Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 11:12:00
ABŞ-ın ən nüfuzlu, Prezident təqaüdünü qazanan Kamil – “Universitetə heç nə ödəmirəm” –MÜSAHİBƏ

 “ABŞ, İngiltərə, Kanada, Almaniyada  təhsil çox  yüksək səviyyədədir. Elə buna görə də  tələbələr çalışır ki, xaricdə təhsil alsınlar.  Çünki, xaricdə  oxuyub vətənə qayıdan  tələbələr daha  reputasiyalı hesab olunurlar”.

Bu sözləri AzEdu.az-a Amerika Birləşmiş Ştatlarında bakalavr səviyyəsində təhsil alan Kamil Məhərrəmov  deyir.

Kamilin öz dilindən təqdimatı: Mən Kamil Məhərrəmov 2002-ci ildə  Bakı şəhərində anadan olmuşam.  2008-ci ildə isə 160 nömrəli Klassik Gimnaziyada orta təhsilə başlayıb, orada  VIII sinfə qədər oxudum. Daha sonra isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsilimi davam etdirdim

Hazırda isə ABŞ-ın Nyu-York Dövlət Universitetində “Biomedical Sciences BS” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıram.

AzEdu.az Kamil Məhərrəmovla müsahibəni təqdim edir:

“Kamili ABŞ-a aparan  tibb təhsili”

-ABŞ-da təhsil almağın səbəbləri  çoxdur. Əvvala ABŞ-da tibb sahəsi üzrə təhsil çox güclüdür.  Ümumiyyətlə, dünyanın TOP universitetləri arasında ABŞ ali təhsil müəssisələri üstünlük  təşkil edir. Almaniya ilə müqayisədə ABŞ universitetlərində verilən tibb təhsili daha keyfiyyətlidir. Hazırda ABŞ-ın Nyu-York Dövlət Universitetinin Prezident təqaüdçüsüyəm. ABŞ-da tələbələrə verilən ən yüksək təqaüd Prezident təqaüdü hesab olunur.

Ümumiyyətlə, ABŞ-da tibb sahəsi üzrə təhsil almağının perspektivləri də çoxdur.   Onu da bildirim ki, basketbol idman növü ilə  məşğul oluram. Məlum olduğu kimi  ABŞ-ı  beynəlxalq yarışlarda əsasən basketbol idman növü təmsil edir. Elə buna görə də qərar verdim ki, Amerikada oxumaqla həm  basketbol, həm də  təhsil potensialımı daha da inkişaf etdirim.

“Qürbət ölkənin köməksevər insanları...”

-ABŞ-da yaşamaq mənim üçün çətin deyil. Bu ölkədə yaşayanlar problemi olan insanlara köməklik  göstərirlər. Ümumiyyətlə, ABŞ insanları köməksevərdirlər.  Elə buna görə də o mühitə adaptasiyam çətin olmadı.  Zaman keçdikcə amerikalıların düşüncəsini, məntiqini öyrənməyə başladım. Nəticədə isə amerikalılar kimi düşünürəm.

SAT imtahanında yüksək nəticə əldə etməyin sirləri...

 -SAT imtahanında yüksək nəticə əldə etmək üçün ilk növbədə qarşıya  məqsəd qoymaq lazımdır. Bundan əlavə hər hansı uğuru əldə etmək üçün istək də gərəkdir. Çünki  hər şey istəkdən başlayır. Əgər insanın istəyi yoxdursa o, hər hansı sahədə uğur əldə edə bilməz. Düşünürəm ki, istəkdən də əlavə çox çalışmaq, dərslərin zamanında oxumaq lazımdır.  SAT imtahanında yüksək nəticə əldə etmək üçün praktiki testlərdən çox istifadə etmək lazımdır.

Təhsil sistemində boşluqlar

-Azərbaycan təhsil sisteminin boşluqları haqqında çox danışa bilmərəm. Builki ali məktəblərə qəbul imtahanı göstərdi ki, kurikulum təlim proqramıyla oxumaq çox çətindir. Məsələn, keçən il ödənişsiz əsaslarda müalicə işi fakültəsinə qəbul olmaq üçün 661 bal tələb olunurdu. Amma bu il  həmin fakültəyə ödənişsiz əsaslarda qəbul olmaq üçün 561 bal toplamaq lazım idi. Yəni ali məktəblərə qəbul  prosesində keçid balları 100 bal salınmışdı.  Elə buna görə də düşünürəm ki, kurikulum təlim proqramıyla oxumaq çətindir.

 Kamilin  respublika və beynəlxalq fənn olimpiadakı uğurları...

-Fənn olimpiadalarında IV sinifdən etibarən iştirak edirdim. Onu da bildirim ki, VII sinfə qədər olimpiadalar məktəb daxilində keçirilir və IX sinfə qədər beynəlxalq olimpiadalar olmur.

IV sinifdə riyaziyyat fənni üzrə   məktəb səviyyəsində  olimpiadalara qatılaraq, III yeri əldə etmişdim.  V sinifdə isə ingilis dili və riyaziyyat fənni üzrə məktəb səviyyəsində olimpiadalarda iştirak etmişəm. VII sinifdə isə proqramlaşdırma və  riyaziyyat fənni üzrə  olimpiadalarda iştirak etdim.  Proqramlaşdırmada Bakı şəhəri üzrə I, riyaziyyat fənni üzrə isə  respublika səviyyəsində  IV yeri tutdum. VIII sinifdə isə fizika fənni üzrə respublika səviyyəsində  II yeri əldə etmişəm.  IX sinifdə isə beynəlxalq olimpiadalarda riyaziyyat fənni üzrə iştirak edərək,  yüksək nəticələr qazandım.

