Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 14:26:00
Erasmus+ EQAC layihəsi çərçivəsində pilot ixtisas üzrə təqdimat

“Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ EQAC layihəsinin əsas məqsədlərindən biri də tədrisin keyfiyyətinin yüksəldilməsi və Avropa standartlarına uyğunlaşdırılmasıdır.

AzEdu.az xəbər verir ki, Bakı Biznes Universitetinin koordinatorluğu və Mingəçevir Dövlət Universitetinin də tərəfdaş olduğu həmin layihənin planına uyğun olaraq müasir təlim nəticələrinin, metodlarının tətbiqini əhatə edən pilot layihənin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Bakı Biznes Universitetində Keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən keçirilən geniş məzmunlu təlimdə iştirak edib.

MDU-da Erasmus+EQAS layihəsi çərçivəsində pilot ixtisas üzrə təqdimat xarici dil kafedrasının baş müəllimi Əsmər Hacıyevanın təqdimatı ilə keçirilib. Ə.Hacıyeva tələbəyönümlü təhsil və təlim nəticələrinin müəyyən olunması mövzusunda öyrəndiklərini praktiki olaraq universitetin müəllimlərinə nümayiş etdirib. Eyni zamanda tələbəmərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu, geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılıb.

Sonra layihənin universitet üzrə meneceri Samirə Əhmədova və keyfiyyət təminatı üzrə mütəxəssis Lamiyə İbrahimova Vilnüsdə öyrəndikləri təlimləri universitetin əməkdaşları ilə bölüşüblər. Təlimdə “Fishbone diaqramı” haqqında geniş məlumat verilib. Qeyd olunub ki, “Fishbone diaqramı” mövcud problemlərə yanaşma, onların müəyyən olunması və həlli yollarının tapılmasında istifadə edilir.

Qeyd edək ki, təlimdə xarici dil kafedrasının müəllimləri ilə yanaşı, universitetin digər strukturlarında çalışan gənc kadrlar, pilot ixtisas üzrə təhsil alan tələbələr də iştirak ediblər.     

Daha sonra iştirakçılar qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər. Təlim sual- cavab sessiyası ilə davam etdirilib və faydalı müzakirələr aparılıb. (Azərbaycan müəllimi)