https://www.zirve.edu.az/
22.05.2020 11:37
“Virtual məktəb”in uğurlu nəticələri ISESCO-da  
Çap et

Təhsil nazirlərinin virtual videokonfransında böhran və fövqəladə hallar dövründə təhsil sistemlərinin vəzifələri müzakirə olunub

Son aylarda dünyanın müxtəlif ölkələrində ağır fəsadlara yol açmış koronavirus pandemiyası  ümumtəhsil müəssisələri və universitetlərin  bağlanmasına, bununla da milyonlarla şagird və tələbənin təhsildən kənarda qalmasına  səbəb olub.  Bu çətin durum milli təhsil sistemləri qarşısında tədrisin fasiləsizliyinin, təhsilalanların təhsil hüquqlarının təmin olunması sahəsində təxirəsalınmaz vəzifələr  qoyub. Pandemiya ölkələri  təhsil sistemlərinin texnoloji infrastrukturunun çevik modernləşməsinə və inkişafına yönəltmişdir.  Nəticədə ayrı-ayrı ölkələr məsafədən tədris texnologiyalarından istifadə etmək məcburiyyətində qalmışdır. Ölkələr pandemiyanın yaratdığı çətinliklərin təhsil sahəsinə təsirini necə aradan qaldırır?  Vəziyyətdən çıxış yolunu nədə görür və hansı texnologiyalardan istifadə edir? Bu sahədə işin təkmilləşdirilməsi üçün hansı təcrübələrdən istifadə edir?  Bütün bu suallara mayın 14-da  ISESCO-ya üzv dövlətlərin Təhsil nazirlərinin virtual videokonfransında cavab tapmaq olardı.

 

“Böhran və fövqəladə hallar qarşısında təhsil sistemləri (COVID-19)” devizi altında keçirilən konfransa  ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd Al-Malik, Azərbaycan, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Mərakeş və digər dövlətlərin Təhsil nazirləri, UNESCO-nun Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Ciannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar idarəsinin direktoru Andreas Şlayxer də qatılıb. Videokonfransın əsas mövzusu COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri və təhsil sisteminin mövcud reallığa uyğunlaşdırılması olub. 

 

Dünyanın 43 müsəlman ölkəsindən 38 Təhsil nazirinin, 5 təhsil naziri müavininin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı konfransın birinci sessiyası təhsil prosesinin təhlükəsiz davamlılığının təmin edilməsi üçün “Təhsil sistemlərinin inkişafında süni intellektin rolu” mövzusuna həsr olunub.  Bu mövzuda OECD-nin Təhsil və bacarıqlar idarəsinin direktoru Andreas Şlayxer çıxış edib. Konfransın ikinci sessiyasında bir neçə nazir öz ölkələrinin təcrübəsini və koronavirus böhranı zamanı qarşılaşdıqları problemləri diqqətə çatdırıblar.  Sessiyada məktəblərin bağlanması ilə əlaqədar olaraq dərinləşən təhsildən kənarda qalma probleminin həlli  üzrə təcrübə mübadiləsi aparılıb.

 

Üçüncü sessiyada əsas diqqət Dünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri nəzərə alınmaqla pandemiyanın uzun müddət davam edəcəyi təqdirdə məktəblərin fəaliyyətinin bərpasına hazırlıqla bağlı təcrid məhdudiyyətlərinin yumşaldılması, eləcə də beynəlxalq təşkilatlar tərəfindən verilmiş rəhbər çərçivə sənədləri əsasında məktəblərin yenidən daha təhlükəsiz açılmasına  hazırlanmasına yönəldilib.

 

Dördüncü sessiyada iştirakçılar böhranlara və fövqəladə vəziyyətlərə reaksiya vermək və pandemiyaya qarşı mübarizədə İslam dünyası ölkələrinə kömək etmək üçün ISESCO-nun yaratdığı “Əhatəli Humanitar Koalisiya”nı müzakirə ediblər. Konfransın gündəliyinə müvafiq olaraq dördüncü sessiyada çıxış edən Azərbaycan və Seneqalın Təhsil nazirləri koalisiya, onun məqsədləri və nailiyyətləri haqqında mühüm məlumatlar veriblər.

