Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 12:37:00
“Dünyagörmüş” robotlar “adam” da ola biləcəkmi? – İntellektin sünisi bizi məhvə apara bilər

Demək olar ki, hər gün süni intellektə aid xəbərlərlə qarşılaşırıq. Bu informasiyalar fantastik filmləri xatırladır. “Robot polis iş başında”, “Robot həkim ilk əməliyyatını keçirdi”, “Robot mühəndis yeni bir layihə üzərində işləyir”, “Robot bəstəkar Bethovenin onuncu simfoniyasını tamamlayacaq”, “Şagird xəsətləndikdə məktəbə robotunu göndərəcək” kimi başlıqlar insanı düşünməyə məcbur edir. Bəzənsə materiallarda əks olunan qorxulu robot şəkilləri  insanı təşvişə salır. 

Bəs robotlara qarşı  müdafiə hazırlıqları görməyin vaxtı gəlib çatıbmı?

AzEdu.az xəbər verir ki, bir neçə xarici mütəxəssis süni intellektin yaxın gələcəkdə sürətli şəkildə inkişaf edərək, insan köməyi olmadan çalışacağını bildirir. Belə qənaət formalaşıb ki, robotların bütün proseslərə bu qədər yansıması insanlığı ya məhvə aparacaq, ya da ölümsüzləşdirəcək. Bu fikir özlüyündə real təhlükədən xəbər verir.

Mütəxəssislər gələcəyin təhlükəsinə çevrilə biləcək robotların davranışına yeni qaydaların tətbiqini təklif edirlər. Bu qaydalarda ən başlıca amil insan təhlükəsizliyi olmalıdır.

Bununla bağlı TED.az-a fikirlərini bildirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Elviz İsmayılov süni intellektin müstəqil qərar qəbul etdiyi halda təhlükə obyektinə çevriləcəyini deyir: “Əgər gələcəkdə süni intellekt insanların təsdiqi olmadan tam müstəqil qərar qəbul etsə, bu, əlbəttə ki, real təhlükədir. Hazırda bu təhlükə mövcud deyil, amma gələcəkdə sərbəst qərar qəbul edən robot insanlara zərər verə bilər. Məsələn, süni intellektə insanı qorumaq həvalə olunur. Bəs insanı insandan qorumaq lazımdırsa? Məncə, bu fakt hər zaman insanı düşündürür. Yaxud da süni intellektə təbiəti qorumaq tapşırılır. Təbiətə bilmədən belə olsa, 5 yaşlı uşaq zərər versə necə? Süni intellekt qarşısında 5 yaşlı uşağı yox, təbiətin düşmənini görəcək və onu məhv edə bilər. Bəlkə də, süni intellekt 100% doğru qərar verə bilər. Amma onun doğru qərarı faciə ilə nəticələnəcək. Bir uşaq nəyəsə təhlükə yaratdıqda, mən onu öldürə bilmərəm. Amma o, robotdur, insani hissləri yoxdur və o, təhlükəni öldürəcək.

Bu sahə üzrə çalışan və dərin araşdırmalar aparan elm adamları isə daha nikbindirlər. Bəzi alimlər hesab edirlər ki, süni intellektli robotlar insandan yalnız ətsiz-qansız olması ilə fərqlənir. Məsələn, iddia olunur ki, təbiətə zərər verən canlıları lazer şüası ilə öldürmək üçün təlimatlandırılmış süni intellekt müsahibimin dediyi 5 yaşlı uşağı yereşəndən fərqləndirə biləcək. Maraqlıdır! Arqumentlər də güclüdür. Ola bilər, çünki nəticə etibarı ilə bu robotların intellekti var, necə deyərlər “dünyagörmüş adamlardı” – üzr istəyirəm, robotlardı. Amma onların “dünya görmüş” olması nədənsə insanı tamamilə rahatlaşdırmır. Səbəb bəllidir. Aqil Abbasın “Dolu” romanında “Drakon” ləqəbli Azərbaycan əsgəri kəşfiyyat zamanı erməni qızına rastlayır. Kəşfiyyat qrupunun digər “dünyagörmüş”ləri ermənilərə məlumat verəcəyini əsas gətirərək qızı öldürmək lazım olduğunu deyirlər. “Drakon” isə “mən arvad davası eləmirəm” deyərək buna imkan vermir.

Bizim tərəflərdə belə bir deyim var: “Alim olmaq asandır, adam olmaq çətin”. İndi bu robotların “adam” olacağı çox çətin görünür, bir o qədər də qəribə...(TED.az)