Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 17:00:00
Yeni tədris korpusu UNEC-in böyük uğurlarının davamıdır – Elm adamlarından təhlil və təqdir  

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

 

 

Sentyabrın  3-də baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da  iştirak ediblər.

 

 

Yeni tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev "Universitetlər üçün də nümunə olmalıdır" deyə bildirib. Birinci xanım Mehriban Əliyeva isə "İnsan lap yenidən tələbə olmaq istəyir..." fikrini diqqətə çatdırıb.

 

UNEC-in 3-cü korpusu  Azərbaycan təhsili üçün yeni perspektiv sayılacaq örnəklərdəndir. Yüksək səviyyəli infrastruktur və tədqiqat laboratoriyaları Azərbaycan ali təhsil sistemi üçün əsl yenilik sayılmalıdır. Texnologiya istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusdakı laboratoriyalar bu yöndə elmi tətdiqat aparmaq üçün çox vacib resurs rolunu oynayır.  

 

UNEC-in yeni tədris korpusunda BP Azərbaycan şirkətinin sponsorluğu ilə yaradılacaq 3 laboratoriya da fəaliyyət göstərəcək: Qida kimyası laboratoriyası; Qida texnologiyası laboratoriyası;Ekologiya laboratoriyası.

 

Bu laboratoriyalar bu ildən UNEC-də açılan yeni ixtisasların – Ekologiya mühəndisliyi və Qida mühəndisliyi ixtisaslarının tədrisinə yardım edəcək.

 

UNEC-in möhtəşəm 3-cü korpusu həm də başqa ali təhsil müəssisələrimiz üçün də gözəl bir nümunə, örnəkdir.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  AzEdu.az-a açıqlamasında Azərbaycan təhsilində hadisə sayılacaq açılış haqqında danışarkən təhsilin hər zaman dövlət üçün böyük mahiyyət kəsb etdiyini deyib:

 

 

“Azərbaycanda təhsilə hər zaman diqqət və qayğı göstərilib. Ölkə prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva  bu sahəni mütəmadi olaraq diqqətdə saxlayıb. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də məhz təhsildir. Bu sahəsində həyata keçirilən islahatlar və görülən tədbirlər də bunu göstərir”.

 

 

Millət vəkili UNEC-in yeni tədris korpusu ilə bağlı fikirlərini bildirib:

 

 

“Məlum olduğu kimi,  dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə UNEC-in yeni tədris korpusunun açılışı olub. Bu bina müasir standartlara cavab verən laboratoriyalarla təhciz olunub. Burada yüksək səviyyədə təmir-bərpa işləri həyata keçirilib. Son vaxtlar dövlət siyasətində təhsilə göstərilən böyük diqqət və qayğı açıq şəkildə hiss olunur. UNEC-in yeni korpusunun açılışı təhsilə, onun inkişafına və müasir texnologiyaların tətbiqinə böyük önəm verildiyini göstərir.  Dövlətin dəstəyi ilə bu cür yeni tədris binalarının açılması mümkün hesab edilə bilər.

 

 

Bu gün dünyada çox ciddi proseslər gedir. Bir ölkənin güclü olması onun təhsilinin inkişafı ilə bilavasitə bağlıdır. Bu baxımdan belə bir binanın açılması və istifadəyə verilməsi xüsusi önəm daşıyır. Biz inanırıq ki, növbəti illərdə digər universitetlər də bu addımı atacaq. Azərbaycan Dövlət  Aqrar Universitetində bu tip işlər həyata keçirildi və yeni korpus istifadəyə verildi. Hazırda Azərbaycan İlahiyyat İnstitutunun yeni binası təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcək.Hər bir təhsil müəssisəsi çalışmalıdı ki, dövlətin yaratdığı imkanlardan maksimum istifadə etsin. İnanırıq ki, ölkə rəhbərliyinin diqqət və qayğısı  davam etdiriləcək və yeni korpuslar açılacaq.

