Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 14:16:00
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib. Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, nazir müavinləri və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak ediblər. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiyasiyasıının fəaliyyətinə dair videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən mühüm işlərdən danışıb. Təhsil naziri müəllim olmaq istəyənlərin sayının ilbəil artdığını xüsusi qeyd edib.

Nazir çıxışının sonunda gənc müəllimlərin hər birini 2 fevral –Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra AGMA loqosunun təqdimatı olub və qalib müəllif mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissə yekunlaşdıqdan sonra panel müzakirələr keçirilib.