Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 09:00:00
 “Müəllimlərin sertifikasiyası yalnız buna xidmət edəcək” –Direktor müavini

 

 

“Təhsil haqqında”Azərbaycan Respublikası  Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər.

MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaqlar.

Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından Məntiq MİQ müsabiqəsindən də çıxarılıb.

Bəs, təhsil bilicilərinin sertifikasiya proqnozları nələrdir? Sertifikasiya tədrisin keyfiyyətinə nə kimi töhfələr verəcək?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov bildirib ki, sertifikasiyanın strategiyası tam aydınlaşmadığına görə, ilkin mərhələdə dəqiq fikir bildirmək mümkün deyil. Amma...

“Müəllimlərin sertifikasiyası tədrisin keyfiyyətinə müsbət təsir göstərən prosesdir. Yaxşı müəllimlərin müəyyənləşdirilərək stimullaşdırılması, dəyərləndirilməsi, layiqli müəllimlərin inkişafının qiymətləndirilməsi və s. nəzərdə tutulan əsas məsələlərdəndir. Sertifikasiya pedaqoji kadrların inkişafına xidmət edir. Onun prosedur məsələləri aydınlaşdıqca hər şey məlum olacaq. Fəlsəfəsi barədə sadəcə onu deyə bilərəm ki, çox yaxşı məramla aparılan, müəllimlərin inkişafına xidmət edən tədbirdir.

Düşünürəm ki, sertifikatlaşdırma diaqnostikanın davamı kimi olacaq. Diaqnostik işin aparılması müəllimin keyfiyyətlərini müəyyən edir. Amma sertifikasiya nəticəyə əsaslanıb”.

Sertifikasiyadan keçməyən müəllimlərin tədrisdən uzaqlaşdırılmasına gəlincə isə Ənvər müəllim belə cavab verib:

“Müəllim potensialını inkişaf etdirməyə, zəifləri müəyyən səviyyəyə çatdırmağa çalışmalıyıq. Bu missiya ilə fəaliyyətimiz daha məqsədəuyğun olar.

Dərs deyən direktorların sertifikasiyasına gəlincə isə fikrimcə, direktor məktəbi idarə edən adam, menecerdir. O ixtisas etibarilə müəllim olsa da, direktor vəzifəsinin səlahiyyətlərini icra edir. Məktəbin rəhbəri təyin olunursa, deməli həm də yaxşı müəllimdir. Savadlı olmayan müəllimi direktor qoymazlar”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları