https://www.zirve.edu.az/
24.12.2019 10:39
Peşə Təhsil Mərkəzində“Microsoft” məhsullarının səmərəliliyindən danışılıb
Çap et

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Microsoft Azerbaijan” şirkəti tərəfindən seminarlar keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, seminarlarda “Microsoft” şirkətinin təhsil fəaliyyətlərindən, təhsil sistemində istifadə olunan “Microsoft” məhsullarının səmərəliliyindən danışılıb. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə təhsili inkişaf etdirmək məqsədilə tədris metodlarının təkmilləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb, mərkəzin infrastrukturunun davamlı inkişaf etdirilməsi istiqamətində təkliflər dəyərləndirilib.

“Microsoft” şirkətinin təhsil həlləri üzrə mütəxəssisi Oliver Zofiç sürətlə inkişaf edən dünyada texnologiyanın üstünlüklərindən istifadə edərək, yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən danışıb. O, “Microsoft”un Azərbaycan üzrə milli planının əsas tərkib hissəsi olan təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, süni intellekt, həmçinin peşə təhsil imkanları barədə məlumat verib.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov “Microsoft”un Azərbaycan üzrə milli planının əsas komponentlərindən birinin təhsil müəssisələrində tədris fəaliyyətinin səmərəliliyini artırmaq və təhsil sistemini inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru mərkəzin geniş texniki imkanlarını nəzərə alaraq, “Microsoft” şirkətinin tədrisdə müxtəlif həllərini tətbiq etmək məqsədilə xüsusi texniki poliqonun yaradılması imkanının mövcudluğunu qeyd edib.

Tədbirin sonunda “Microsoft” şirkətinin nümayəndələri mərkəzin emalatxana və dərs otaqlarında mövcud texniki imkanlarla əyani tanış olublar.