https://www.zirve.edu.az/
04.02.2020 12:00
Müəllimlər sosial şəbəkələrdən necə yararlanırlar?- Maarifçilik, yoxsa, foto paylaşımlar?

 

 Sosial şəbəkələrə maraq gündən-günə artır. Həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsilə bir çox məsələlər ictimailəşdirilir. Kimisi adi bir paylaşım ilə məşhur olur, kimisi öz problemlərini həll edir və s.

Sosial şəbəkədən əsasən repetitorlar reklam kimi istifadə edir. Bu bəzən “şou” xarakteri daşıyır. Müəllimin sosial şəbəkədə mövqeyi necə olmalıdır? O öz fəaliyyətini necə işıqlandırmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Gəncə Dövlət Universitetinin (GDU) müəllimi, təhsil eksperti  Elnur Hacıyev sosial şəbəkədən düzgün istifadəni  XXI əsrin bacarıqlarından hesab edir:

“İlk növbədə bunu xatırladım ki, cəmiyyətdə baş verən bütün münasibətlər təhsillə, təhsil isə müəllimə bağlıdır. Təhsilin göstəricisi müəllimin göstəricisindən yüksək ola bilməz.  Bu prizmadan yanaşsaq, cəmiyyətdə baş verən problemlərin özəyi müəllimlərə qədər gəlib çıxır. Müəllim istər sosial şəbəkələrdə yazıları ilə, istərsə də real həyatda öz mövqeyi, duruşu, danışıq tərzi ilə  nümunəvi olmalıdır. Müəllim harda olmasından asılı olmayaraq cəmiyyətin aparıcı qüvvələrindən biridir və ya qüvvəsidir.  O söylədiklərinə, danışdığına, bildirdiyi münasibətə, o cümlədən sosial şəbəkədə də diqqətli olmalıdır. Sosial şəbəkədən düzgün istifadə XXI əsr bacarıqları siyahısındadır”.

Rayon, xüsusilə kənd məktəblərində işləyən elə istedadlı müəllimlər var ki, biz bəlkə də onları tanımırıq.  E. Hacıyev qeyd edir ki, həmin müəllimlərin fəaliyyətini cəmiyyətə təqdim etməkdən  daha çox, onlara sosial bacarıqların mahiyyəti haqqında məlumat vermək lazımdır:

“Bildiyiniz kimi, dövr müxtəlif bacarıqlar-özünütəqdimetmə, sosial şəbəkələrdən istifadə tələb edir. Bu təkcə kənd, rayon yerlərində yaşayan gənc müəllimlərə aid deyil.  Hesab edirəm ki,  bu, dünyada baş verən proseslərlə, yeniliklərlə birgə addımlayan hər kəsə aiddir.  Rayon, kənd müəllimləri fəaliyyətlərini təqdim etmələri üçün onlara  bu bacarıqların faydasını, prosesdən kənarda qalmamağın mahiyyətini öyrətmək lazımdır. Məncə bu, ayrı-ayrı müəllimin fəaliyyətini işıqlandırmaqdan daha faydalı olar. Çünki nə vaxta qədər hər hansı saytlar müəllimin fəaliyyətindən yazmalıdır? Onlar özləri də təqdim etməli, keçirdikləri tədbirləri cəmiyyətə çatdırmalıdırlar. Müəllimin fəaliyyəti yaxşıdırsa,  bu o deməkdir ki, onun pedaqoji qabiliyyəti, bacarığı və ustalığı var və yəqin ki, fənni də gözəl bilir.  Amma həmin müəllimin özünü təqdimetmə bacarığı, yaxud həvəsi zəifdir. Öz işlərini təqdim etməyi istəmir. Müəllimlik sosial bir peşə olduğu üçün sosial münasibətləri, cəmiyyətdə və təhsildə baş verən prosesləri işiqlandırmaq lazımdır.  Bu bir tərəfdən XXI əsr müəllimin işi  olur. Təbii ki, mən hesab edirəm ki, müəllimin işi praktik olaraq şagirdlərə nələrisə öyrətməkdir. Amma dövrün tələb və ehtiyaclarına uyğun hərəkət etmək də lazımdır”.

“Bəli, məhz görüntü, şəkil üçün paylaşımlar da var”

O, həmçinin qeyd edir ki, sosial şəbəkələrdə kənardan təmtaraqlı görünən, reallıqda belə olmayan paylaşımlar da az deyil:

“Mahiyyət etibarilə ortada bir şey olmasa da,  kənardan təmtəraqlı, bəzəkli görünmək üçün qısa videolar, fotolar çəkib paylaşırlar ki, yəni burda “nəsə baş verir, proses gedir”. Reallıqda isə belə deyil. Ümumiyyətlə, bir fikri demək istərdim. “Açıq dərslər” adlandırdığımızın təlimin iştirakçısı olsanız görəcəksiniz ki, dərs bir ssenari əsasında aparılır. Əvvəlcədən xüsusi bir ssenari hazırlanır və ona uyğun da dərs qurulur, video çəkilir. Bunu gündəlik dərsdən fərqləndirmək də çətin deyil.  Öyrənmə təbii bir prosesdir. Açıq dərslərdə öyrənmə prosesi getmir.  Sadəcə şagird və müəllim hər hansı bir ssenarinin parçası olur, hər kəsin “öz rolu”  var, suallar, onların cavabları əvvəlcədən hazırlanır. Qətiyyən burada improvizələr ( hər hansı bir situasiyada təbii alınan məsələ) yoxdur. Bu açıq dərslərdə ola bilməz, çünki  müəllim heç  imkan verməz. Açıq dərslər qətiyyən müəllimin yaxşı meyar göstəricisi deyil. Dərs belə olmalı deyil”-deyə E. Haciyev sözlərinə əlavə edib.