Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 14:32:00
“Təhsil” Respublika Idman Mərkəzinin şahmatçısı Avropa çempionu adını qazandı

“Təhsil” Respublika Idman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı 14 yaşlı Gülsənəm Ağayeva rapid üzrə qızlar və oğlanlar arasında keçirilən onlayn Avropa çempionatında yüksək nəticə əldə edib.


AzEdu.az  xəbər verir ki, 53 ölkədən 1600-ə qədər şahmatçının iştirak etdiyi qitə çempionatının A qrupunda (reytinqi 1400-ə qədər olan şahmatçılar arasında) mübarizə aparan Gülsənəm Ağayeva 7,5 xalla qızlar arasında qalib olub. Şahmatçımız oğlanlar və qızlar arasında yarışın nəticəsinə görə isə ikinci yeri tutub.Bu nəticəyə əsasən Gülsənəm Ağayeva həmdə 2021-ci ildə İtaliyanın Olbia şəhərində keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb.


Qeyd edək ki, Gülsənəm Ağayeva bu il İranın Rəşt şəhərində keçirilmiş beynəlxalq turnirdə 14 yaşadək şahmatçı qızlar arasında qalib adını qazanıb. O, Ağcabədidə yeniyetmə şahmatçılar arasında keçirilmiş Azərbaycan birinciliyinin seçmə yarışlarında da uğurla çıxış edərək 14 yaşlı qızlar arasında birinci yeri tutub.Eyni zamanda “Təhsil” RİM-in blits üzrə builki onlayn respublika birinciliyində ikinci pillədə qərarlaşıb. Bundan başqa, o, 2018-ci ildə keçirilmiş respublika şahmat olimpiadasında 12 yaşadək qızlar arasında ikinci, 16 yaşadək qızlar arasında isə üçüncü yeri tutub.