https://www.zirve.edu.az/
13.04.2020 17:58
Azərbaycanlı alimlər COST proqramı üzrə 4 yeni layihəyə qoşulub
Çap et

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) Azərbaycan alimlərinin beynəlxalq layihə və proqramlarda iştirakının artırılması məqsədilə təbliğat və məlumatlandırma istiqamətində əhəmiyyətli işlər görür.

 

 AzEdu.az  xəbər verir ki, bu istiqamətdə artıq uğurlu nəticələr əldə olunub. AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən MƏŞŞ üzvləri ilə birlikdə akademiyanın elmi müəssisələrində, o cümlədən respublikanın müxtəlif elm və təhsil qurumlarında silsilə məlumatlandırma seminarları təşkil edilib. Bundan başqa, “Horizon 2020” üzrə müxtəlif proqramlar, yeni çağırışlar, layihələrin hazırlanması və tərəfdaş təşkilatlarla əlaqələrin yaradılmasına dair ətraflı məlumatlar verilib. Bu istiqamətdə idarə tərəfindən Avropa Komissiyası (Aİ) ilə də sıx əməkdaşlıq həyata keçirilib, Aİ-nin müvafiq sahələri üzrə məsul nümayəndələrinin iştirakı ilə Azərbaycan alimləri üçün layihələrin hazırlanması və COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə genişmiqyaslı seminarlar təşkil edilib. Aparılan işlərin nəticəsi olaraq Azərbaycandan uğurlu layihələr təqdim edilib.

 

Qeyd edək ki, yaxın zamanlara qədər Azərbaycandan COST proqramı çərçivəsində yalnız bir layihə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının iştirakı ilə) həyata keçirilirdi. Lakin hazırda azərbaycanlı alimlər COST proqramı üzrə daha 4 yeni layihəyə qoşulub:

 

1.“Oksigen zondlama – meyvələrin keyfiyyətinin biologiyası və texnologiyası üçün yeni vasitə” layihəsində Azərbaycan tərəfindən əlaqələndirici biologiya üzrə elmlər doktoru Şahniyar Bayramov, iştirakçılar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarıdır. Layihədə COST-a üzv ölkə kimi 22 Avropa ölkəsi, Türkiyə, Birləşmiş Krallıq, İsrail və Moldova, yaxın qonşu ölkə kimi Azərbaycan, Tunis, İordaniya və Rusiya iştirak edir. Ümumi koordinator ölkə Fransadır.

 

  1. “Pseudomyxoma Peritonei üzrə Avropa Şəbəkəsi” layihəsində Azərbaycan tərəfindən əlaqələndirici AMEA-nın müxbir üzvü Nuru Bayramov, iştirakçılar Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasının əməkdaşlarıdır. Layihədə COST-a üzv ölkə kimi 18 Avropa ölkəsi, Türkiyə, Birləşmiş Krallıq və İsrail, beynəlxalq tərəfdaş kimi Pakistan, yaxın qonşu ölkə kimi Azərbaycan iştirak edir. Ümumi koordinator ölkə Norveçdir.

 

  1. “Kolorektal xərçəngin profilaktikası və stratifikasiyası üçün tətbiqi tədqiqatlar vasitəsilə biomarkerlərin müəyyən edilməsi” layihəsində Azərbaycan tərəfindən əlaqələndirici AMEA-nın müxbir üzvü Nuru Bayramov, iştirakçılar Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər və Səhiyyənin təşkili kafedralarının, həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarıdır. Layihədə COST-a üzv ölkə kimi 28 Avropa ölkəsi, Türkiyə, Birləşmiş Krallıq və İsrail, beynəlxalq tərəfdaş kimi ABŞ-ın Kaliforniya və Vaşinqton universitetləri; xüsusi təşkilat kimi Avropa Molekulyar Biologiya Laboratoriyası və Beynəlxalq Kanser Tədqiqat Agentliyi (ÜST), qonşu ölkə kimi Azərbaycan və Tunis iştirak edir. Ümumi koordinator ölkə İspaniyadır.

 

  1. “Bitkilərdə genom redaktəsi” layihəsində Azərbaycan tərəfindən əlaqələndirici biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, iştirakçılar AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarıdır. Layihə üzrə COST-a üzv ölkə kimi 32 Avropa ölkəsi, Türkiyə, Birləşmiş Krallıq, İsrail və Moldova, yaxın qonşu ölkə kimi Azərbaycan, Belarus, Tunis, Ukrayna, beynəlxalq tərəfdaş kimi Cənubi Afrika, Avstraliya, Kanada, Yeni Zelandiya, ABŞ, İran, Meksika və Peru, həmçinin 5 xüsusi təşkilat iştirak edir. Ümumi koordinator ölkə İsveçdir.

 

Qeyd edək ki, hazırda “Horizon 2020” çərçivəsində Mari-Sklodovska Kuri proqramı üzrə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri tərəfindən 3 layihə uğurla həyata keçirilir.