https://www.zirve.edu.az/
22.03.2020 17:19
İdman Akademiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək
Çap et

Martın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Elmi Şuranın onlayn rejimdə iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, o cümlədən akademiyada tədrisin onlayn və oflayn rejimlərdə təşkili, tələbə və professor-müəllim heyətinin sağlamlığının qorunması məqsədilə nəzərdə tutulmuş işlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Elmi Şuranın qərarına müvafiq olaraq, ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Akademiyanın hesabından 50 min manat vəsait köçürüləcək.

Qeyd edək ki, 2020-ci il martın əvvəlindən ADBTİA COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra işlər görüb. İdman Akademiyasının bütün ərazisi, o cümlədən dərs otaqları, idman zalları, akt zalı, laboratoriya və sair yerlər dezinfeksiya edilib. Tələbələr, professor-müəllim və inzibati heyət arasında maarifləndirmə işləri aparılıb. Akademiyanın tələbələri və əməkdaşları üçün qaynar xətt istifadəyə verilib.

Əməkdaşların distant şəkildə çalışması üçün şərait yaradılıb. Tədrisi ingilis dilində aparılan magistratura proqramlarında onlayn dərslər təşkil edilib. Azərbaycan və rus dillərində tədrisi aparılan bakalavr və magistratura ixtisaslarında isə onlayn dərslərin təşkili istiqamətində müvafiq işlər aparılır.

Bədən Tərbiyəsi və İdman Akademiyanın Elmi Şurası Azərbaycan Prezidentinin yeni növ virusla mübarizədə atdığı ardıcıl addımları tam dəstəkləyir və bu mübarizədə hər bir vətəndaşı öz sosial məsuliyyətini dərk etməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırır.