https://www.zirve.edu.az/
30.03.2020 15:41
Müəllimlər koronavirusla mübarizənin ön sırasındadır
Çap et

Beynəlxalq Hədəf Qrupu müəllimləri dəstəkləməyə çağırır


 AzEdu.az xəbər verir ki,YUNESKO –nun verdiyi məlumata görə, dünyanın 165 ölkəsində, təxminən 63 milyon müəllim   COVID-19 pandemiyasına görə məktəblərin bağlanması səbəbindən  əziyyət çəkir.  Bu müəllimlər  sayının artacağı proqnozlaşdırılan, təxminən 1.5 milyard tələbə üçün öyrənmənin davamını təmin etmək məqsədilə qabaqlayıcı tədbirlərin ön cərgəsindədir.  Onlar hər yerdə  məktəb rəhbərləri  ilə birlikdə  tez bir zamanda səfərbər olaraq rəqəmsal texnologiyalardan istifadə etməklə tələbələr üçün məsafədən keyfiyyətli öyrənməni təmin etmək üzrə  yeniliklər  tətbiq edirlər.  Müəllimlər,  həmçinin uşaqların təhlükəsizliyi  üçün  virusla bağlı  maarifləndirmədə də başlıca rol oynayırlar.

 

Bu görünməmiş situasiya müəllimləri, tələbələri və ailələri stress vəziyyətinə salıb. Bəzi hallarda, artıq virusa məruz qala biləcək müəllimlər  COVID-19 riskinin yayıldığı vəziyyətlərdə özləri narahatlıq hissinin  öhdəsindən gəlmək üçün çalışırlar.  Digərləri praktiki olaraq,  təlim və ya dəstək almadıqları metodların  köməyi ilə keyfiyyətli təlimin təmin edilməsi stressi ilə yaşayırlar. Bir çox ölkələrdə müqavilə üzrə işləyən müəllimlər,  əvəzedici müəllimlər və ya köməkçi təhsil işçiləri müqavilələrinin pozulması,  dolanışıqlarının çətinləşəcəyindən dolayı narahatdır.  
YUNESKO nəzdində yaradılmış Beynəlxalq Hədəf  Qrupu  (Teachers Task Force) böhran dövründə müəllimlərin müdafiəsi, dəstəklənməsi   üçün dünya ölkələrinə çağırış edib.  Çağırışda müəllimlər üçün liderlik, maliyyə və maddi qaynaqlar böhran dövründə  keyfiyyətli tədris və öyrənmənin məsafədən davam etdirilməsi, təhsilin tezliklə bərpa olunması  üçün zəruri hesab edilir.  

 

Hədəf qrupu hökumətlər, təhsil qurumları,  sponsorlar,  bütün  müvafiq dövlətlər və özəl  tərəfdaşlara müraciət edir:

 

 

  1. Məşğulluq və əmək haqlarının qorunması. Bu böhran standartların və normaların azaldılması və ya əmək hüquqlarının sıxışdırılması üçün bəhanə ola bilməz. Bütün müəllim və yardımçı heyətin əməkhaqqı və güzəştləri saxlanılmalıdır.
  2. Müəllim və şagirdlərin sağlamlığına, təhlükəsizliyinə və rifahına xüsusi diqqət yetirmək lazımdır;  müəllimlər  sosial-emosional dəstəyə ehtiyac duyurlar ki, böhran dövründə üzləşdikləri əlavə təzyiqlərə tab gətirə bilsinlər;  böhran zamanı öyrənə bilsinlər;  bu narahat vəziyyətlərdə təhsilalanlara dəstək olsunlar.
  3. Müəllimləri COVİD-19-a qarşı  təhsil tədbirlərinin işlənib hazırlanması işinə cəlb edin.  Məktəblər yenidən açıldığında müəllimlər bərpa mərhələsində əsas rol oynayacaqlar. Onlar təhsil siyasətinin formalaşması və planlaşdırılmasının bütün mərhələlərinə daxil edilməlidir.
  4. Adekvat peşəkar dəstək və təlimi təmin edin. Tədrisin davam etdirilməsinin təmin olunması  üçün müəllimlərin adekvat hazırlığının təmin edilməsinə az diqqət yetirilir. Müəllimlərin lazımi peşəkar dəstək alması üçün biz tez bir zamanda hərəkət etməliyik.
  5. Bərabərliyi təhsil sahəsində cavab tədbirlərinin mərkəzinə qoyun: ucqar ərazilərdə,  aztəminatlı və ya azlıqlı icmalarda işləyən müəllimlər  əlverişsiz vəziyyətdə olan uşaqların geridə qalmamasını təmin etmək üçün daha çox dəstəyə və çevikliyə ehtiyac duyacaq.
  6. Müəllimləri  cavab tədbirlərinə daxil edin:  Hədəf Qrupu maliyyə qurumlarını hökumətlərə təhsil sistemini, xüsusilə də müəllimlərin peşəkar inkişafını dəstəkləməyə kömək etməyə çağırır. Bu dəstək,  xüsusilə təlim keçmiş müəllim çatışmazlığı səbəbindən təhsil ehtiyaclarını qarşılamaqda çətinlik çəkən dünyanın bəzi ən yoxsul ölkələrində xüsusilə aktualdır.

 

Qeyd edək ki,  Beynəlxalq Hədəf  Qrupu  (Teachers Task Force)   90-dan çox dövlətin, 50-yə yaxın beynəlxalq və regional təşkilatın (BMT,  vətəndaş cəmiyyəti təşkilatları, təhsil qurumları və fondlar) qlobal şəbəkəsidir, müəllim və öyrənmə problemlərini təşviq etmək üçün çalışır .  BMT-nin 2030-cu il üzrə  4-cü Davamlı İnkişaf Məqsədinə  nail olmaq üçün ixtisaslı müəllimlərin təmin olunması  səylərini koordinasiya edən beynəlxalq bir ittifaqdır.

 

Qeyd edək ki, Katiblik Parisdə YUNESKO-nun mənzil-qərargahında yerləşir.(Azərbaycan  müəllimi)