 

Pandemiya dövründə məsafədən tədris çevik tətbiq olundu

 

Videokonfransda iştirak edən Təhsil naziri Ceyhun Bayramov çıxışında pandemiya dövründə ölkəmizdə təhsil hüququnun fasiləsiz təmin edilməsi məqsədilə atılmış addımlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, son illər Azərbaycanın təhsil sistemində həyata keçirilmiş məqsədyönlü islahatlar sayəsində məktəblərin müasir İKT vasitələrindən istifadə imkanları yaxşılaşdırılmış, məktəb şəbəkəsi tam elektronlaşdırılmış,  müəllim heyətinin, şagirdlərin rəqəmsal  bacarıqlarının inkişaf etdirilməsi təmin edilmişdir ki, bu faktorlar  pandemiya dövründə məsafədən tədrisin çevik tətbiqinə imkan vermişdir.

 

Nazir distant təhsilə keçidi təmin etmək üçün qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri haqqında bəhs edib, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edildiyini bildirib.

 

Təhsil naziri qeyd edib ki, Nazirlik tərəfindən atılan digər addımlar çərçivəsində 11 mart tarixindən etibarən teledərslərə start verilib. “Ölkənin 2 televiziya kanalında həftədə 5 dəfə olmaqla bütün siniflər üçün 10 fənni əhatə edən dərslər yayımlanmaqdadır. Teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az portalında sərbəst istifadə üçün yerləşdirilir”, - deyə Ceyhun Bayramov bildirib.

 

Konfrans zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan təxminən 22 min tələbənin təhsil haqqının Azərbaycan dövləti tərəfindən ödənilməsi xüsusi olaraq vurğulanıb.

 

Ceyhun Bayramov Təhsil Nazirliyinin ISESCO ilə təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ümumilikdə 40 təhsil qrantının ayrıldığını görüş iştirakçılarına xatırladıb.

 

Videokonfransın nəticəsi olaraq ISESCO tərəfindən “Əhatəli Humanitar Koalisiya”  təşəbbüsü irəli sürülüb və Azərbaycan tərəfi təşəbbüsə dəstəyini ifadə edib.

 

“Biz böhranla mübarizədə təcrübə qazandıq”

 

Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri, konfransın sədri  Həməd bin Məhəmməd əş-Şeyx iştirakçıları salamlayaraq ISESCO konfransının təşkilini yüksək qiymətləndirərək COVID -19 pandemiyası dövründə Təhsil nazirliklərinin üzərinə düşən məsuliyyətin  iki dəfə artdığını təsdiqləyib (www.icesco.org/en/?p=11219).

 

Nazir çıxışında deyib ki, “ biz bu sürprizin təsirindən çıxdıq və böhranla mübarizədə təcrübə qazandıq. Səudiyyə Ərəbistanı Krallığı uzun illər əvvəl uzaqdan təhsil xidmətləri göstərməyə başlayıb. Krallıq bu sistemi təkmilləşdirib və hazırda iEN  təhsil portalından birbaşa dərslər 20 kanal vasitəsilə yayımlanır. Biz, həmçinin Səudiyyə universitetlərinin müxtəlif sosial şəbəkə platformalarında və kanallarında təhsil məzmunlarına çıxış imkanı əldə etmişik. Bundan başqa, bu sistemlər böhrandan sonra da məktəblərdən kənarda qalma ilə bağlı problemlərin həlli üçün fəaliyyət göstərməkdə davam edəcək”.

