https://www.zirve.edu.az/
19.04.2020 10:30
"DİM builki  imtahan xərclərini azaltmalıdır"-TƏKLİF

“Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanları görə ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edilsə, bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar”.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər təhsil eksperti Elçin Əfəndi DİM-in abituriyentlər üçün yaratdığı imtiyazlardan danışarkən deyib.

 O,  imtahan xərclərinin başadüşülən olduğunu vurğulamaqla yanaşı,  yaranmış vəziyyəti nəzərə alaraq builki  ödənişin qismən azaldılmasının vacib olduğunu da diqqətə çatdırıb.

 

“Məlumdur ki, cari ilin məzunlarından  hər iki mərhələ üzrə imtahanda iştirak üçün 40 AZN, əvvəlki illərin məzunlarından isə 80 AZN tələb olunur. Dövlət İmtahan Mərkəzi tərəfindən  ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edilərsə, bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar. Düzdür, mən bu mövzuda DİM-i imtahanlar üçün təyin etdiyi ödəniş məsələsində anlayıram. Yəni imtahanların təşkili və keçirilməsi demək olar ki, 40 AZN-ə yaxın bir qiymətə başa gəlir. Amma indiki hal üçün bütün qurumlar və ya hər bir şəxs dövlət və dövlətçilik adına müəyyən addımlar atmalıdır.

Fikrimcə, ərizə qəbulu zamanı Dövlət İmtahan Mərkəzi Tarif Şurası ilə birgə bu barədə qərar qəbul edərək abituriyentlərin ödəniş məsləsini azalda bilər. Yəni sırf builki qəbul imtahanlarında bir imtahan üçün ödəniş 40 AZN deyil, 20 AZN olarsa,  bu, həm sosial həssas qrupa daxil olan əhali üçün, həm də digər vətəndaşlar üçün əlçatan olar”.

O, həmçinin DİM-in hazırda abituriyentlər üçün yaratdığı imtiyazları da qeyd edib.

 

“Dövlət İmtahan Mərkəzi abituriyentlərə keçirilməyən mövzulardan sual tapşırıqlarının imtahanda olmaması ilə bağlı məlumat verib. Bununla yanaşı, bütün abituriyentlərə onlayn sınaq imthanlarında iştirakı iyun ayının sonunadək pulsuz edib. Həmçinin mövzularla bağlı vizual dərslərin “Youtube” platformasından izlənilməsi üçün abituriyentlərə imkanlar yaradıb. Düşünürəm ki, bütün bunlar abituriyentlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tanınmış imtiyazlardır”.

 

“Hazırda  buraxılış və qəbul imtahanlarının keçirilməsi, ərizə qəbulu ilə bağlı qəti bir qərar yoxdur və tarixlər bəlli deyil. Amma bu proseslər bu il baş tutacaq”-deyə təhsil eksperti Elçin Əfəndi sözlərinə əlavə edib.