Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-07 13:56:00
“AzEdu.az-ı öz saytımız hesab edirik” – İctimai Şuranın sədr müavini

 

 Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, tanınmış təhsil eksperti Nadir İsrafilov “Modern.az” xəbər portalının AzEdu.az təhsil portalının  təsisçisi və baş direktoru Elşad Eyvazlının iştirakı ilə redaksiyada baş tutan görüşün qonağı olub.

 

Son dərəcə səmimi və işgüzar şəraitdə keçən görüşdə Nadir müəllim ilk olaraq Redaksiyanın yeni ofisə köçməsi  Respublikamızın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biri Modern.az-ın 11 yaşının tamam olması münasibəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanan kollektivi səmimi təbrik edib, xoş arzu və istəklərini bildirib.

 

Baş  direktor portalın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə sədr müavinini məlumatlandırıb.

 

Yaranan fürsətdən istifadə edərək Nadir müəllimə bir neçə sualla müraciət etdik.

 

-Nadir müəllim az da olsa bir müddət sosial mediada görünmədiniz, paylaşımlarınız ayrı-ayrı dostlarınız tərəfindən edilirdi. Görünür, növbəti səfərdə olmusunuz...

 

-Səfərdə deyəndə ki, əgər bunu səfər adlandırmaq olarsa, 5 günlük Bakıdan çıxmışdım. İkiaylıq Nabran yay istirahət məzuniyyətindən qayıtdıqdan sonra, dostlar tərəfindən görüşməklə bağlı bir sıra təkliflər alsam da yorğunluğumu bəhanə gətirərək görüşlərdən imtina etdim.

 

Bununla belə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Mədəniyyət Nazirliyinin "Keçmişdən gələcəyə - toplaşaq muzeylərə" birgə layihə müsabiqəsində iştirakımla bağlı  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai birliyinin İcraçı direktoru Şahin Rəcəbin təklifindən imtina edə bilmədim.

 

Digərləri yəqin ki, inciməz, çünki  dostluq bir yana mən həm də həmin “Assosiasiyanın Ekspertlər qrupu”nun rəhbəriyəm.

 

-Sosial mediada yayımlanan və ayrı-ayrı profillərdə paylaşılan məlumatlardan göründüyü kimi səfəriniz maraqlı keçib...

 

-Əlbəttə, tarix-diyarşünaslıq baxımından Azərbaycanın tarixi abidələrini, füsünkar güşələrini görmək, maddi-mənəvi irsi ilə yaxından tanış olmaq hər kəsin arzusudur. Baxmayaraq ki, 5 günlük tur ərzində sıldırım qayaları aşmaq, dolanbac dağ çaylarını keçmək nəticəsində çəkidə 5 kq itirdim, bununla belə dünyagörüşümün daha da artmasında qazandığım isə heç bir ölçüyə gələ bilməz... Bir də ki, səfər etdiyimiz Qəbələ, İsmayıllı, Şamaxı ərazilərində yerləşən, dövlət tərəfindən mühafizə olunan qoruqlarda çəkiliş etmək və bunları xalqımıza bir daha tanıtmaq layihənin əsas məqsədi idi.

 

-Nadir müəllim, yeri gəlmişkən təhsilimizin mövcud durumu və yeni dərs ilinin başlanması ilə bağlı nə deyə bilərsiz?

 

-Hesab edirəm ki, bu barədə istər nazir, istərsə də əlaqədar qurumların nümayəndələri tərəfindən kifayət qədər deyilib və mən də məsələyə zaman-zaman öz yazılarımda və müsahibələrimdə münasibət bildirmişəm. Pandemiya şəraitində tədrisin təşkilinə münasibət nə qədər bir mənalı olmasa da minimum vəzifə - təhsilin ayaq üstə saxlanılması təmin edilib, təhsildə varisliyin və fasiləsisliyin maksimum təmin olunması istiqamətində ardıcıl işlər davam etdirilir. Hələ ki, vəzifə - vəziyyətə uyğun lokal xarakterli diferensial yanaşma tətbiq etməkdən ibarətdir. Hər şey zamana və şəraitə bağlıdır. Əsas odur ki, vəziyyətə uyğun yanaşmalar qabaqcadan planlaşdırılıb və hər hansı bir narahatçılığa elə də ciddi bir əsas görmürəm.