 

Daha  sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif  bin Əhməd Əl-Osaymin rəhbərlik etdiyi təşkilat və onun müxtəlif qurumlarının koronavirusla  mübarizə çərçivəsində çoxsaylı təşəbbüslərlə çıxış etdiyini vurğulayıb və əlavə edib ki,  İƏT və onun orqanları ən çox ehtiyacı olan üzv dövlətlərə böyük diqqət yetirirlər. O,  üzv dövlətləri  COVID-19 şəraitində təhsil sahəsində uğurlu təcrübəni  daha az inkişaf etmiş ölkələrə çatdırmağa çağırıb. Baş katib vurğulayıb ki, üzv dövlətlərin səyləri və təhsil sahəsində COVID-19-un həllində uğurlu təcrübə mübadiləsi şagirdlərə və onların insani və peşə gələcəyinə, deməli, üzv dövlətlərin gələcəyinə birbaşa təsir göstərir. Baş katib təhsil prosesinin fasiləsizliyini təmin etmək üçün müasir texnologiyaların və süni intellektin tətbiqi ilə mümkün, səmərəli və sürətli həllərin tapılmasında bir çox üzv dövlətlərin uğurlarına baxmayaraq, bir sıra ölkələrin zəif texniki və insan resurslarından və qeyri-sabit iqtisadi şəraitdən əziyyət çəkdiyini  bildirib. Onun sözlərinə görə, bu cür vəziyyət mənfi nəticələrin artmasına gətirib çıxarır, bəzi uşaqlar  və gənclər təhsil almaq imkanından məhrum olur, həmçinin, xüsusilə də ən az inkişaf etmiş ölkələrdə məktəbdən  ayrılma göstəricilərinin artmasına yol açır. 

 

Baş katib təhsil və süni intellekt sahəsində qabaqcıl təcrübəyə malik üzv dövlətləri təhsilin fasiləsizliyini təmin etmək üçün daha az uğurlu ölkələrə dəstək və məsləhətlər verməyə çağırıb. Bu ümumi təhlükənin qarşısını almaq üçün məsuliyyət, kollektiv və ciddi fəaliyyət tələb etdiyini vurğulayaraq, məktəbə təhlükəsiz qayıdışın təmin olunması məqsədilə birgə səylərin vacibliyini diqqətə çatdırıb.

 

İslam İnkişaf Bankı Qrupunun prezidenti Bandar əl-Həcər bildirib ki, təhsilə sərmayə qoyuluşu və peşə hazırlığı bankın 45 il bundan əvvəl yaradıldığı andan diqqətini cəlb edib. O, bankın  ümumi dəyəri 5 milyard dollar olan 20  təhsil layihəsinin maliyyələşdirilməsində və təxminən 17000 təhsil qrantının verilməsində uğurlarını diqqətə çatdırıb.

 

YUNESKO-nun Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini bildirib ki, dünyanın müxtəlif ölkələri arasında böyük texniki boşluğu üzə çıxaran bu böhrana uyğunlaşmağa təcili ehtiyac var və əlavə edib ki, bütün dünyada təxminən 100 milyon tələbə hazırda onlayn kommunikasiya texnologiyalarının olmaması səbəbindən təhsilini davam etdirmək imkanından məhrumdur ki, bu da məktəblərdə təhsilin əhəmiyyətini göstərir.

 

İranın təhsil naziri Möhsün Həcc-Mirzəei bildirib ki, ölkəsi müsəlman dövlətləri ilə texniki təcrübə mübadiləsi aparmağa və distant təhsil sahəsində bilikləri təqdim etməyə  hazırdır. “Koronavirusun yayılmasından sonra İran təlimin dayandırılmasının qarşısını almaq cəhdi ilə ən əlverişli kütləvi informasiya vasitəsi kimi televiziyadan təhsil proqramlarınım canlı yayımına başladı”, - deyə o bildirib. Nazir əlavə edib ki,  “bu addıma paralel olaraq biz qarşılıqlı fəaliyyət platforması olan “Şad” adlı milli təhsil platformasının yaradılması üçün zəruri infrastruktur yaratmışıq və o, hazırda ölkəmizdə ən böyük təhsil proqramı olan pulsuz xidmət göstərir”.

