https://www.zirve.edu.az/
29.03.2020 14:05
"Şagirdlərin elektron vasitələrdən istifadəsinə  diqqət artırılmalıdır"- Tövsiyə
Çap et

“Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar olaraq məktəblilərin gündəlik gigiyenik qaydalarında bəzi nüanslara diqqəti artırmalıyıq”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri  Bakı şəhər 26 nömrəli tam orta məktəbinin “Sağlam Təhsil” sinfinin müəllimi Aynur Abdullayeva deyib.

 

O, şagirdlərin gündəlik əməl etməli olduqları gigiyenik qaydaları vurğulayıb.

 

“Uşaq və yeniyetmələrin hər bir günü səhər 15 - 20 dəqiqəlik gimnastika ilə başlanmalıdır. Özünəxidmət qaydalarının ( xüsusən də əllərin yuyulması, dezinfeksiyası ) sayı artırılmalı, otaqların havası tez – tez, ən azı gündəlik üç dəfə olaraq dəyişdirilməlidir.  Vəziyyətlə əlaqədar olaraq qida maddələrinə olan ehtiyac enerjiyə olan təlabatdan çoxdur. Çünki uşaqlar idman zallarından, parklardan, təcrid olunublar. Bu baxımdan uşaqların qidalanmasına xüsusi önəm verilməli, maye, meyvə - tərəvəz, ağartı məhsulları üstünlük təşkil etməlidir”.

 

Müəllim uşaqların elektron vəsaitlərdən istifadəsində də diqqətli olmağı tövsiyə edib.

 

“Uşaqlar üçün televiziyaya, video oyunlara və kompüterə ayrılan vaxt dəqiq təyin edilməlidir. Çünki həddindən artıq oturaq həyat tərzi hipodinamiya fonunda bir çox xəstəliklərə başlanğıc verə bilər. Uşaqların evdə dərs saatlarına ayrılan zamanla, əyləncəli oyunlar ( şahmat, domino ) növbələşdirilməlidir. Bu , uşaqların həddindən artıq zehni yüklənmələrinin qarşısını alacaq, o cümlədən öyrəndiklərinin yaxşı mənimsənilməsinə müsbət təsir göstərəcək”.

 

“Unutmayaq, özümüz sağlam həyat tərzi sürürüksə, bunu uşaqlara öyrətmək daha asan olacaq”-  A.Abdullayeva sözlərinə əlavə edib.