcək. Bu il birinci kursa qəbul olan tələbələrə də müraciətlər əsasında müvafiq qaydada ödəniş edilməsi nəzərdə tutulub. Bu qayda ilə bu semestr 15 mindən çox tələbənin maliyyələşdirilməsini nəzərdə tuturuq”,-deyə nazir bildirib.

 

Yoluxanlardan təkcə 25 faizi məktəbə gedən şagirdlərdir

 

Brifinqdə bildirilib ki, TƏBİB -lə əlaqədar olaraq müəyyən edilmiş alqoritmikaya əsasən, oktyabrın 15-nə qədər respublika üzrə 546 şagird koronavirusa yoluxub. İşçi heyətdən isə 186 nəfərdə yoluxma qeydə alınıb. Şagirdlərdən yalnız 25 faizinin məktəblərdə yoluxduğu müəyyən edilib. Yoluxma halı qeydə alınan siniflər isə distant təhsilə keçirilib.Yoluxmaya Sumqayıt, Abşeronda yerləşən məktəblər daha riskli görünür. Bir sinifdə 4-5 şagirdin virusa yoluxması halı olmayıb. Müəllimlər arasında yoluxmanın çoxalması isə yaş və pandemiyanın öz xüsusiyyətləri ilə bağlıdır. Valideynlər məktəblərə nəqliyyatdan istifadə etməklə gəlir və onlar da müəllimi yoluxdura bilərlər.

 

Virusun yayılması ilə bağlanan məktəblərin çoğrafiyasına gəldikdə, Təhsil naziri qeyd edib ki, ilk bağlanan məktəb Qubadakı Qanqam kənd məktəbi olub. “Ancaq Bakı və Sumqayıt şəhərlərinin əhalisi çox olduğu üçün burada yerləşən məktəblər daha risklidir. Harada olmağımızdan asılı olmayaraq həkimlərimizə, ordumuza dəstək olmağa çalışmalıyıq”. 

 

Distant təhsil və monitorinqlər

 

Distant təhsil almaq imkanları məhdud olan təhsilalanlarla bağlı məsələlərin tənzimlənməsinə gəlincə, E.Əmrullayev bildirib ki, Təhsil Nazirliyi artıq mart ayından bu günə kimi indiki mürəkkəb situasiya ilə üz-üzədir. “Təbii ki, zərurətdən irəli gələrək irəliyə doğru bir çox addımlar atılır: bir milyona yaxın şagirdin onlayn sistemə qoşulması, 100 mindən artıq uşağın qeydiyyatdan keçməsi baş verib. Həm müəllimlər, həm də şagirdlər qeydiyyatdan keçibsə, biz onların tədris prosesini, eləcə də şagirdlərin sistemə daxil ola və ya ola bilmədiklərini də platforma üzərindən izləyə bilirik”.

 

Təhsil naziri qeyd edib ki,  ikinci əldə olunan nailiyyət, fərqli tədris planlarının  sınaqdan keçməsi ilə bağlıdır. “Biz həftədə 2 dəfə, 3 dəfə əyani təhsil, yəni hibrid formasında olan tədrisi uğurla tətbiq edə bildik. Bizim tərəfimizdən olan müşahidələrə əsasən, ümumiyyətlə, həftədə 15 saat əyani dərsin teledərslərlə birgə hibrid formada  tətbiqi  öyrənmə prosesində qənaətbəxş nəticələr əldə etməyə qismən də olsa kömək edir”.

 

E.Əmrullayev distant təhsilin digər problemlərinə gəlincə qeyd edib ki, təbii ki, bir çox bölgələrimizdə həm internetlə, həm də şagirdlərdə olan cihazlarla bağlı problemlər var. Məsələn,  bu  səbəbdən  də  oktyabrın  1-dən biz həmin bölgələrdə həftədə 5 dəfə, kiçik yerlərdə, hardakı problemlər az yaşanır, əyani təhsilə yaxın bir formatda tədrisə keçdik. Bu, say etibarı ilə bizim kontekstdə  2 minə yaxın məktəb demək idi”.

 

Emin Əmrullayev vurğulayıb ki, nazirlik tərəfindən aparılan araşdırmaların digər bir istiqaməti 27 sentyabrdan sonra yaranmış məhdudiyyətlərdə hansı platformaların işləməsi ilə bağlıdır. “Biz ən uyğun platformaların müəyyənləşdirilməsi istiqamətində iş görmüşük. O cümlədən də ölkədə internet təminatını həyata keçirən aidiyyəti qurumlarla sıx əməkdaşlığımız var ki, heç olmasa məktəblərdə istifadə olunan istifadəçi adları ilə bu sistemlər işləsin. Biz bir sıra ali təhsil müəssisələrimizdə istifadə olunan platformaların açılmasına nail olmuşuq. Artıq ötən həftə platformaların bəziləri fəaliyyətə başlayıb. Növbəti həftədə mövcud olan müsbət təcrübənin sistemləşdirilməsi və sistemli şəkildə noyabr ayının əvvəlindən tətbiq edilməsini planlaşdırırıq”. 

 

Məktəb infrastrukturunun yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb

 

Azərbaycanın işğaldan azad olunan ərazilərində görüləcək işlər və yeni infrastrukturların yaradılması ilə bağlı təşəbbüslər çərçivəsində azad olunan torpaqlarda yeni məktəblərin inşası məsələsinə Təhsil naziri Emin Əmrullayevin münasibəti belə olub: “Bu, bizim ən böyük arzumuzdur. Azərbaycanın hər bir kəndində təhsil var.  Biz çox inamlıyıq ki, Azərbaycana məxsus torpaqlarda, işğaldan azad olunmuş torpaqlarda həm infrastrukturun qurulması, həm də təhsilin keyfiyyəti baxımından böyük uğurlar əldə edə bilərik. Orada hər şey yenidən başlayır. Ərazilərin işğaldan azad olunması Azərbaycanın təhsil sistemi üçün də yeni imkanlar açır”.

 

Təhsil naziri əlavə edib ki, son illər Azərbaycanda məktəb infrastrukturunun yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları ilə 3500-dən çox məktəb ya təmir olunub və ya yenidən tikilib. Bu işin davamlı olacağına biz hamımız əminik. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən görülən işlər də davamlı xarakter daşıyır. Bu mənada, cənab Prezident son müsahibələrində işğaldan azad olunan ərazilərimizin həm infrastruktur baxımından, həm insanların rifah halının ən yüksək standartlar əsasında qurulması ilə bağlı çıxışlar edib.

 

“Mənə elə gəlir ki, bu torpaqlar azad olunan gündən həmin ərazilərdə həm sosial, həm iqtisadi, həm başqa parametrlər üzrə Azərbaycan vətəndaşları üçün ən yüksək rifah standartları təmin ediləcək. Təbii ki, biz də bunun bir hissəsi olmaqdan qürur duyuruq. Sonda əminliyimizi və inamımızı sizinlə paylaşmaq istərdik ki, çox qısa zamanda Azərbaycan ordusu işğal altında olan hər bir qarış torpağımızı  azad edəcək. Qələbə Azərbaycanındır!”.

 

Oruc MUSTAFAYEV, Azərbaycan müəllimi