 

“Təhsil sistemlərinin bərpası gələcək problemlərin həlli üçün zəruri qərardır”

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim Al-Malik  infrastrukturun modernləşdirilməsi, tədris proqramlarının yenilənməsi və müasir texnologiyalardan istifadə etməklə gələcək problemləri həll etmək, böhranlara və fövqəladə hallara qarşı davamlı olmaq üçün təhsil sistemlərinin bərpa edilməsinə ehtiyac olduğunu bildirib.  Salim Al-Malik  konfransın təhsil sisteminin pandemiyadan ciddi zərər çəkdiyi, məktəblərin bağlandığı və təhsilin inkişafdan qaldığı bir vaxtda keçirildiyini diqqətə çatdırıb.

 

Baş direktor  qeyd edib ki, konfrans təcrübə mübadiləsi aparmaq və pandemiyanın mənfi nəticələrinin məhdudlaşdırılmasının ən effektiv yollarını öyrənmək imkanıdır. “Üzv dövlətlər bəzi ölkələrin uğurlu təcrübəsinə, o cümlədən davamlı inkişaf məqsədlərinə nail olmaq məqsədilə təhsil prosesinin uğurlu davamlılığını təmin etmək üçün İKT və süni intellektə müraciətlərin qəbul edilməsinə, daha dəqiq desək, “inklüziv və ədalətli, keyfiyyətli təhsilin təmin edilməsinə və ömürboyu təlim imkanının yaradılmasına yönəlmiş 4 Davamlı İnkişaf  Məqsədinə arxalana bilərlər”, - deyə Baş direktor  əlavə edib. Bundan başqa, Al-Maliki  təsdiq edib ki, ISESCO öz təcrübəsini tam və qeyd-şərtsiz üzv dövlətlərlə bölüşməyə hazırdır ki, böhrandan öncəki səviyyədə 30% təşkil edən məktəblərdən kənarda qalma probleminin effektiv həlli yolları axtarılsın. “Bu göstərici tədris prosesinin pozulmasına görə təhsilin keyfiyyətinə təhlükə yaradacaq dərəcədə kəskin şəkildə artacaq və  məsələ ağlabatan akademik yanaşma əsasında həll olunmalıdır”, -deyə o vurğulayıb.

 

Baş direktor pandemiya dövründə məktəblərin açılmasının yaradacağı potensial çətinliklərdən qaçınmaq üçün qabaqlayıcı vizyonun vacibliyini vurğulayıb və əlavə edib ki, bu  məsələ müvafiq tədbirlər və effektiv qərarlar vasitəsilə həll olunmalıdır. Bununla əlaqədar olaraq, Salim Al-Malik qeyd edib ki, ISESCO beynəlxalq təcrübəyə əsaslanaraq “Təhsil müəssisələrinin yenidən işə başlamasına hazırlığının artırılması üzrə rəhbərlik” hazırlayıb və sənəd  təhsil nazirlərinə göndərilib.

 

Digər tərəfdən, Salim Al-Malik standartlaşdırma üzrə ciddi addımlar atmağa və İslam dünyasında təbiət elmləri və riyaziyyat üzrə tədris proqramlarına əlavə diqqət yetirməyə çağırıb, çünki riyaziyyat və təbiət elmləri dünya təhsil arenasında beynəlxalq qiymətləndirmə və müsabiqələr vasitəsilə təhsil sistemlərinin keyfiyyəti üçün əsas istiqamət kimi həlledici rol oynayır.

 

Çıxışının sonunda Baş direktor pandemiyaya qarşı mübarizə məqsədilə həyata keçirilən səylərə dəstək üzrə ISESCO-nun irəli sürdüyü bir sıra təşəbbüsləri sadalayıb. Onlardan virusa qarşı  peyvəndin kəşfinə və ya müalicəsinə görə mükafatlandırmaq üçün”Koronavirusa qarşı mübarizə üçün ISESCO mükafatı”nın,   “ISESCO Digital Home”, “İstədiyimiz cəmiyyətlər”,  eləcə də pandemiyadan zərər çəkmiş üzv ölkələrə dəstək məqsədilə yaradılan “Əhatəli Humanitar Koalisiya” adlı böyük təşəbbüsləri  sadalamaq olar. Bu baxımdan, Salim Al-Malik  ölkələri və donorları bir çox dövlətlərin və aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi koalisiyaya qoşulmağa çağırıb.

