Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-20 09:04:49
“İnanılmaz Bacarıqlar Olmur” - Fotolar

Rusiyanı heyrətə gətirən 6 yaşlı Ruslanın atası deyir ki, hər bir bacarığın əsasında hər gün yerinə yetirilməli olan böyük iş durur

"Riyaziyyat mənim üçün çətin deyil, əksinə, riyazi məsələləri həll etmək asan gəlir. Hər gün riyaziyyatla məşğul oluram, bilmədiklərimi öyrənirəm. Riyazi tapşırıqların mahiyyətini dərk etmək çox asandır. Eyni zamanda informatika da maraqlıdır, onu da sevirəm. Şahmat da oynayıram, atam öyrədib” – bu sözlərin sahibi Qusar rayonunda yaşayan 6 yaşlı Ruslan Səfərovdur.

Riyaziyyatı sevən, gələcəkdə proqramçı olmaq istəyən bu balacanın, necə deyərlər, dilinə görə, dilçəyi də var. Arzu-istəklərinə uyğun hələ 6 yaşında bacarıq da ortaya qoyub. Səsi isə doğulduğu rayon, ölkə səviyyəsində deyil, qonşu ölkələrdən də gəlir. O, "Rusiya 1” kanalının "İnanılmaz insanlar” layihəsində öz bacarığı ilə nəinki həmvətənlərimizi, bütün Rusiyanı heyran qoydu. Qatıldığı layihədə münsiflər heyətini və tamaşaçıları riyazi bilikləri ilə təəccübləndirən R.Səfərov özünü "kalkulyator adam” adlandırır. Münsiflərin ona tapşırdığı kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm tipli bütün məsələləri həqiqətən də, hesablayıcı kimi verilişdə heç bir səhvə yol vermədən həll etdi.

"Fiziki cəhətdən Ruslan öz yaşıdları kimi normal inkişaf edib”

Yarışdan sonra Ruslan, onun nümayiş etdirdiyi istedadı diqqət mərkəzinə gəldi, mətbuatda yazılar getdi, sosial şəbəkələrdə müzakirə olundu. Çox adam bu uşağı qeyri-adi adam adlandırdı.

Coğrafiya müəllimi olan atası Fuad Səfərov bizimlə söhbətində bildirdi ki, istedad olması düzdür, amma bunu inanılmaz bacarıq adlandırmaq düzgün deyil: "Jurnalda oxumuşdum ki, uşağın tərbiyəsi və tədrisi ilə iki aylığından məşğul olmaq lazımdır. Biz də bu cür yanaşmanı tətbiq edərək evdə bütün əşyaların üzərinə onların adlarının baş hərfini yazmışdıq. İməklədikcə, istər-istəməz, rast gəldiyi hərfləri yadında saxlayırdı. Düzdür, gəzə bilmirdi, amma 6 aylığında bu üsulla artıq bütün hərfləri tanıyırdı. 2 yaşında artıq hecaları oxuyur, çap hərfləri yazmağı bacarırdı. Əvvəl yalnız saitləri, sonra da bütün hərfləri, hecaları öyrəndi. 3 yaşında söylədiyimiz hər bir sözü yazmağa başladı. Fiziki cəhətdən Ruslan öz yaşıdları kimi normal inkişaf edib. Deməzdim ki, vaxtından əvvəl ayaq açıb. Hətta öz fikrini çatdırmaqda bir az çətinlik çəkirdi. Zamanla o təkmilləşdi, daha sonra çətin misalların həllinə başladı. Onun ən böyük üstünlüyü hesablamanı çox sürətlə və dəqiq aparmasıdır. Düşünürəm ki, inanılmaz bacarıqlar olmur, hər bir bacarığın əsasında - uşağın bacarığından asılı olmayaraq - hər gün yerinə yetirilməli olan böyük bir iş durur”.

"İstedadı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır”

F.Səfərovun sözlərinə görə, uşaqda anadangəlmə olan istedadı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır, bu isə valideynin üzərinə düşür: "Hər bir uşağın zehni inkişafında valideynlərin rolu əvəzsizdir. Əlbəttə, uşağın anadangəlmə istedadı ola bilər. Valideynin əsas rolu həmin istedadı inkişaf etdirmək, uşağın maraq göstərdiyi sahədə inkişafı üçün yeni imkanlar yaratmaqdır. Uşağın bütün suallarını cavablandırmaq mütləqdir. Zamanın məhdudiyyətinə, işinizin çoxluğuna, iş qrafikinizin sıx və gərgin olmasına baxmayaraq, uşağınıza hər gün vaxt ayırmalısınız. Uşağı yalnız yedirib-yatırtmaq üçün sərf olunan vaxtı nəzərdə tutmuram”.

