https://www.zirve.edu.az/
17.02.2020 17:00
Məzahir Pənahovun tələbəsi: “Vərəqimə baxıb dedi ki, bu qız özünü itirib”
Çap et

“Hamı ona hörmət edirdi, cavan olmasına baxmayaraq yaşlı professorlar ona böyük sayğı ilə yanaşırdılar”.

Bu sözləri AzEdu.az-a açıqlamasında MSK sədri Məzahir Pənahovun tələbəsi və Göyərçin Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Gülnarə Vəlixanlı deyib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həm də BDU-nun  Fizika fakültəsinin professorudur. O, həmin fakültədə kafedra müdiri vəzifəsində çalışır. Bir çox elmi məqalə və tədqiqatları olan Məzahir Pənahov uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub.

Gülnarə xanım universitetdə ona dərs deyən Məzahir Pənahovla bağlı xatirələrini  AzEdu.az oxucuları ilə bölüşüb:

“Müəyyən səbəblərə görə ali məktəbə evdə hazırlaşmaq məcburiyyətində qaldım. Repetitor yanına getmədən  universitet imtahanında iştirak etdim.

1989-cu il olardı. Qəbul zamanı imtahan götürən şəxslərdən biri də Məzahir Pənahov oldu; o zaman cavan oğlan idi, Rəşad Hacıyevlə bərabər abituriyentlərdən şifahi imtahan götürürdü.

Məzahir müəllim mənim yadımda ən müsbət qəhrəman kimi qalıb. Onunla bağlı xatirələr heç zaman yadımdan çıxmır. Hər zaman deyirəm ki, fizika sahəsində olmağımı Məzahir müəllimə borcluyam. İmtahan prosesində mənə düşən  sual   olimpiadaya getdiyim zaman da qarşıma çıxmışdı. Həmin məsələni olimpiada zamanı həll edə bilməmişdim. Sonra  evə gələrək onu həll etməyə çalışdım. Həmin  sual mənə  imtahan zamanı da düşdü. Mən  o məsələnin şəklini çəkərək onu elmi şəkildə  izah etməyə çalışdım. Sonra isə sıra şifahi suallara gəldi. Rəşid müəllim vahiməli insan idi. Onu gördüyüm vaxt  özümü itirdim və danışmaqda çətinlik çəkdim. Məzahir müəllim vərəqimi əlinə aldı və ona  baxıb dedi ki, Rəşid  müəllim  bu qız özünü itirib  siz bir onun yazdığı məsələyə baxın. Həmin məsələni Məzahir müəllim o qədər təriflədi  ki,  əlavə sual verməyə ehtiyac olmadı və mən imtahandan keçdim.  Qəbul prosesində olan hadisələri  heç vaxt unuda bilmirəm. Bəlkə də, Məzahir müəllim imtahanda olmasaydı, mən qəbul ola bilməzdim. Çünki dilim topuq vururdu, fikirlərimi tam şəkildə ifadə edə bilmirdim. Məzahir müəllim isə məni tanımadan mənə dəstək oldu  və dedi ki,  çox savadlı qızdır, sadəcə özünü itirir. Çünki müəllim yanına getmədən hazırlaşmışdım. Rəşid müəllimin  sualları qarşısında isə  çox həyəcanlı idim.

Məzahir müəllimi dəhlizdə  görəndə dayanıb ona salam verib, sonra keçirdim. Çox ağır təbiətli insan idi. Universitetdə və müəllimlər arasında böyük hörməti var idi. Tələbələrin sevimli müəllimi idi və onlar üçün humanizm simvolu idi. Mən heç vaxt xatırlamıram ki, Məzahir müəllim kimisə imtahandan kəssin. Onun heç kimdən umacağı yox idi. Hamı ona hörmət edirdi. Cavan olmasına baxmayaraq yaşlı professorlar ona  hörmətlə yanaşırdılar. Tələbələr isə ona salam vermək üçün sanki sıraya düzülürdülər. İndi də istəyirəm ki,  onunla görüşüb keçmiş xatirələri yada salım. Onu televiziyada görəndə deyirəm ki, bu insan mənim müəllimim olub. Çox ağırtəbiətli, savadlı və ziyalı insan idi. Ona qulaq asmaq kifayət idi ki, çoxlu biliklər əldə edəsən.

Bizim qrupun  çox hissəsini imtahandan Məzahir müəllim keçirmişdi”.

Qeyd edək ki, Məzahir Pənahov 1977-ci ildə Bakı Dövlət Universitetində Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim, 1988-ci ildə isə dosent vəzifəsinə təyin olunub. 1979-cu ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1993-cü ildən professor elmi adını alıb.

1982-1983-cü illərdə Böyük Britaniyada olub, Mançester universitetində Təbiət elmləri və Texnologiya İnstitutunda (UMİST) tədqiqatlar aparıb. 1991-ci ildən Ümumi fizika kafedrasında dosent, 1996-cı ildən kafedra müdiridir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları