Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-04 14:19:00
Gəncədə Cavad xanın anım mərasimi keçirilib

Gəncədə Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub. 

AzEdu.az xəbər verir ki, Cavad xanın türbəsi önündə keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın  şücaətindən söz açılıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğu bildirilib. Qeyd olunub ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə, oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Xanın azadlıq mübarizəsi onu tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevirib. Tədbirdə Gəncə Dövlət Dram Teatrının kollektivi Cavad xana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib. 

 Çıxışlardan sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. (Apa)