https://www.zirve.edu.az/
24.02.2020 10:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr KORONAVİRUSDAN danışdı- “Bütün dərslər onlayn şəkildə keçirilirdi”
Çap et

Çinin Uhan şəhərində yaranan ölümcül koronavirus epidemiyası gün keçdikcə öz əhatəsini daha da genişləndirir, artıq başqa ölkələrdə də koronavirusdan ölüm halları qeydə alınıb.

Maraqlıdır, görəsən, minlərlə insanın ölümünə səbəb olan bu dəhşətli virusla bağlı xarici ölkələrdə ab-hava necədir, virus əleyhinə hansı tədbirlər görülür?

Yaponiyanın Tokyo Xarici Araşdırmalar Universitetində təhsil alan azərbaycanlı tədqiqatçı Pərvin Rəhimli AzEdu.az-ın sualını belə cavablandırıb:

“Əslində təxminən 20 gün əvvələ qədər vəziyyət çox yaxşı idi, bütün Yaponiya üzrə cəmi 2 nəfər yoluxmuşdu və onlar da Çinin Uhan şəhərində işləyib Yaponiyaya qayıtmış insanlar idilər. Həmçinin ölüm halı da müşahidə olunmurdu, indi isə 80 yaşlı qadın xəstəlikdən dünyasını dəyişib.

Hardasa 15-20 gün əvvəl 400 nəfərin olduğu kruiz gəmisi Yaponiya sahillərinə yaxınlaşdı və gəmidə 2 nəfərin virusa yoluxmuş olma ehtimalı deyildi. Gəmini dərhal karantinə aldılar, gəminin içərisində olan hər kəs 14 gün, yəni virusun inkubasiya dövrü tamamlana qədər gözlədildi. Təbii ki, oksigenin az və ventilyasiyanın zəif olduğu bir şəraitdə gəmidə yoluxma əvvəl 15-i, sonra isə 40-ı keçdi, indi isə 269 nəfər koronavirusa yoluxub.

Təəssüf ki, ölkədə nə qədər inkar edib, panika yaratmaq istəməsələr də, virus artıq Yaponiyada lokalizasiya olunub.

Mağazalarda maskalar gəldiyi kimi də bitir. Hər addımbaşı dezinfeksiyaedici əlyuma gelləri qoyulub və əhali özünü maksimum səviyyədə qorumağa çalışır.

Buna baxmayaraq, hər kəs küçələrdədir, əhali normal gündəlik həyatına davam edir. Restoranlarda oturmağa boş yer tapmaq olmur, qatarlar ağzına kimi doludur, əhali “bu da gələr, bu da keçər” əhval-ruhiyyəsindədir”.

“Fransada artıq koronavirus yayılmağa başlayıb – 12 nəfər virusa yoluxub. Çünki digər Avropa ölkələri ilə müqayisədə burada hava limanlarında nəzarət olduqca zəifdir – tibbi nəzarət yoxdur” – bunu Fransanın Panteon-Sorbonne Universitetində təhsil alan həmyerlimiz Adela Naibova deyib:

“Hansı ölkədən gəlməyinə baxmayaraq, hətta Çindən belə gəlsən, ciddi şəkildə yoxlamırlar. Hava limanlarında tibbi nəzarətin tətbiq edilməsi təklifi deputatlar tərəfindən irəli sürülsə də, hələ  hökumət tərəfindən qəbul edilməyib.

Ancaq yenə də dövlət qurumları, universitetlər və iş yerlərində Çindən yenicə qayıdanlara  2 həftə boyunca evdən bayıra çıxmamaları, insanlarla ünsiyyətdə olmamaları və maska taxmaları ilə bağlı bəzi təlimatlar verilib.”

 

Roma Sapienza Universitetində hüquq üzrə magistr təhsili alan Kərim İsmayılov bildirib ki, İtaliyada da koronavirus təhlükəsi var:

“Artıq 2 nəfər koronavirus şübhəsi ilə karantinə alınıb. Virusla bağlı hava limanları xüsusi nəzarət altındadır. Aeroportlarda ölkəyə giriş edən xarici vətəndaşlarda virusun olub-olmamasını müəyyənləşdirmək üçün yoxlama aparatları quraşdırılıb.

Şəhər mərkəzlərində, mağazalarda metro və mərkəzi binalarda tibbi maskalardan geniş şəkildə istifadə olunur”.

 

San-Fransiskoda təhsil alan Arzu Məmmədova isə qeyd edib ki, koronavirusla bağlı ABŞ-da güclü nəzarət var:

“Mən başqa ölkədə idim. Yanvarın 24-ü Amerikaya geri qayıtdığımda 2 həftə dərsimiz olmadı, dərslər onlayn keçirilirdi. Bizə deyildi ki, nəinki çinli tələbələr, həmçinin böyük aeroportlarda səyahət etmiş tələbələr də dərsə gəlməsin, bütün dərslər onlayn şəkildə keçiriləcək.

Burada Asiyadan gələn bütün tələbələr maska ilə gəzirlər. Ümumiyyətlə, həmin 2 həftə ərzində insanlar böyük təlaş içində idilər. Hər kəs maska taxırdı. Universitetlər virusdan necə qorunmaq ilə bağlı dəfələrlə məktub yollayır, hətta əlyuma qaydalarını da tələbələrin diqqətinə çatdırırdı.

Hazırda isə koronavirus elə də gündəmdə deyil, hər kəs rahatlayıb, normal həyatına geri dönüb”.