"Hər ay Ruslan ilə "milyonçu" oyununu keçirirəm”

Ruslanın atası bildirdi ki, çətinə qaçmağa ehtiyac yoxdur, uşaqları öyrətmə metodunun da rahat üsulları var: "Məsələn, hər gün uşağınıza ingilis dilində təkcə bir yeni söz öyrətsəniz, ilin sonunda bu mütəmadi işinizin nəticəsi 365 sözün öyrənilməsinə gəlib çıxacaq. Sizcə, 3-4 ilə uşağı yormadan, öz qiymətli vaxtınızı sərf etmədən xarici dilə yiyələnmək olmazmı? Bu yalnız dilin öyrənilməsində yox, hər bir fənnə erkən yiyələnmək üçün çox yararlı və rahat üsuldur. Uşağın inkişafı ilə bərabər özünüzün də biliklərinizin təzələnməsi və savadınızın artması zəmanətlidir.

Ay ərzində yiyələnmiş bilikləri yoxlayıb möhkəmləndirmək üçün şəxsən mən Ruslan ilə "milyonçu" oyununu keçirirəm. Həmin oyunda olduğu kimi, gur səslə Ruslanı salamlayıram və suallarımı cavablandırmağı təklifi edirəm. Hər düzgün cavaba görə virtual olaraq pul uduşu verilir. Suala yanlış cavab verilən kimi oyun bitir. Ruslan daha çox "pul" qazanmaq istəyindən dolayı, daha çox sualı düzgün cavablandırmaq üçün bu tip oyunlara çox ciddi yanaşır. Düşünürəm ki, uşağı bu cür yetişdirmək üçün hər bir sənət sahibinin imkanı və bacarığı var. Əsas odur ki, məqsədyönlü çalışılsın. Uşağa vaxt ayırmağa səthi bir iş kimi baxılmasın”.

"Riyaziyyatla yanaşı, digər fənlərə də maraq göstərir, amma...”

Adətən, texniki fənlərə maraq göstərənlər digər fənləri oxumağa o qədər də meyilli olmurlar. Ruslan hələ birinci sinifdədir, onun öyrəndiyi elə də çox fənn yoxdur, amma atası deyir ki, məktəbdə keçilən bütün dərslərə məsuliyyətlə yanaşır: "Riyaziyyatla yanaşı, digər fənlərə də maraq göstərir, amma yalnız proqram çərçivəsində. Dərsdən gələndən sonra ev tapşırıqlarını tez yerinə yetirib riyaziyyatla məşğul olmaq üçün çalışır. Eyni zamanda ingilis dilini öyrənir. Hazırda 5-6-cı sinif misallarını həll edir. Biz ona tək riyaziyyatla işin bitmədiyini, digər fənləri, kitabları oxumağının vacibliyini də izah edirik. Nağıl kitabını götürüb öz otağına gedir, amma otağa daxil olanda görürük ki, yenə riyaziyyatla məşğuldur”.

"İndi ən çox digər ölkələrlə maraqlanır”

Bəzən bir ailədən riyazi sahədə bacarıqlı adam çıxanda, fikir verib görürsən ki, özündən böyüklərdə də bu bacarıq olub. F.Səfərov deyir ki, onların ailəsində sırf riyaziyyatçı olmayıb: "Amma atam mühəndisdir, riyazi bilikləri çoxdur. O da uşaqla məşğul olur, onun da əməyi əvəzsizdir”.

Ruslanın kompyuterə marağı var, atası onu bu kimi müasir texnologiyalardan uzaq tutmadıqlarını bildirdi: "Həm kompyuterdə, həm də smartfonda oynamağa imkan veririk. Amma yaşı hələ az olduğu üçün biz ona bu cəhətdən vaxt limiti qoymuşuq. Müxtəlif oyunlar oynayır, onların bir çoxu sırf riyaziyyatla bağlıdır. Kompyuterdə "Excel” və "Pover point”də işləyə bilir”.

Atası onu da bildirdi ki, Ruslanın indi ən çox maraqlandığı istiqamət digər ölkələrlə bağlıdır: "İndi ən çox digər ölkələrlə maraqlanır, bu tipli suallar verir. Səyahət etmək istədiyini bildirir. Hətta deyir ki, proqramçı olmasam, xarici ölkələr haqqında verilişlər hazırlayacam”.

Aygün Asimqızı

{AG}Xeberler/Ruslan{/AG}