Dünyanın bəzi yerlərində məktəbə getmək sadəcə çantanı götürüb yola çıxmaq deyil, hər sabah həyatını təhlükə ilə üz-üzə qoymaq deməkdir. Kolumbiyanın ucqar dağ kəndlərində yaşayan onlarla uşaq, hər gün təhsil ala bilmək üçün rezin çəkmələrini geyinib kilometrlərlə piyada yol qət edir, lakin ən dəhşətli sınaq yolun sonunda onları gözləyir. Onlar coşqun axan reqion çayının üzərindən keçmək üçün heç bir təhlükəsizlik kəməri olmadan, sadəcə bir metal trosa bərkidilmiş taxta parçasından yapışaraq 400 metr yüksəklikdə "uçmalı" olurlar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqotadan bir neçə saatlıq məsafədə yerləşən kəndlərdə uşaqlar məktəbə çatmaq üçün bu qorxulu üsuldan istifadə edirlər. Uşaqlar metal troslara bağlanmış qarmaqlara özlərini bərkidərək, saatda 50 kilometr sürətlə dərənin o tayına keçirlər. Kiçik yaşlı şagirdlər təkbaşına keçə bilmədikləri üçün böyük bacı-qardaşları onları çuvallara qoyub özləri ilə birlikdə trosdan asırlar. Bu tükürpədici mənzərə bölgə uşaqları üçün adi bir səhər rutininə çevrilib.
Əgər bu troslar olmasa, uşaqlar dağlıq meşələrin içi ilə düz 2 saat piyada yol getməli və dərslərinə gecikməlidirlər. Valideynlər hər səhər övladlarını bu troslara bağlayarkən ürəklərinin əsdiyini, lakin onların gələcəkdə bu yoxsulluqdan xilas olması üçün başqa çarələrinin olmadığını bildirirlər.
Sosial şəbəkələrdə və beynəlxalq sənədli filmlərdə geniş əks-səda doğuran bu uşaqlar qorxuya qalib gələn iradənin simvoludur. Çünki onlar bilirlər ki, o qorxulu trosun sonu uçuruma deyil, işıqlı bir gələcəyə açılan sinif otağına aparır.