 

Bütün bu addımlar onu göstərir ki, dövlətin təhsilə böyük diqqət və qayğısı var. O, bu sahənin inkişafında maraqlıdır. Yeni təhsil müəssisələrinin yaradılması, onların xüsusi binalarla təhciz edilmısi xüsusu əhəmiyyət daşıyır. Azərbaycanda elm və təhsilin inkişafına kifayət qədər vəsait ayrılıb. Bu istiqamətdə bir sıra sərəncamlar imzalanıb. Hesab edirəm ki, bu kimi addımlar təhsilin inkişafına yardımçı olacaq. Ölkəmizdə yeni təhsil müəssisələrinin yaradılması və onun müxtəlif avadanlıqlarla təhciz olunması kimi ardıcıl və məqsədyönümlü işlər davam etdiriləcək. Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiya olunması üçün  tədbirlər həyata keçiriləcək”.

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov UNEC-i ölkənin universitet modeli olaraq görür:

 

 

“UNEC-in yeni korpusunun istifadəyə verilməsi Azərbaycanda yeni tədris ili ərəfəsində çox mühüm hadisə oldu. UNEC son illərdə xeyli yenilənib. Onun timsalında biz Azərbaycan universiteti modelini görürük. Hər zaman fəxrlə deyirik ki, UNEC yeni və ən müasir təhsil müəssisəsidir. Bura həm universitet, həm də elmi tədqiqat mərkəzidir. Dünyada aparılan yenilikçi işləri bu ali təhsil müəssisəsinin timsalında görə bilərik. Yeni tədris binası 3000 tələbə üçün nəzərdə tutulmuş böyük kompleksdir. Eyni zamanda burada təhsillə bağlı ən son tələblərə cavab verən auditoriyalar qurulub. Ümid edirım ki, burada təhsil alan tələbələr layiqli kadr olaraq gələcəkdə inkişaf edəcəklər. UNEC-in yeni tədris korpusu Prezident və vitse-prezidentin təhsil sahədində gördüyü işlərin davamıdır”.

 

 

Uzun müddət Türkiyədə çalışan, müxtəlif xarici ali təhsil ocaqlarının kampus strategiyalarını öyrənən azərbaycanlı alim, professor Arif Səlimov  UNEC-in yeni  korpusunun istifadəyə verilməsini təhsilimiz üçün böyük uğur hesab edir:

 

 

“UNEC-in yeni tədris binasının istifadəyə verilməsi çox mütərəqqi addımdı. Burada hər çür yeni texnologiyadan istifadə olunub. Bu, çox gözəl addımdı. Bunu yalnız alqışlayaraq qarşılamaq olar. Məncə,  digər universitetlər də bu addımı atmalıdır. Onların bu istiqamətdə işlədiklərindən əminəm. Hazırda bəzi universitetlərin yeni tədris binalarında  təmir işləri gedir.

 

Pandemiya dövrü distant təhsili tələb etdiyi üçün bu istiqamətdə texnologiyaların olması vacibdi. UNEC-də bunun üçün lazım olan bütün texnoloji vasitələr var”.

 

Portuqaliyanın Lissabon Universitetində  çalışan həmyerlimiz, kimya elmləri doktoru Kamran Mahmudov isə 3-cü korpusla bağlı başqa maraqlı detala toxunub. Xatırladaq ki, texniki istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusda bir çox xarici mütəxəssislərin də bilik və bacarığından istifadə olunacaq. K.Mahmudov da öz növbəsində bu məsələyə toxunub:

 

“Fikrimcə, hər ixtisasa uyğun olaraq, ilk növbədə yerli alimlərə üstünlük verilməlidir. Yox, əgər ixtisasa uyğun lazimi yerli kadr yoxdursa, yaxud, azlıq təşkil edirsə, o zaman xarici mütəxəssislərə müraciət etmək olar. Xarici mütəxəssisləri dəvət edərsək isə bir məsələyə xüsusilə diqqət göstərmək lazımdır: onların Web of Science-dəki indeksi 40-dan aşağı olmamalıdır.  Yəni,  pulu da tanınmış cə faydalı mütəxəssislərə vermək lazımdır.

