Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 20:34:00
Məktəblərdə dərslər nə zaman başlayacaq? - TƏBİB-dən açıqlama

Mövcud vəziyyətlə bağlı qərarlar hər an dəyişdirilə bilər.


Bunu AzEdu.az-a açıqlamasında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı sualı cavablandırarkən bildirib.


V.Əliyev qeyd edib ki, qısa zamanda tətbiq edilən yumşalmalar və sərtləşdirmələr də bunu deməyə əsas verir:

"Bunların ikisi bir-birinin əksi olsa da, mövcud vəziyyətə uyğun verilib. Məqsədimiz insan təmasını minimuma endirmək, eləcə də mövcud vəziyyətdən təhsilə, iqtisadiyyata minimum zərərlə çıxmaqdır. Amma sentyabra 3 ay qalıb. Önümüzdəki günlərdə yoluxanların sayı necə olacaq, vəziyyətdən necə çıxacağıq, hələ ki bunu bilmirik".

V.Əliyev məktəblərdə dərslərin dekabra qədər təxirə salınacağı ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini də vurğulayıb:

"Elə bir fikir yoxdur. İndiki halda həftəlik üçün qərar vermək mümkün deyil. Çünki yoluxma halları günlük belə dəyişir. Bu baxımdan iki günlük karantin rejiminə keçmişik. Ola bilər bu müddət uzadılsın, ola da bilər vəziyyət tam kontrola alındıqdan sonra ümumiyyətlə karantin ləğv olunsun. Ona görə də indidən təhsil müəssisələrilə bağlı konkret fikir yoxdur. Sadəcə gözləməliyik. Əgər bunu istəyiriksə, hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik".