https://www.zirve.edu.az/
16.09.2020 10:28
UNEC tələbəsinin startapı dünya çempionu oldu  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində dünya çempionu olub.

 

AzEdu.az xəbər verir ki, Londonda baş tutmalı olan, lakin koronavirus pandemiyasına görə onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Biznesin idarəolunması” ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm dünya çempionu (grand champion), həm də “Yaradıcı” (Creative) kateqoriyası üzrə beynəlxalq qalib olub.

 

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmsil olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.

 

UNEC tələbəsinin biznes startapı əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimləri dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlanır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.