Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 09:19:00
Ali təhsildə hibrid yanaşma

Böyük Britaniya universitetləri yeni tədris ilinə necə hazırlaşır?

 

Böyük Britaniyada aparılan son rəy sorğusunun nəticələrinə görə, əksər ali təhsil müəssisələri yeni tədris ilinin erkən planlaşdırma mərhələlərində sosial məsafə tədbirlərinə əməl olunmaqla,  əyani və onlayn kursların birləşməsini təmin edəcəklər.

 

Belə ki, Britaniya  universitetləri  tələbələrin mümkün qədər təhsildən kənarda qalmaması   və onların bir il üçün möhlət almasının  qarşısını almaq cəhdi ilə payızda  qarışıq təlim modellərini tətbiq etməyi  planlaşdırır.

 

"Times Higher Education"  jurnalının araşdırması  göstərib ki, sorğuda iştirak etmış  ali məktəblərin əksəriyyəti  əyani və onlayn öyrənmənin sintezinin təklif olunmasına  ümid edir. Həmçinin ali məktəblər tərəfindən kampuslarda  və tələbələrin yaşadıqları binalarda  sosial məsafə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

 

Mançester, Bolton,  Edinburq, Nottingem, Trent  universitetləri artıq sentyabr ayından etibarən tədrisdə hibrid yanaşmanın təmini niyyətində olduqlarını elan ediblər. Kembric Universiteti isə növbəti tədris ili ərzində bütün mühazirələrin onlayn olacağını ,  lakin dərs məşğələlərinin sosial təcrid tədbirləri gözlənilməklə kiçik tədris qruplarının iştirakı ilə keçirilməsinin  istisna olunmadığını bildirib.

 

Varvik, Oksford,  Anglia Ruskin universitetləri ,  eləcə də Belfast Kral Universiteti də  yeni tədris ilindən həm əyani, həm də onlayn təhsil verməyi planlaşdırdıqlarını təsdiq ediblər.  Cardiff , Ekster,  Napira Edinburq universitetləri isə tədris planlarını başa vurduqlarını bildirməklə yanaşı, kampus ərazisində əyani və virtual təlimin qarışıq modelindən istifadəni  mümküm hesab ediblər.

 

Bununla belə, Vuster  Universiteti  COVİD-19 bağlı təhlükəsizliyin imkan verdiyi vaxta qədər öz təlimlərini  kampus ərazisində təşkil etmək niyyətində olduğunu açıqlayıb.

 

Sorğuya cəlb olunan ali təhsil müəssisələrinin əksəriyyəti tələbələrin kampusa qayıtmasına imkan vermək üçün hansı sosial təcrid tədbirlərinin tətbiq oluna biləcəyi məsələsinə baxılmasının erkən mərhələsindədir.  Bu həftə Bolton Universiteti ali məktəbin bütün giriş qapılarında  hava limanında olduğu kimi, keçid temperatur skanerlər quraşdırılacağını və yaxın gələcəkdə  üz maskalarından istifadənin məcburi tədbir kimi  tətbiq olunacağını  bildirib.

 

Britaniya Universitet və Kolleclər Birliyi ali məktəblər  tərəfindən verilən elanlar arasında ardıcıllığın olmamasından dolayı narahatlığını bildirir. Qurum universitetlər  tərəfindən qəbul edilmiş qərarların maliyyə cəhətdən əsaslandırılmasının vacibliyini önə çəkir. Ekster  Universitetinin vitse-kansleri Stiv Smit  ali məktəbdə  tədris ilinin başlanması  ilə bağlı "bir sıra potensial başlanğıc tarixləri"ni mümkün hesab edir.  Britaniyadan olan yuxarı kurs  tələbələri sentyabrda kampusa dönəcəklər;  beynəlxalq tələbələr və aspirantlar isə tədrisə daha sonra, mümkündür ki, yanvarda  başlayacaqlar.  Universitet, həmçinin müxtəlif qruplar və ya müxtəlif təlim proqramları üçün mərhələli başlanğıcları nəzərdən keçirir.

 

Stiv Smit  əlavə edib ki, Ekster Universitetinin müəllimləri, ehtimal ki, internetdə mühazirələr oxuyacaq, lakin laboratoriya dərslərini, seminarlarını və dərs məşğələlərini üz-üzə keçəcəklər.  Nəzərdə tutulan sosial təcrid tədbirlərinə universitetin kampus və yaşayış, eyni zamanda  tədris binalarına və kitabxanalara girişi icazə verilən insanların sayının məhdudlaşdırılması və  yaşayış məkanlarında kommunal obyektlərin bağlanması daxildir.

 

"Tələbələr qarşısında praktik kurslarda laboratoriya işlərini həftənin müxtəlif günlərində və ya ilin  müxtəlif həftələrində sosial distansiyanın tələblərinə riayət edilməklə yerinə yetirmək öhdəliyi qoyula  bilər. Bundan əlavə, bəzi tələbələr axşamlar laboratoriyalarda da işləməlidirlər",- deyə Stiv Smit əlavə edib.

 

Mançester Universitetinin tədris, təlim və tələbələr üzrə vitse-prezident Eypril  Makmahon bildirib ki, təmsil etdiyi ali məktəb payızdan  bütün mühazirələrin onlayn olacağına dair erkən qərarı  elan edib.  Söhbət mühazirələrin onlayn təşkili ilə yanaşı,  bir sıra kurs məşğələlərinin kiçik qrup halında keçirilməsindən gedir.  Mançester Universitetinin laboratoriya kursları üçün nəzərdə tutduğu ideyalardan  biri ondan ibarətdir ki, tələbələr  fərdi və məsafədən praktiki məşğələləri uzlaşdıra bilərlərmi? Çünki müəyyən müddətə sosial təcrid rejiminə əməl etmək üçün   tələbələr bir müddət  eyni kursda təhsil alan digər insanlarla  bir mənzildə yerləşdirilə və onlarla  kiçik qruplar təşkli etməklə məşğələlər də təşkil oluna  bilər.

 

www.timeshighereducation.com/news/uk-universities-favour-blended-learning-approach-2020-21

 

Oruc MUSTAFAYEV