Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 16:50:00
Beynəlxalq olimpiadanın qalibi: “Dünyanın 7 böyük universitetinə qəbul olunmuşam”  

 

Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar. 

 

 Aşağı və yuxarı yaş qrupu üzrə 14 ölkədən 73 şagirdin qatıldığı müsabiqədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və  Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüblər.

 

AzEdu.az olimpiada qaliblərinin  təssüratlarını təqdim edir:

 

Avropa Coğrafiya Olimpiadasının medalçısı Hüseyn Hüseynli açıqlamasında əsas hədəfinin Dünya Coğrafiya Olimpiadasına qatılıb yer tutmaq olduğunu bildirdi:

 

“Pandemiya şəraiti olduğu üçün distant təhsil sisteminə keçilib. Bu səbəbdən olimpiadaya bəzən müəllimlərlə onlayn qaydada, bəzən də təkbaşına özüm hazırlaşırdım. 9-cu  sinifdə təhsil alıram və əsas məqsədim düşündüyüm universitetə və ixtisasa qəbul ola bilməkdir. Bakalavr təhsili üçün ADA və  xarici universitetlərdən birini istəyirəm. Olimpiadalarda iştirakı təbii ki, davam etdirəcəyəm. Dünya Coğrafiya Olimpiadasına qatılıb yer tutmaq əsas hədəfimdir”.

 

3 olimpiada qalibi Mustafa Bayramlı əldə etdiyi uğurda valideynlərinin  və müəllimlərin dəstəyinin önəmini xüsusilə qeyd etdi:

 

 “Coğrafiya fənni ilə artıq neçə illərdir ciddi şəkildə məşğulam. Coğrafiyaya ilk vaxtlardan marağımın artmağının ən böyük səbəbi bu il məzun olduğum Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin coğrafiya müəllimlərinin mənə verdikləri dəyərli biliklər və göstərdikləri qayğıdır. Onların və ailəmin göstərdiyi dəstək əsasında çox çalışdım və Coğrafiya Respublika Fənn Olimpiadalarında 2-si gümüş və 1-i qızıl olmaqla 3 medal əldə etdim”.

Mustafa Bayramlı pandemiya şəraitində onlayn hazırlıq müddətində də olimpiada üçün ciddi hazırlaşdığını və ətrafındakıların onun uğurlu nəticə əldə edəcəyinə inandıqlarını bildirdi:

 

“Göstəricilərim sayəsində coğrafiya müəllimi Yaşar Seyidəliyev tərəfindən kəşf edildim. Aylarca onunla hazırlaşdıq. Çəkdiyimiz əziyyətlərin hədər getməməsi məni çox qürurlandırdı. Bizim hazırlığımız keçən ilin payızında başladı. İlk vaxtlar pandemiyanın olacağı ağlımıza belə gəlməzdi. Amma göstərilən texniki dəstək əsasında virtual şəklində bir araya gəlib Beynəlxalq Coğrafiya Olimpiadası üçün hazırlaşmağı bacardıq.Coğrafiya fənni üzrə illərlə təcrübəm olduğuma görə müəllimlərim və ətrafımdakı bütün insanlar məndən bu uğuru əldə etməyimi gözləyirdilər. Onların etimadını doğrultduğum üçün çox xoşbəxtəm”.

 

Mustafa gələcək hədəflərindən və burs qazandığı universitetlərdən də danışdı:

 

 “Xaricdə iqtisadiyyat üzrə bakalavr təhsil almağı planlaşdırıram. Universitet qəbulları başlamazdan əvvəl SAT və TOEFL imtahanlarını verdim və yüksək nəticələr əldə etdim. Maraqlarım və nailiyyətlərim əsasında dünyanın ən qabaqcıl 7 universitetlərində tam ödənişsiz əsaslarla təhsil almaq hüququ qazanmışam. Tam burs aldığım universitetlər: Nyu York Universiteti (New York University) Pensilvaniya Universiteti (University of Pennsylvania) Kornel Universiteti (Cornell University) Northwestern Universiteti Yale-NUS kaleci Saint Louis Universiteti Amherst kaleci. Ən sonda Pensilvaniya Universitetini seçdim və orada Beynəlxalq Münasibətlər və İqtisadiyyat üzrə ikidərəcəli proqramda oxuyacağam”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları