Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 12:12:00
“Gənclərimizin bu il Avropa və Türkiyə universitetlərinə qəbul şansları  artacaq” –  Ekspert  

“Koronavirusa görə tələbələrin  Türkiyə universitetlərinə qəbulunda heç bir problem yaşanmayıb. Sadəcə olaraq, Türkiyə ali təhsil müəssisələri YÖS imtahanı keçirirdi, amma artıq tələbələr Türkiyədə imtahan verə bilmirlər. Məhz tək problem YÖS imtahanının gecikməsidir.   İmtahanların  aprel-may aylarında keçirilməsi nəzərdə tutulurdusa,  virusa görə iyun-iyula qədər təxirə salınacaq. Ancaq bu da ciddi problem deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyev söyləyib.

 

Onun sözlərinə görə, xaricdə təhsil üçün müraciət edənlərin qeydiyyat prosesi normal qaydada davam etdirilir, qəbul olan tələbələr isə sərhədlərin açılmasını gözləyirlər:

 

“Digər ölkələrdən olan tələbələrimiz var ki, çoxunun qəbulları olub. Hətta viza sənədləşməsinə başlamışıq. Deyərdim ki, bu şəkildə daha yaxşıdır. Bir tək problem sərhədlərin açılması və tələbələrin təhsil alacaqları ölkələrə getməsidir. Normal qeydiyyat zamanı da müraciətçilərin qəbulu onlayn formada həyata keçirilirdi. Eyni zamanda, poçt xidmətləri və karqo şirkətləri də fəaliyyətlərini davam etdirir. Hər kəs sənədlərini rahat şəkildə xarici universitetlərə göndərə bilir.

 

Sentyabr ayına kimi sərhədlər açılsa, heç bir narahatlıq olmayacaq. Tələbələr əvvəlki illərdə olduğu kimi müraciət edib gedə biləcəklər. Bəzən belə fikirləşirlər ki, İELTS-ə görə çətinlik yaşayacaqlar. Ancaq hazırda bu imtahanlarla bağlı problem də aradan qaldırılıb. İmtahanlar onlayn şəkildə keçirilir və tələbələr vaxtında sertifikatlarını alıb, təhsillərinə başlaya biləcəklər”.

 

Xaricdə təhsil  üzrə ekspert azərbaycanlı tələbələrin bu il əvvəlki illərlə müqayisədə qəbul şanslarının daha yüksək olduğunu qeyd edib:

 

“Mənim fikrimcə, azərbaycanlı tələbələr üçün qəbul şansları bu il daha çoxdur. Çünki virusa yoluxma sayının yüksək olduğu ölkələrdən limitli sayda tələbə qəbul edəcəklər. Azərbaycan isə pandemiyanın az olduğu ölkələr siyahısındadır. Bu səbəbdən tələbələrimiz xaricilərlə müqayisədə üstünlük əldə ediblər. Xüsusilə də bu, Türkiyəyə aiddir. Türkiyə bursları ölkə limitini tətbiq edəcək. Virusun çox olduğu ölkələrdən müraciət edənləri qəbul etməməyə çalışacaqlar. Bu da bizim tələbələrimiz üçün böyük bir üstünlükdür”.