https://www.zirve.edu.az/
17.01.2020 09:00
Azərbaycan Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan dili və ədəbiyyat, Xarici dillər və Sosial işin təşkili kafedralarının professor-müəllim heyəti iştirak edib.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sovet qoşunlarının  30 il əvvəl Azərbaycanda törətdiyi qanlı hadisələrin təkcə faciə olmadığı, həm də dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığı vurğulanıb.

Humanitar fənlər fakültəsinin müdiri Səfər Məmmədov, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, professorlar Qorxmaz Quliyev və Asif Hacıyev, dosentlər Fəzilə Zakirova və Fərhad Mədətov çıxış edərək, 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciəyə aparan yol və nəticələri haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, imperiyanın törətdiyi qanlı cinayətlər nəticəsində Azərbaycanın igid oğul və qızları şəhidlik zirvəsinə ucalıb. Onların arasında tələbələr də olub. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının özünün millət kimi yenidən təsdiqidir. Bu hadisə Sovet imperiyasına böyük zərbə vuraraq Azərbaycanın müstəqillik hərəkatını sürətləndirib.

Tədbirdə dövrün yerli mətbuat orqanlarının mövqeyinə də toxunulub və şəhidlərin dəfn mərasiminin xalq ilə imperiya ordusu arasında toqquşma olmadan təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, əvvəllər xoş günlərin, şadlıq məclislərinin bəzəyi olan 20 Yanvar faciəsinin simvolu olaraq matəm çiçəyinə çevrilib, tökülən qanlar qərənfil çiçəyi ilə rəmzləşib. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq şəhidlərin dəfn mərasimi onların xatirəsinə layiq təşkil olunub.

Tədbir iştirakçıları həm də qanlı hadisələrin şahidi olduqlarını bildirərək, xatirələrini bölüşüb, faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması üçün təhsil müəssisələrinin  üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

Dəyirmi masa Universitetin 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil olunub.