 

Virtual konfransın yekun bəyannaməsinin təfərrüatları

 

Təhsil nazirlərinin növbədənkənar virtual konfransı vahid bəyannamənin qəbul olunması ilə öz işini başa çatdırıb.  ISESKO-nun Baş direktoru Salim Al-Malik tərəfindən oxunan Bəyənnaməyə əsasən işirakçılar 2030-cu ilə qədər BMT-nin IV Dayanıqlı İnkişaf Məqsədlərinə  (DİM) -  “İnklüziv və ədalətli, keyfiyyətli təhsilin təmin edilməsi və hamı üçün bütün ömürboyu təhsil imkanlarının genişləndirilməsi”nə yönəlmiş hədəflərə nail olmaq istiqamətində fəaliyyət göstərmək öhdəliklərini təsdiqləyiblər.

 

Konfransın yekun iclasında İslam dünyasının Təhsil nazirləri, regional və beynəlxalq təşkilatların rəhbərləri   İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda  konfransda iştirakına,  sədrliyinə və lazımi texniki dəstək vermək təşəbbüsünə görə təşəkkürlərini çatdırıblar.  Onlar həmçinin ictimai təhsil müəssisələrinin bağlanması ilə nəticələnən pandemiyanın başlanması səbəbiylə bu çətin şəraitdə konfransın təşkilinə görə ISESCO-ya və onun Baş direktoruna təşəkkür ediblər.

 

Konfrans iştirakçıları həmçinin təhsil hüququnun təmin edilməsi və insan ləyaqətinin, sosial ədalətin və təhsilalanlar arasında bərabərliyin qorunub saxlanmasını ehtiva edən ISESCO konsepsiyasına öz dəstəklərini təsdiq ediblər.  İştirakçılar  pandemiya  şəraitində təhsilin davamlılığının təmin edilməsi üçün üzv dövlətlərin səylərini yüksək qiymətləndiriblər.  Onlar həmçinin ISESCO-nu  üzv dövlətlər tərəfindən təhsil sektorunda pandemiyanın nəticələrinin, böhranların və fövqəladə halların qarşısının alınması üçün gələcək mexanizmlərin və tədbirlərin hərtərəfli araşdırılmasına dair tədqiqat  hazırlamağa çağırıblar.

 

Bəyannamədə üzv dövlətlərin bir-birini dəstəkləməsi, məsləhətləşmələr aparması, qarşılıqlı əlaqələrin və ünsiyyətin  fəallaşdırılması üçün mövcud  təcrübədən, maliyyə və insani resurslardan istifadənin zəruriliyi vurğulanıb  ki, hər bir uşaq xüsusilə böhran və fövqəladə hallar zamanı islam dünyasında təhsil hüququndan istifadə edə bilsin.

 

Bundan əlavə, iştirakçılar bu pandemiyanın yenidən baş qaldırması və ya məktəblərin müntəzəm açıldığı zaman yeni bir virus dalğasının ortaya çıxması təqdirdə təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə edilməli olan prosedurları və tədbirləri tənzimləmək üçün ISESCO tərəfindən hazırlanmış yeni rəhbərliyi dəstəkləyiblər. Həmçinin süni intellektin rolu və təhsil sistemlərinin inkişafında onun tətbiqləri və keyfiyyət, ədalət, bərabərlik və fövqəladə vəziyyətlərə və böhranlarda rolunun möhkəmləndirilməsinə dair məruzə razılıqla qarşılanıb.  Bu baxımdan, videokonfrans iştirakçıları bu ağıllı təhsil tətbiqetmələrinin faydalarından maksimum yararlanmaq üçün zəruri maliyyə və texniki mənbələrdən istifadə etmək öhdəliklərini bir daha təsdiq ediblər.

