Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 12:42:00
İlin ən gənc tələbəsi, 15 yaşlı Aynur – “ Məktəbə çox tez getdim, çünki...”-FOTOLAR

 

 

“15 yaşım olmasına baxmayaraq, ali məktəbə daxil olmaq üçün heç vaxt gözləməyi düşünmədim”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında bu il ali məktəbə qəbul olunan ən gənc tələbə Aynur Bəxtiyarova deyib.

 

O, 2005-ci ildə anadan olub və bu il qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb.

 

 

 

 Aynur 317 balla Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olunub:

 

“317 balla Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olundum. Ali məktəbə daxil olmağı çox istəyirdim və bunun üzərində əzmlə çalışdım. Bir çox çətinliklərim oldu, lakin bunların öhdəsindən gələ bildim. İmtahanların pandemiya zamanına düşməsi bir çox problemlərə səbəb oldu. Onlayn vasitələrdən istifadə etməklə ali məktəbə hazırlaşdım və bu alışmadığım  situasiya olduğu üçün müəyyən çətinliklər yaratdı”.

 

Müsahibimiz kiçik yaşında  orta məktəbə gedərək təhsil həyatına başlayıb:

 

“Orta məktəbə 4 yaşımda qədəm qoydum, 15 yaşımda isə oranı bitirdim. Bacımın 6 yaşında məktəbə gedirdi, mən də istədim ki, onunla birlikdə təhsil alım, valideynlərim də bu arzumu qırmadılar. Lakin 4 yaşım olmasına baxmayaq təhsil müəssisəsinə getdiyim zaman müəllimlər  mənim qavrama qabiliyyətimi yoxladılar, ona əsasən məni məktəbə götürə biləcəkləri qənaətinə gəldilər.

 

Yaşımın az olması mənim üçün heç vaxt problem yaratmayıb. Məndən böyük olan insanlarla münasibət saxlaya bilirdim və onlarla ünsiyyət qurmağımda heç bir əngəl yaşanmırdı, hətta çox yaxşı dost olurduq. 11 illik şagird həyatım çox maraqlı keçib, hamı ilə rahat şəkildə ünsiyyət qurmuşam. Bacımla bir sinifdə oxumuşuq. O, hazırda 17 yaşındadır və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi fakültəsinə daxil olub.

 

 

 

Bir sıra respublika olimpiadalarında iştirak etmişəm, lakin nəticəm olmayıb. Ən çox inşa müsabiqələrində iştirak etməyi sevirdim”.

 

Aynur xanım gələcək planlarından söz açıb:

 

“Çox güman ki, tələbə yoldaşlarım məndən böyük olacaq. Lakin hər hansısa  problem olacağını düşünmürəm, çünki məktəb illərində  bu mənə heç bir çətinlik yaşatmayıb. Hər zaman 2 yaş böyüklərlə ünsiyyət qurmuşam. Həmçinin, bu məsələ sinif yoldaşlarım üçün də  problem olmayıb və düşünürəm ki, bu universitetdə də çətinlik yaratmayacaq.

 

Bir sıra insanlar 4 yaşında məktəbə gedirlər, məncə, bu bir uğurdur. Bunu avantaja çevirmək lazımdı. Çünki belə olduqda həyata bir pillə  öndə başlayırsan.

 

15 yaşım olmasına baxmayaraq heç vaxt gözləməyi düşünmədim ki, 17 yaşım tamam olsun və ali məktəbə imtahan verim.

 

Universiteti bitirdikdən sonra bir çox məqsədlər həyata keçirməyi planlayıram. Onlardan biri də magistraturaya qəbul olunmaqdı. İstəyirəm ki, bilikli bir şəxs kimi cəmiyyətə xeyir verim və öz karyeramı inkişaf etdirim.

 

İxtisas seçimi zamanı valideynlərim mənə məsləhət verdilər, lakin öz istəyim əsasında sevdiyim ixtisası seçdim. Şükür ki, həmin fakültə və ixtisasa qəbul olundum”.

 

Bütün ali məktəbə qəbul olunan tələbələrə yeni həyatlarında uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları