Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 15:15:00
İnformasiya Texnologiyaları İnstitutunda fraktal qrafikanın tətbiqi və inkişaf perspektivləri araşdırılır

Cari ildə fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri, qədim sənət nümunələrində fraktalların rolu, fraktal qrafikanın tətbiq sahələri ilə bağlı araşdırmalar aparılması nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutun 18 nömrəli şöbəsinin fəaliyyət planına dair keçirilən iclasda şöbə müdiri Anar Səmidov “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusu üzrə görüləcək işlərdən danışıb. Məruzəçi, həmçinin “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə tədqiqat aparılacağını deyib. Şöbədə 3D çap texnologiyalarının müasir istehsala təsiri və təhsildə tətbiqi məsələlərinin araşdırılacağını vurğulayıb.

A.Səmidov elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçiriləcək işlərdən söz açıb. Qeyd edib ki, şöbədə kompüter qrafikası və dizaynı, multimedia resursları, nəşriyyat və poliqrafiya xidməti üzrə müvafiq işlər görülməsi planlaşdırılır. Habelə şöbənin əməkdaşlarının məqalələrinin tanınmış elmi jurnallarda dərc olunması, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması nəzərdə tutulur.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim tədqiqatların daha da dərinləşdirilməsini, elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə edib və kadr potensialının artırılmasının vacibliyini vurğulayıb.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olunub.