 

İştirakçılar bütün kateqoriyalardan olan tələbələr üçün təhsil resurslarına və açıq mənbə məlumatlarına çıxış imkanı verməyə hazır olduqlarını bildiriblər. Onlar bundan sonra da dövlət rəqəmsal təhsil  müəssisələrinin yaradılmasının milli qanunvericiliyin tələbləri ilə uyğunlaşdırılmasına, virtual təhsilin  islam dünyasında sinif təhsil sisteminə əlavə olaraq daxil edilməsinə çalışacaqlar. Nazirlər təhsilin keyfiyyətini və ədalət, inkluzivlik və bərabərlik prinsiplərini təhdid edən COVID -19 pandemiyasına görə İslam dünyasındakı orta məktəblərdən şagirdlərin kənarda qalması problemini həll etmək üçün uğurlu praktiki təşəbbüslərlə çıxış ediblər. Bundan əlavə, təhsil sistemlərinin nailiyyətləri və onların texniki və kadr ehtiyacları ilə ayaqlaşmaq zərurəti,  təhsil icmasının bütün elementləri üçün tədris təlimatlarının hazırlanması və məşğələlərin təşkili, təlim və reabilitasiya proqramları sahəsində siyasətin işlənib hazırlanması vasitəsilə potensialın artırılması üzərində işləmək ehtiyacı iştirakçılar tərəfindən təsdiqlənib. 

 

Bəyannamədə həmçinin üzv dövlətlərə gender bərabərliyinə əsaslanan yanaşmalara uyğun olaraq strategiya, fəaliyyət planları və təhsillə bağlı büdcələrin hazırlanmasına daha çox dəstək nümayiş etdirmək çağırışı da səsləndirilib.  Sənəd qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qətiyyətlə rədd edir və istisnasız olaraq bütün kateqoriyalara bərabər imkanlar yaradır və İslam dünyası ölkələrində riyaziyyat və təbiət elmlərini standartlaşdırır. Daha sonra iştirakçılar İSESCO-ya təhsil nazirlərinin qarşıdakı sessiyasında üzv dövlətlərdə səlahiyyətli orqanlara təqdim edilməsi üçün yuxarıda qeyd olunan beynəlxalq təşkilatlarla əməkdaşlıqla bağlı təkliflər irəli sürməyi təklif ediblər.

 

Konfrans iştirakçıları  üzv dövlətlər üçün COVID-19-un  nəticələrinin aradan qaldırılması üçün ISESCO tərəfindən yaradılmış “Hərtərəfli Humanitar Koalisiya”ya dəstək verdiklərini bir daha təsdiqləyiblər. Onlar ölkələri, hökumət və qeyri-hökumət təşkilatlarını, donorları və özəl sektoru koalisiyanın fəaliyyətini və təşəbbüslərini dəstəkləmək yolu ilə onun uğurlu  fəaliyyətini təmin etməyə çağırıblar.

 

Həmçinin, mütamadi olaraq Təşkilatın büdcəsinə ödəmələrin davamlılığını və büdcədənkənar resursları təmin etməklə onun resurslarının sabitliyini təmin etmək öhdəliyi vurğulanıb. Bu, ISESCO-ya  Baş Konfransın, İcra Şurasının və nazirlər səviyyəsində ixtisaslaşdırılmış konfransların Nizamnaməsinə və qətnamələrinə və qərarlarına uyğun olaraq üzərinə qoyulmuş funksiyalarını tam şəkildə yerinə yetirməyə imkan verə bilər.

 

Konfransın sonunda ISESCO-nun Baş direktoru Salaim Al-Malik çıxış edərək nazirlərə və iştirakçılara minnətdarlığını bildirib və təşkilatın təhsil hüququnun qorunması üçün daha çox səy göstərməyə hazır olduğunu təsdiq edib.(Azərbaycan müəllimi)

 

Oruc MUSTAFAYEV