Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 16:16:00
"Maksimum nəticə sadəcə universitetə keçid zamanı lazım olan ünsür idi" - 700 toplamış MƏZUNLAR

Builki qəbul  imtahanlarında  ölkə üzrə iki abituriyent  maksimum nəticə göstərərək 700 bal toplayıb.

 

Bəs görəsən abituriyentlərin qəbul imtahanında topladıqları 700 balın onların tələbəlik həyatlarında  nə kimi üstünlükləri olub? Onların gələcəyə dair təhsil və karyera ilə bağlı planları  nələrdir?

 

Bununla bağlı  AzEdu.az-a əvvəlki illərdə keçirilən qəbul  imtahanlarında 700 bal toplayaraq hazırda Azərbaycan universitetlərində təhsil alan tələbələrimiz danışıb.

 

BDU, SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə  3-cü kurs tələbəsi Əzim Əzizli, 700 bal toplamağın ən böyük üstünlüyünün onu daim motivasiya etməsi olduğunu qeyd edir:

 

-700 bal toplamağımın əslində çox da üstünlüyü yoxdur, onsuzda çox qısa bir müddət sonra 700 bal topladığını unudursan. Düşünürəm ki, mənim üçün 700 balın ən böyük avantajı daim daha yaxşı olmağa çalışmaq üçün məni motivasiya etməsidir. Dərslərlə bağlı nə zaman çətinliyə düşsəm, “700 balı toplaya bilmişəmsə bunu da bacara bilərəm” deyə düşünüb özümü motivasiya edirəm.

 

Gələcək təhsil və karyerama gəldikdə isə, əsas marağım mülki hüquqa olduğu üçün,  xarici universitetlərdən birində “Avropa biznes hüququ”, “kommersiya hüququ”, və ya “korporativ hüquq” üzrə magistr təhsili almaq istəyirəm. Lakin, hələ gələcəklə bağlı dəqiq qərar verməmişəm, mənim üçün ən yaxşı ola biləcək seçimi etməyə çalışacağam.

 

ADA universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə 3-cü kurs tələbəsi Cahan Haşımzadə qeyd edir ki, qəbul imtahanında topladığı 700 bal  ona universitet təhsilində özünü tanıtmağa  yardım edib:

 

-2018ci il qəbul imtahanında topladığım 700 bal, universitet təhsilimdə özümü tanıtmağa yardım etmişdi. Yenə də, universitetdə dərs proqramı məktəb vaxtı oxuduğumuz dərslərdən çox fərqli olur, çünki universitetdə xüsusi bir ixtisas üzrə oxuyuruq.

 

Bakalavr təhsilimi bitirdikdən sonra magistr dərəcəsi oxumağı düşünürəm. Magistr təhsilimi, alınsa, xaricdə oxumaq  istərdim. Digər təqdirdə isə elə ADA universitetində davam etdirəcəyəm. Təhsilimi bitirdikdən sonra ixtisasım üzrə biznes, maliyyə, mühasibat kimi sahələrində işləməyi düşünürəm.

 

UNEC, Beynəlxalq  İqtisadiyyat Məktəbi  fakültəsi, Maliyə ixtisası üzrə təhsil alan Cavad Əliyev, 700 bal toplamağın ən böyük üstünlüyünün prezident təqaüdü qazanması olduğunu bildirib:

 

-Əslində, ən əsas üstünlüyü prezident təqaüdü oldu. Demək olar ki, qalan çox da dəyişiklik olmuyub.   

 

Hazırda oxuduğum universiteti bitidikdən sonra öz ixtisasım üzrə xaricdə təhsil almağı düşünürəm. Ancaq hansı ölkə və universitet olması barədə hələ dəqiq bir şey düşünməmişəm.

 

Azərbaycan Tibb Universiteti Müalicə işi üzrə 3-cü kurs tələbəsi Fəyyaz Aslanlı qeyd edib ki, 700 bal sadəcə məktəbdən universitetə keçid zamanı lazım olan bir ünsür idi:

 

-700 bal məktəbdən universitetə keçid zamanı lazım olan bi ünsür idi. Amma heç xeyrini görməmişəm deyə bilmərəm. Doğrudur, insanlar tərəfindən tanınmağın bəzi müsbət cəhətləri var. Məsələn, daha rahat olmağa, tez adaptasiya və s. kömək edir. Amma yığdığın baldan asılı olmayaraq  universitetdə dərslərə diqqətlə yanaşmalı, oxumağa davam etməlisən. Bununla yanaşı 2-ci semetrdan sonra, artıq qəbul balının da əhəmiyyəti qalmır.

 

Hazırda oxuduğum ixtisas üzrə altı  illik təhsil müddətini bitirdikdən sonra rezidentura dövrü başlayacaq. Onu da ən yaxşı şəkildə keçirmək üçün mümkünsə xarici ölkədə davam etdirmək kimi planlarım var. Olmasa da öz universitetimdə rezidentura proqramı üzrə təhsilimi davam etdirməyi düşünürəm. Daha sonra dövrün tələb etdiyi çərçivəyə uyğun istiqamət götürəcəyəm . Çünki o qədər uzun müddəti indiden planlamaq reallığı əks etdirməz deyə düşünürəm.

 

Qeyd edək ki, Azərbaycan universitetlərinə ixtisas seçimi bu gündən etibarən start götürüb.

 

İxtisas seçimində iştirak edəcək bütün abituriyentlərə uğurlar arzu edirik!