Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 18:00:00
I sinfə qəbul qaydalarındakı dəyişiklərin sadə izahı –Əslində...

“Birinci sinif üzrə qəbul qaydalarının dəyişməsi şəffaflığın qorunması istiqamətində atılan addımdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında professor, pedaqoq Fərrux Rüstəmov səsləndirib.

O,  birinci sinifə şagird qəbulu qaydalarında dəyişiklik barəsindəki  fikirlərini bölüşüb:

“Yeni qəbul qaydalarına əsasən, birinci sinifə şagird  qəbulu  elektron şəkildə aparılacaq. Əslində hər şey olduğu kimi qalır, sadəcə, şəxslərin vətəndaşlıq kateqoriyalarını müəyyənləşdirmək mümkün olacaq. Təhsil Nazirliyi şagirdlərin hansının yerli, hansının xarici və hansının miqrant olduğunu bilmək istəyir. Bu nazirliyin yerləşdirmə işini daha asan şəkildə yerinə yetirilməsinə kömək edəcək.

Elektron yerləşdirmə şəffaflığın qorunması istiqamətində atılan addımdır. Bununla yanaşı istərdim ki,  birinci sinifə qədəm qoyan uşaqları öz əhatələrində olan məktəblərə yerləşdirsinlər. Elektron qaydada yerlərin çoxu tutulur və  şagirdlər yaxın ərazidə olan məktəblərə gedə bilmirlər. Düşünürəm ki, gələcəkdə bu halın qarşısının alınması üçün tədbirlər görüləcək. Şəxsiyyət vəsiqəsi ilə qəbul da məhz qeydiyyat ərazisinin dəqiqləşdirilməsinə böyük yardımçı olacaq. Bu qərarın həmin məqsədi təkmilləşdirmə xarakteri daşıdığını düşünürəm”.

Qeyd edək ki, bu ildən başlayaraq, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.  

Şükufə Süleymanlı
Müəllifin digər yazıları