https://www.zirve.edu.az/
05.02.2020 13:20
AMEA-da koronavirusla bağlı maarifləndirici tədbir keçirilib
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə Riyaziyyat və Mexanika İnstitutunda koronavirusla bağlı maarifləndirici tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq ölkə başçısının tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini söyləyib. Qeyd edib ki, AHİ-nin dəstəyi ilə bu sahədə xüsusi təcrübəyə malik sanitar epidemioloji stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə akademiyanın elmi müəssisə və təşkilatlarında maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Sonra Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Səbirə Məmmədova koronavirus və ondan qorunma yolları haqqında məlumat verib. Bildirib ki, ilk dəfə 1960-cı ildə heyvanlarda aşkarlanan xəstəlik növbəti illərdə insanlara da yoluxub və 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS), 2012-ci ildə isə Orta Şərq Respirator Sindromu (MARS) şəklində tələfatlara səbəb olub. O, koronavirusun Çinin Vuhan əyalətində üzə çıxan yeni növünün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-nCoV adlandırıldığını, zəif immunitet sistemi olan insanlara tez yoluxduğunu söyləyib. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən S.Məmmədova belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirib. Epidemoloq virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəminə toxunub.

Daha sonra tədbirdə koronavirusla bağlı alimlərin sualları cavablandırılıb.