Üstəlik, xüsusi olaraq çalışmaq lazımdır ki, bura dəvət olunan xarici alimlər öz ölkələri ilə Azərbaycan arasında elmi körpü yarada bilsinlər.

Dəvət olunan mütəxəssislərdən nə istədiyimizi aydın izah etmək lazımdır. Onlardan konkret hansı nəticəni gözlədiyimizi açıq bildirməliyik. Yoxsa, həm pul, həm də vaxt itkisinin şahidi olacağıq.

Amma UNEC daha çox yerli mütəxəssislərin  xaricdə  formalaşmasına maraqlı olmalıdır ki, sonradan onlardan yerli kadr kimi yararlana bilsin”.

 

 

 

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov korpusun əsas özəlliklərindən və tələbələr üçün əhəmiyyətindən də danışıb:

“UNEC-in 3-cü yeni korpusunun istifadəyə verilməsi Azərbaycan təhsili çox sevindirici haldır. Universitetlərin təhsil keyfiyyətinə təsir edən faktorlardan biri müasir maddi texniki bazadır. Dünyanın aparıcı universitetlərində, məsələn Harvard, Standfor tələbə sayı az olsa da, bina sayısı 100-dən çox olur. Çalışırlar ki,  qapalı sahəyə düşən tələbə sayı az olsun. UNEC-in yeni korpusunda bu əsas detallardan biridir.

 

Yeni korpusun əsas özəlliklərindən biri odur ki, tarixi struktura toxunulmayıb, lakin müasir universitet forması verilib. Şəhərin mərkəzi hissəsində yerləşməsi də çox əhəmiyyətlidir. Biz 3-cü korpusun timsalında dövlət və özəl sektor əməkdaşlığını(Public and private partnership-Bina BP və AQTA-nın dəstəyi ilə hazırlandı) gördük.

 

Universitetin rektoru açılışda qeyd etdi ki, universitetin laboratoriyası və kitabxanası 24 saat fəaliyyətdə olacaq. Bu sistem UNEC-in İçərişəhərdə yerləşən korpusunda da, Azərbaycan Neft və Sənaye Universitetində də həyata keçirilib. Pandemiya şəraitində tələbələr buradan istifadə edə bilməsə də, normal şərtlərdə istənilən zaman yararlana biləcəklər. Bunu xarici universitetlərdə müşahidə edirdim və həsəd aparırdım. Çox sevinirəm ki, bizim ali məktlərdə də təşkil edildi.

 

UNEC son illərdə bir sıra uğurlara imza atıb və yeni korpus da uğurların davamıdır”.

 

 

Azərbaycan  İnternet Forumunun prezidenti Osman Gündüz  UNEC-in yeni korpusunda 24 saat  fəaliyyət göstərəcək kitabxanadan digər universitetlərin də yararlanmasının faydalı ola biləcəyini qeyd edir:

 

“UNEC-in yeni korpusunun istifadəyə verilməsi kifayət qədər əlamətdar hadisədir. Yeni bina yeni imkanlara-müasir texnologiyaya, müasir kitabxanaya, müxtəlif sahələrə əlçatımlılıq deməkdir. Yeni korpus tədris prosesinin daha çevik təşkil olunmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edəcək. UNEC digər universitetlərimiz üçün nümunədir. Yeni korpus kifayət qədər modern formada hazırlanıb. Şərait yaradılsa və  digər universitetlərin tələbələri də UNEC-də təşkil olunan kitabxanadan istifadə edə bilsə, çox faydalı olar. Digər universitetlərimizin də bu cür tədris korpusları yaradılması arzu olunandır”.

 

 

Qeyd edək ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

 

 Şükufə SÜleymanlı

Firayə Allahverdiyeva