https://www.zirve.edu.az/
08.10.2020 12:00
“Məktəbimiz dağılıb, lap çadırda dərs keçərik, təki torpaqlarımız azad olunsun”- Tərtərli müəllimlər  

 

“Bu günlərdə “Tərtərə bomba yağır” desək, yalan olmaz”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında S.Paşayev adına  Tərtər rayon Umutlu kənd tam orta məktəbinin  gənclərin hərbi xidmətə çağırış müəllimi Rəhman Paşayev deyib.

 

Həmçinin, ehtiyatda olan  baş leytenant Rəhman müəllim məktəb kollektivində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bildirdi:

 

“Bu günlərdə “Tərtərə bomba yağır” desək, yalan olmaz.  Belə bir şəraitdə tədris prosesini davam etdirmək çox təhlükəli olardı. Elə buna görə də məktəbimizdə dərslər dayandırılıb.

 

Məktəb kollektivi olaraq hər birimizdə vətənpərvərlik duyğusu yüksək səviyyədədir. Direktorumuz I Qarabağ müharibəsi veteranıdır. Mən də müharibə əliliyəm, eyni zamanda, ehtiyatda olan baş leytenantam.

 

Məktəbdə hərbi xidmətə çağırış fənnini tədris etdiyim müddətdə də bacardığım qədər  uşaqlara vətənpərvərlik hissini aşılmağa çalışırdım.

 

Bu səbəbdən də mövcud təhlükəyə baxmayaraq, məktəb, müəllim, şagird kollektivi arasında əhval-ruhiyyəsi çox yüksək səviyyədə olduğunu deyə bilərik.

 

Hazırda ön cəbhədə vuruşan igidlər arasında məktəbimizin məzunları da az deyil”.

 

“Lap çadırda belə dərs keçməyə hazırıq təki torpaqlarımız geri alınsın”

 

Tərtər rayonu 5 saylı tam orta məktəbin biologiya müəllimi Aybəniz Baxşəliyeva məktəbdəki abu-havadan söz açıb:

 

 

“Məktəbimiz iki dəfə düşmən atəşinə məruz qalıb.  Sonda isə, bina yerlə bir oldu.

 

Buna baxmayaraq bizə heç bir ruh düşkünlüyü yaranmayıb. Hər birimiz cəbhədən gələcək xoş xəbərləri gözləyərik”.

 

Aybəniz müəllim məktəbləri dağılsa da, bütün məktəb kollektivi arşında əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu bildirdi:

 

“Məktəbimiz köhnə binada yerləşirdi. Dövlətimizin daha gözəl məktəb tikəcəyini bilirik. Heç tikməsələr belə, bizim üçün fərq etməz. Bizə bina lazım deyil. Lap çadırda belə dərs keçməyə hazırıq təki torpaqlarımız geri alınsın”.

 

A.Baxşəliyeva sonda şagirdlərlə daim əlaqədə olduqlarını da qeyd etdi:

 

“Belə çətin şəraitdə şagirdlərimizlə əlaqəmizi kəsmirik. Hazırda atışma olan zaman sığınacaqlarda gözləyirik. Sakitlik olan kimi isə uşaqlarla əlaqə saxlayırıq. İnternet olanda onlayn, qeyri hallarda isə sadə telefon zəngi ilə onlarla danışırıq. Onların yaşları azdır. Silah səsləri onları qorxuda bilər. Bu səbəbdən daim onlarla danışırıq, izah edirik ki, bu səslər bizim xeyrimizədir. Nəticədə torpaqlarımızı geri qaytaracağıq”.

 

 

“Əvvəlki illərdən fərqli olaraq bu gün uşaqlar arasında heç bir qorxu həyəcan yoxdu”

 

Tərtər rayonu 5 saylı tam orta məktəbin rus dili müəllimi Aytən Quliyev da məktəb kollektivi arasında ruh yüksəkliyi olduğunu bildirdi:

 

“Hazırda düşmən yaşayış yerlərinə, məktəblərə atəş açsa da, biz heç yerə getməmişik. Digər müəllimlərlə bir yerdə daim şagirdlərimizlə telefon vasitəsilə əlaqə saxlayırıq.


Əvvəlki illərdən fərqli olaraq bu gün uşaqlar arasında heç bir qorxu həyəcan yoxdu. Əksinə,  hər birimizdə tam ruh yüksəkliyi var. Bu gün vəziyyət əvvəlki illərdən tam fərqlidir”.