Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 12:01:00
Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Məlum olduğu kimi  müəllimlərin işə qəbul müsabiqəsində dəyişiklik edilib. Məntiq imtahan proqramından çıxarılıb.

Məntiqin proqramdan çıxarılmasının səbəbi isə MİQ müsabiqəsi ilə müəllimlərin sertifikatlaşdırılması  proqramı arasında bərabərlik yaratmaqdır. Belə ki, MİQ-də uğur qazanan namizədlər sertifikatlaşdırmadan azad olacaqlar.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində  nəzərdə tutulan dəyişikliyi belə izah edib: ““Təhsil haqqında” Qanuna əsasən müəllimlər beş ildən bir sertifikatlaşdırmadan keçəcəklər. İşə qəbul edilən müəllimlər işə başladığı ilk 5 il ərzində sertifikatlaşdırmaya cəlb edilməyəcəklər. Sertifikatlaşdırma imtahanlarında məntiqə aid test tapşırıqları olmadığı üçün müəllimlərin işə qəbulu qaydalarında da dəyişiklik edilib”.

Eşqi Bağırovun sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılması hazırda onların bilik və bacarığını, eyni zamanda peşə yararlılığını ölçən qiymətləndirmə mexanizmidir: “Sertifikatlaşdırma prosesində müəllimlərə məntiqə aid sualların qoyulması nəzərdə tutulmayıb. Müsabiqə proqramında yalnız müəllimin ixtisasına və peşəsinə uyğun suallar təqdim edilir. Sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə əsasən mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsində ilk dəfə işə qəbul edilən müəllimlər işə başladığı ilk  beş il ərzində serifikatlaşdırmadan keçməyəcəklər. Yəni, müəllimlərin işə qəbulu imtahanlarından keçənlər sertifikatlaşdırma prosesindən də keçmiş sayılırlar. Bu da proseslərin məzmununu eyniləşdirmək zərurəti yaradıb”.

Şöbə müdiri onu da əlavə edib ki, bu, müəllimlərin işə qəbulu müsabiqəsində həyata keçiriləcək yeganə dəyişiklik deyil: “Növbəti həftə ərzində digər dəyişikliklər barədə də ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, MİQ müsabiqəsinin test mərhələsində namizədlərə təqdim edilən ümumi sualların sayı əvvəlki kimi saxlanılır. 40 ixtisas, 20 metodika olmaqla, yenə də namizədlərə 60 sual təqdim olunacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları