Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 16:15:00
MDU-nun rektoru: "Yeni tədris ili Azərbaycan hökumətinin təyin edəcəyi vaxtda başlayacaq" - MÜSAHİBƏ

Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçiy “Report”un Rusiya bürosuna verdiyi eksklüziv müsahibədə universitetin Bakı filialının fəaliyyəti, koronavirus pandemiyası dövründə məsafəli tədris, onlayn keçirilən imtahanlar, habelə koronavirusun Azərbaycan ilə Rusiya arasındakı əlaqələrə təsiri kimi məsələlərdən söhbət açıb.

 

- MDU-nun Bakı filialının fəaliyyətini necə dəyərləndirərdiniz? Koronavirus pandemiyası ilə bağlı filialın fəaliyyətində hansısa dəyişikliklər gözlənilirmi?

 

- Bu gün MDU-nun Bakı filialında bakalavr və magistr pillələrinə aid 20-dən artıq təhsil proqramı yerinə yetirilir. Həmin proqramlar üçün Bakıya Moskvadan professor-müəllim heyəti ezam olunub. Azərbaycanın bütün təhsil ocaqlarındakı kimi MDU filialında da tədris prosesi mart ayının 3-dən dayandırılıb. Moskva Universitetinin müəllimləri martın 10-dan təlim-tədrisi davam etməyə tam hazır vəziyyətdə ayın 9-dək Bakıda qalıb epidemioloji vəziyyətin düzəlməsini gözlədilər. Təəssüf ki, koronavirusun yayılması elə bir hal aldı ki, martın 9-u məhdudiyyətlərin son günü olmadı. Tədris prosesinin əyani şəkildə bərpa edilməyəcəyi qətiləşən kimi filialda olan bütün MDU müəllimləri ayın 10-da və 11-də Moskvaya qayıdaraq ezamiyyətlərini erkən başa vurmalı oldular. Mart ayının 17-dən MDU-nun bütün fakültələrində və xarici filiallarında məsafəli tədrisə başlamışıq. Hazırda dərslər onlayn rejimdə davam edir. Yay imtahan sessiyası, diplom işlərinin müdafiəsi, dövlət imtahanlar da məsafəli formatda keçiriləcək.

 

Xüsusi qeyd etmək istərdim ki, mövcud sanitariya epidemiologiya vəziyyətinə uyğun olaraq bu ilki qəbul kampaniyasını keçirmək üçün bütün hazırlıqları görmüşük. Bütün fakültələrdə və filiallarda da sənəd qəbulu, qəbul imtahanları onlayn rejimdə keçiriləcək. Yəni məktəb məzunları, filialımıza sənədlərini təqdim etmək niyyətində olan hər kəs qoy arxayın olsunlar ki, bütün dünyanı əhatə olan hazırkı çətin vəziyyətdə belə biz onları böyük məmnuniyyətlə qəbul etməyə hazırıq. Abituriyentlər filialın rəsmi saytında, habelə MDU Mərkəzi Qəbul Komissiyasının saytında yenilənən xəbərləri izləyə bilərlər. 2020/2021-ci tədris ili Azərbaycan hökumətinin təyin edəcəyi vaxtda başlayacaq.

 

- Koronavirusla bağlı mövcud vəziyyət ölkələrimiz arasındakı təhsil əlaqələrinə necə təsir etdi?

 

- COVID-19 pandemiyası XXI əsrin əlamətdar hadisələrindən biridir. Hazırkı nadir tarixi vəziyyət hamımızın birlik və həmrəyliyə hazır olmaq zərurətin ortaya qoyur. Təlim-tədrisə gəlincə, forma baxımdan dəyişiklik olsa da, mahiyyət etibarilə heç bir dəyişiklik yoxdur. Siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil sahələrində əlaqələrimizin isə daha da inkişaf edərək görünməmiş zirvələrə çatacağına şübhə etmirəm. Bunun üçün münbit zəmin var. Elə filialın məzunlarının müxtəlif sahələrdə çalışaraq qazandıqları bilikləri uğurla tətbiq etmələri buna bariz nümunədir. Rusiya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir və bundan sonra da Avrasiya məkanında inteqrasiya proseslərə daha çox diqqət yetirəcəkləri gözlənilir.

 

- Azərbaycanda mövcud epidemioloji vəziyyəti, hökumətin həyata keçirdiyi tədbirləri necə qiymətləndirirsiniz?

 

Respublika hökumətinin gördüyü tədbirlərin vaxtında və adekvat həyata keçirildiyi qənaətindəyəm. Fikrimcə Azərbaycan hökuməti koronavirusun yayılması nəticəsində yaranmış epidemioloji vəziyyətə çox ciddi yanaşmış, görülən tədbirlər bu epidemiyanın yayılmasını əngəllədi.

 

Moskva Universitetinin Bakı filialı 2008-ci ildə təsis edilib. Hazırda filialda 12 hazırlıq istiqaməti üzrə (7 bakalavr istiqaməti və 5 magistr istiqaməti) 500-dən artıq tələbə təhsil alır.