https://www.zirve.edu.az/
24.01.2020 11:51
Bu səbəbə görə 35 namizəd  imtahandan azad olunub-DİM 

2020-ci il yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçiriləcək.  35 namizəd xarici dil imtahanından azad olunub.

AzEdu.az xəbər verir ki,  DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri  Xanlar Xanlarzadə  bildirib ki, bu qərar Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə ötən ilin noyabrında imzalanan qərarına  əsasən verilib.  

“Həmin qərara görə, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.  2020-ci il yanvarın 13-dən 15-dək olan müddət ərzində DİM-ə 35 namizəd beynəlxalq dil sertifikatını təqdim edib”.

Sektor müdiri onu da bildirib ki, namizədlərin xarici dil imtahanı ərəfəsində öz bilik səviyyələrini yoxlamalarına imkan yaradılıb: “2020-ci il yanvarın 18-də doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilən elektron sınaq imtahanında namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazıblar. İmtahanda iştirak edən 307 namizəddən 139 nəfəri (45,3 faizi) yazı blokuna qoyulan 20 faiz minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə edib. Təəssüf ki, sınaq imtahanı iştirakçılarından 171 nəfəri (55,16 faizi) yazı bloku üzrə minimal tələbi ödəyə bilməyib və ya esseni ümumiyyətlə yazmayıblar. Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal (10 bal), 3 nəfəri 9.5 bal, 1 nəfəri isə 9 bal toplayıb. Ümumilikdə 67 nəfər (21,61 faiz) yazı bloku üzrə 50 faiz və ya daha yuxarı nəticə əldə edə bilib. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazıb, bəziləri mövzudan kənara çıxıb, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıb. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər”.

O həmçinin qeyd edib ki, sınaq imtahanının nəticələrinin heç bir hüquqi əhəmiyyət daşımadığını da bildirib.

“Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır”.

Qeyd edək ki,  imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Hər sual bir balla qiymətləndirilir və səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.