Kamil tibb sahəsi üzrə təhsil almaq  istəyənlərin xarici universitetləri seçməklərinin səbəblərini də açıqlayır:

- Dünyanın inkişaf etmiş ölkələrində xüsusilə ABŞ, Almaniya, Kanada, İngiltərədə təhsil çox  yüksək səviyyədədir. Həmçinin, TOP universitetlərin 90%-i  ABŞ, Almaniya, İngiltərə, Kanadaya məxsusdur.  

Elə buna görə də  tələbələr çalışır ki, xaricdə təhsil alsınlar.  Çünki, xaricdə  oxuyub vətənə qayıdan  tələbələr daha  reputasiyalı  hesab olunurlar. 

“Azərbaycanın tibb təhsili Nyu-York Dövlət Universitetində oxuyan tələbənin gözüylə...”

-Azərbaycan Tibb Universitetində təhsil almamışam.  Tələbələrin bəziləri Azərbaycandakı tibb təhsilini bəyənir, bəziləri isə yox..  Fikrimcə, müalicə işi üzrə oxumaq istəyənlərin xaricdə təhsil almaqları yaxşıdır. Çünki, Azərbaycanın Tibb Universiteti  dünyanın TOP universitetlərinin siyahısında heç ilk  minliyə də daxil deyil.  Elə buna görə  müalicə işi fakültəsi üzrə xaricdə oxumaq daha perspektivlidir.   

Nyu-York Dövlət Universitetinə  qəbul üçün tələblər..

-Hazırda Nyu-York Dövlət Universitetinə qəbul olmaq çox çətin deyil. ABŞ universitetlərindən təqaüd almaq əslində çox fərqlidir. Nyu-York Dövlət Universitetindən Prezident təqaüdü alıram. Amma Nyu-York Dövlət Universitetində tələbələrin çoxu təqaüd almır. Yəni illik təhsil haqqı ödəyirlər. Amma Nyu-York Dövlət Universitetinə qəbul olmaq üçün SAT balı 1200 civarında olmalıdır. Həmçinin IELTS  balı isə 6.5-dən yuxarı olması tələb olunur   

Yeri gəlmişkən, “Math Academy” yetirməsi

Qeyd edək ki, Kamilin az öncə, qeyd etdiyi SAT balının 1200 olması çox yüksək göstəricidir. ABŞ-da Prezident təqaüdünü qazanmasında da bunun böyük önəmi olub. O, SAT hazırlığını  “Math Academy”  mərkəzində keçib. Oradakı müəllimlərin hazırlıq prosesində tətbiq etdikləri maraqlı metodlar onun bu uğurunun əsas səbəbi olub.

Qeyd edək ki, MATH Academy” tədris mərkəzi  tək Azərbaycanda  deyil, Özbəkistan, İran, Türkiyə və bir çox ölkələrdə fərqli adlarla fəaliyyət göstərir. Əsas sloqanı “Study First Academy”-dir.

Mərkəzin fəaliyyəti fərqli ölkələrdə ortaq riyaziyyat tədrisi üzərində qurulub. Xidmətləri  təhsilə yönəlik istiqamətdədir. Əsas ağırlıq isə YÖS,ALES,İELTS və SAT hazırlığı üzrədir.

YÖS (Yabancı Öyrenci Sınavı) Türkiyədə bakalavr təhsili almaq üçün olan imtahandır.ALES akademik səviyyədə magistr təhsili almaq üçün həyata keçirilir. SAT isə həm Azərbaycan, həm də dünyanın başqa ölkələrində təhsil almaq üçündür. O bakalavr və magistra qəbul olunmaq üçün imkan yaradır.

 -Bəs Kamilin aldığı təqaüd xərclərini ödəməyə kifayət edirmi?   

-Xaricdə tələbələrə verilən təqaüdlərin təhsil, yataqxana, yeməkxana haqqı kimi növləri olur. Universitet tərəfindən verilən təqaüd yalnız təhsil haqqını qarşılaya bilər.  Ali təhsil müəssisələrindən verilən təqaüd isə 20%, 30% 100% olur. Universitet tərəfindən mənə verilən təqaüd isə 100%-dir. Yəni  mən təhsil haqqını ödəmirəm. Yalnız yeməkxana və yataqxana haqqını ödəyirəm.

Amerikada  bir tələbəni aylıq yaşayış xərcləri...

  -Amerikada yaşayan  insanların əcnəbilərə qarşı münasibəti çox yaxşıdır.  Onlar çalışırlar ki, problemi olan əcnəbilərə köməklik göstərsinlər.  Onu da bildirim ki, yataqxana və yeməkxana xərci  qarşılandıqdan sonra  tələbənin çox xərcləri olmur. Çünki yataqxana və yeməkxana xərcləri mütləq qarşılanmalıdır. Amma şəxsən özüm ayda 150-200 dollardan çox xərcləmirəm.

Kamilin monoloqu:

-Amerikada təhsil almaq istəyənlərə tövsiyəm odur ki, yalnız oxumağı qarşılarına hədəf qoysunlar. Həmçinin, keçirilən dərslərə də çox diqqət etsinlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları