https://www.zirve.edu.az/
12.03.2020 13:07
“Səfirlik bizə heç bir köməklik göstərmir” – İtaliyada “qırmızı zona”da qalan azərbaycanlı tələbə DANIŞDI
Çap et

Çinin Uhan şəhərində meydana gələn və minlərlə insanın ölümünə səbəb olan koronavirusa görə İtaliya artıq “qırmızı zona” elan edildi.

AzEdu.az xəbər verir ki, İtaliya hökumətinin qərarı ilə koronavirusa görə karantin tədbirləri bütün ölkə üzrə yayılıb. Vətəndaşlar küçəyə yalnız işlərinə getmək üçün çıxa bilirlər, tədris prosesi 3 aprelə kimi dayandırılıb.     

İtaliyanın Sapienza Universitetində təhsil alan azərbaycanlı tələbə Turanə Hüseyn yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb:

“Bildiyiniz kimi, İtaliya “qırmızı zona” elan edildi, burada yaşayan şagirdlərin çoxu ölkələrinə qayıtmaq istəyir, “Rynair” tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi, biz birinci kurs tələbələri olaraq gecikmiş təqaüdü gözləyərkən bu hadisə baş verdi, indi ailəmizin yanına qayıtmaq bizim üçün hər cəhətdən daha təhlükəsiz variant kimi görünür, karantin altında olan və ən son ölüm hallarına görə dünya üzrə Çini belə qabaqlamış bir ölkədə ilişib qalmış olmağımız bizdən çox yaxınlarımızı qorxudur. Xəstəliklə mübarizə adına heç bir tibbi yardım köməyi edilməyib”.

Turanə Hüseyn İtaliyada təhsil alan azərbaycanlı tələbələrin evakuasiyası ilə bağlı səfirliyə müraciət etdiyini qeyd edib:

“Mən bu gün səfirliyə İtaliyada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub-olmadığı soruşuldu. Elə bir sualdır ki, mən utanıb ehtiyac yoxdur demək məcburiyyətində qaldım.

Hər halda biz burada qanuni tələbəyik, sayımız nə qədər çox olsa da, bu, heç nəyi dəyişdirmir, köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki Çində yaşayan tələbələrə evakuasiya xidməti göstərildi, biz də eynisini tələb edirik. Təklifimə tezliklə müsbət bir bir cavab yazılmasını xahiş edirəm. Əgər hökumət tərəfindən bizim üçün uçuş təşkil edilsə, yüzlərlə insan yaranmış bu vəziyyətdən xilas olar”

O bildirib ki, koronavirusa görə iş yerləri bağlandığına görə maddi baxımdan çətin vəziyyətdədirlər:

“Məsələ tək virusda deyil, demək olar ki, komendant rejimi elan edilmiş bir ölkədə tələbə üçün yaşayışın necə ağır olduğunu təsəvvür etmək çətin deyil. Buradakı qiymətləri və aldığımız təqaüdü (çoxumuz hələ ala bilməmişik) nəzərə alsaq, “part-time” işlərdə çalışmadan dolanmağımız çətin məsələ idi. Yaranmış vəziyyətlə bağlı bütün hotel, restoran, kurs, bağça, muzey tipli yerlər bağlı olduğu üçün biz iş yerlerimizden də məhrum olduq və bu halda qərib bir ölkədə ev dustaqlığı yaşayırıq”