 

-Təsadüfdənmi, zərurətdənmi görüşümüz İctimai Şuranın yaranma gününə təsadüf edib, bəlkə bu barədə bir neçə kəlmə...

 

-Əslində, Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək,  müxtəlif məsələlərin müzakirəsi üçün  məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Təhsil Nazirliyinə  təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum kimi İctimai Şura sabiq Təhsil Naziri Ceyhun Bayramovun  11 iyul 2019 –cu il tarixli əmri ilə yaradılıb. Sadəcə olaraq Sentyabrın 4-də  Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib ki, daxil olan 125-dən çox müraciət  əsasında qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan rəsmi qeydiyyata alınan 44 seçici və 34 namizədin iştiraki ilə 11 üzv gizli səs vermə yolu ilə Şuraya üzv seçilib.

 

-Bəlkə, qısaca da olsa “Şura”nın yaradılmasının məqsəd və məramları görülmüş ışlər barədə məlumat verəsiz...

 

-Ölkə Başçısının “İctimai iştirakçılıq haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na müvafiq olaraq Əsasnaməmiz təsdiq olunub. Reqlamentə əsasən mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə, həmin hüquqi aktların layihələrinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədi ilə aidiyyəti orqanların səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin, daha konkret desək maraqlı tərəflərin iştirakı ilə müxtəlif səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur. Görülən işləri isə qısaca şərh etmək o qədər də mümkün görünmür, xeyli vaxt apara bilər.

 

-Nadir müəllim fürsətdən istifadə edib, İctimai Şura ilə AzEdu az-ın birgə əməkdaşlığının qurulması barədə bir xatırlatma etmək istərdim...

 

-Yəqin, ofisimizdə bir qrup əməkdaşınızla birgə görüşümz zamanı “Şura”ya təqdim etdiyiniz təkliflər paketinə hələ də cavab almadığınızı nəzərdə tutursuz. Yaxşı xatırlayıram... Kargüzarlıq baxımından bu vacibdir.  İradınızı mütləq məsul katibimiz İlqar Orucova çatdırararm. Əlbəttə, maraqlı və zəruri təkliflər idi. Bu işdə İctimai Şura ilə AzEdu az. arasında kordinasiya işinini yerinə yetirəcək sizin təmsilçiniz olan məsul şəxsin də günahı az deyil.  Gərək xatırladaydı. Pandemiya bütün sferalardan yan keçmədiyi kimi İctimai Şuranın da fəaliyyətinə təsirsiz ötüşməyib. Bir də ki, əslində nəzərdə tutulan təkliflərin böyük qismi həyata keçirilib. Bütün fəaliyyətimizdən ilk xəbər tutan, onu ictimailəşdirən Sizlərsiniz. Biz sizin saytınızı elə öz saytımız hesab edirik və bizimlə əməkdaşlığınızı lazımınca dəyərləndiririk. Buna heç bir şübhəniz olmasın.

 

 

-İctimai Şuranın sədr müavini kimi saytımız haqqında fikirləriniz biz və saytın çoxsaylı oxucuları üçün də maraqlı olardı.

 

-Bilirsiniz, ayrı-ayrı sahələr üzrə saytların mövcudluğu yalnız təqdir olunası haldır. AzEdu az yarandığı qısa zaman kəsiyində təhsil sahəsində obyektiv mövqeyi ilə təhsilə və elmə yaradıcı yanaşmanı ortaya qoyaraq, çox böyük nüfuz qazandı, bütün bunlar isə əlbəttə ki, saytın gələcəyi barədə nikbin fikir yaratmağa əsas verir.

 

Yeniliklərə və çağırışlara açıq olan gənc komandanın peşəkarlığa yönəlik səy və cəhdləri, hadisə və proseslərə kreativ yanaşma meylləri bizdə belə bir inam və əminlik yaradır ki, təhsildən və elmdən yazmaq, peşəkar fikir mübadiləsi aparmaq üçün artıq ciddi məkan vardır... Bir də ki, bu, təkcə mənim subyektiv fikrim deyil.  Mən də fürsətdən istifadə edərək, bir daha kollektivi təbrik edir və təhsilimizin inlkişafı və daha da tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.