https://www.zirve.edu.az/
05.02.2020 09:36
Sürücü və banka gedənlərə hava-su kimi lazımlı  tələbə ideyaları-Faydalı startaplar
Çap et

Startap  yeni yaranan texnologiya və   innovasiya ilə ahəngdə olan ideyalarla əlaqələnən məşğuliyyətdir.

Son dövrlər ölkəmizdə startap ekosisteminin formalaşması istiqamətində müəyyən addımlar atılıb. 2012-ci ildən başlayaraq bu sahədə bir sıra uğurlar da əldə edilib. Aparılan maarifçilik işlərindən sonra bu sahəyə maraq artıb, yeni milli startapların formalaşması davam edir, innovasiya mərkəzləri yaradılır və universitetlər üzrə müxtəlif müsabiqələr təşkil olunur.

UNEC-də həyata keçirilən Startap  Azərbaycan layihəsinin əsas məqsədi  İKT sektorunda investisiya mühitini genişləndirmək, internet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Təqdim edilən layihələr  real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. 

Layihələr elmi–tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr Startap Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.

Bu gün Azərbaycanın bir çox ali təhsil müəssisələrində də tələbə və müəllimlər bir-birindən faydalı startap layihələri ilə çıxış edirlər.  Bu sırada öndə duran universitetlərdən biri isə UNEC-dir. 

AzEdu.az təqdim edəcəyi yazıda UNEC- tələbə və məzunlarının  startap bacarıqlarından bəhs edəcək:

Fəqan Çələbizadə 4 startap layihəsinin müəllifidir.

Onun ilk layihəsi olan “Online sınaq” imtahana hazırlıq zamanı tələbələrin biliklərinin yoxlanılması xarakteri daşıyır:

“Tələbələr imtahan ərəfəsində “Online sınaq” platformasına daxil olaraq,  virtual şəkildə sınaq imtahanı verirlər. Bu da tələbələrin imtahan zamanı nə qədər bal toplaya biləcəyini əvvəlcədən müəyyən edir. Bu portal tələbələrin imtahana hazırlıq ərəfəsində müraciət edəcəyi ən unikal platformadır. Hazırda UNEC tələbələrinin 50 faizindən çoxu bu portaldan istifadə edir.

Portal yalnız test imtahanı üçün nəzərdə tutulub. Yazılı imtahan üçün olan formatımız isə yaxın zamanlarda istifadəyə veriləcək. Burada tələbələr virtual şəkildə yazacaq və onların nəticələri müəllimlər tərəfindən yoxlanılacaq”.

Müsahibimizin ikinci startap layihəsi “Online sürücülük kursu” adlanır. Bu layihənin miqyası bir qədər böyükdür: , yalnız UNEC tələbələri üçün deyil, bütün vətəndaşlar üçün nəzərdə tutulub.

“Saytımızın adı Sürücülük.net-dir. Bu saytda istənilən şəxs sürücülük vəsiqəsi almaq üçün heç bir kursa getmədən, əlavə kitab oxumadan hazırlaşa bilər. Bunun üçün həmin şəxsin yalnız 4 manat ödəməsi tələb olunur. Burada yol-hərəkət qaydalarının izahı ilə birlikdə, onların praktiki yanaşmaları da verilib. Saytımızda məlumatları mənimsəyən şəxs biliklərini yoxlamaq üçün test imtahanı da verə bilər.

Layihənin üstünlüyü ondan ibarətdir ki, sürücülük kursuna hazırlaşan şəxslər adətən kitabdan istifadə edirlər. Həmin kitabda isə qaydalar qanunvericiliyə uyğun şəkildə rəsmi dildə yazılır. Lakin bizim saytımızda  olan məlumatlar isə hamının anlaya biləcəyi dildə verilib. Burada informasiyalar insanların anlaya biləcəyi şəkildə təsvirlərlə göstərilib”.

Fəqan Çələbizadənin növbəti startap layihəsi isə “Flip Flop Azərbaycan” adlanır. Barəsində özü məlumat verir:

“Bu ideya kreativ və fərqli yanaşma axtaranlar üçündür. Burada müştərilərimiz bizə müxtəlif portretlər çəkməyi sifariş verirlər. Onlar bizə  əvvəlcədən şəkil  göndərirlər. Biz həmin portreti ağ fonda çəkib müştərilərə veririk. Onlarda həmin portreti istədikləri rəngdə boyayırlar.

Layihənin əsas məqsədi odur ki, heç bir rəssamlıq qabiliyyəti olmadan insanları şəkilləri  rəngləyə bilməyə alışdırmaqdır. Bu layihə də bütün vətəndaşlar üçün nəzərdə tutulub”.

Onun son startap layihəsi “Starmap” adlanır:

“Bu layihədə  də əsas yeri portret tutur. Burada müştərilərimiz bizə  onlar üçün vacib olan tarixləri qeyd edirlər. Biz də həmin gün ulduzların dəqiq yerləşməsini müəyyən edərək, onu  portretə çəkirik. Müştərilərin istədikləri sözləri də həmin portretə əlavə edirik. Bu layihənin mahiyəti ondan ibarətdir ki, ulduzlar hər an yer dəyişir. Bunun üçün də müştərilərimizin  vaxtı bizə dəqiq demələri çox vacibdir. Biz bu xəritələri dünya ulduz bazasından toplayırıq. Bu proyektimiz yeni tətbiq olunur və ölkəmiz üçün nəzərdə tutulub”.

UNEC məzunu Toğrul Mirzəyev insanların bankda uzun müddət gözləməsinin qarşısını almaq üçün startap layihəsi yaradıb:

“Layihənin məqsədi ondan ibarətdir ki, insanlar evlərində oturaraq,  istədikləri bankda və istədikləri saatda növbə əldə edə bilərlər. Bu layihə bank sistemlərini online şəkildə idarə edərək, insanların artıq vaxt itkisinin qarşısını almaq məqsədi güdür.

Bu layihəni yaradaraq banklara göndərdim. UNEC-də keçirilən startap layihələri üzrə müsabiqədə 3-cü yeri qazandım. Universitet bununla bağlı məni Türkiyəyə göndərdi. Mən orada bankçılığın əsasları ilə bağlı təlimlərdə iştirak etdim”.

Qeyd edək ki, Startap Azərbaycan yalnız yarışmadan ibarət deyil. Belə ki,  layihə çərçivəsində startapçılar üçün təlimlər  təşkil olunur, investorlarla görüşlər keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir.  İnternet biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları