https://www.zirve.edu.az/
14.12.2019 11:43
"Dərsə, tapşırıqlara heç bir aidiyyatı yoxdur"- Xarici dil müəllimlərindən narazılıq 
Çap et

Məlum olduğu kimi xarici dil üzrə  müəllimlərin və şagirdlərin çətinlik çəkdiyi əsas məsələ dinləmə materialları ilə bağlıdır. İngilis, rus dillləri üzrə Dövlət İmtahan  Mərkəzinin rəsmi saytında,  eləcə də digər əlavə mənbələrdə kifayət qədər dinləmə materialları olduğu  halda, alman, fransız, ərəb, fars dillərində baza “qıtlığı” var.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Ağstafa rayon Poylu kənd orta məktəbinin   alman dili müəllimi Aytən Nəsibova  dinləmə materialları tapmaqda çətinlik çəkdiyini bildirib.

“Doğrudur, dinləmə üzrə vacib olan  söz ehtiyatının olmasıdır. Sözləri bildikdən sonra şagirdlər  dinləyərkən  də başa düşə bilirlər. Buna görə də əvvəlcə mətnlər oxuduruq. Sonra isə  intertentdə oxşar materiallar tapıb şagirdlərə dinlədirik. Bir problem  var ki, dinləmə mətnlərini tapmaq olmur. DİM ingilis dili üzrə xeyli dinləmə mətnləri hazırlayıb saytda yerləşdirdiyi halda, alman dili üzrə  belə materiallar çox azdır.  Biz materialların çoxunu xarici səhifələrdən tapırıq.  Onların da təbii ki, dərsə, tapşırıqlara heç bir aiddiyyatı olmur. Amma bizim əlimizdə başqa materiallar olmadığı üçün buna məcburuq.  Onu da qeyd edim ki, şagirdlər  qrammatikanı asanlıqla mənimsədikləri halda, dinləmədə çətinlik çəkirlər. Bu prosesə uzun müddət vaxt ayırmaq lazımdır”.

Qazax rayon Daş Salahlı kənd orta məktəbinin fransız dili  müəllimi Allahverdiyeva Səma konkret dinləmə materiallarının hazırlanmasının vacibliyindən danışıb.

“Biri var şagird müəllimin aksentini öyrənsin, biri də var, o, əsl fransızın, yaxud bu dildə doğurdan da səlis danışan bir adamın danışığından düzgün tələffüzü mənimsəsin”

“Biz yuxarı siniflərdə Yaqub Axundovun fransız dili üzrə dinləmə materialları ilə birlikdə hazırlanmış dərsliyindən istifadə edirik. Bu kitabı  keçən il poçt vasitəsilə sifarişlə gətirdik, elə indi də istifadə edirik.  Bundan əlavə “Youtube” materiallarından da yararlanmağa çalışırıq. Fransız dilində təkcə dinləmə üzrə yox, test bazası baxımdan da ingilis, rus dilləri ilə müqayisədə  azlıq müşahidə olunur.  Bu baxımdan çətinlik çəkirik.  Çox vaxt yuxarı siniflərdə mətni  özümüz oxuyuruq , şagirdlər də dinləyib anladıqları qədər cavab verirlər. Bu nə qədər effektli alınır, bilmirəm”. 

O, qeyd edib ki, ötən il  dinləmə üzrə müəyyən çətinliklər olsa da, buraxılış imtahanları üzrə  ümumi nəticələr  qənaətbəxş olub.

“Keçən il istər IX, istərsə də XI siniflər  üzrə buraxılış imtahanlarında  şagirdlərimiz  pis nəticə göstərmədilər. Təbii ki, hər səviyyə üzrə-aşağı, yuxarı, orta bilikli şagird var. Amma ümumi götürsək, nəticəmiz yaxşı idi. Biz bu sistemə tam adaptasiya olmamışıq deyə hər hansı çətinliyin olması normaldır. Şagirdlərin özündən soruşsanız, dinləməni sevən birini tapa bilmərsiz. Açıq, qapalı tipli sualları yazmaq onlar üçün daha rahatdır, nəinki dinləmə tipli mətnlər üzrə verilən tapşırıqları. Amma hesab edirəm ki,   xarici dili dinləyərək öyrənmək  vacibdir “-deyə S. Allahverdiyeva sözlərinə əlavə edib.

AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin məsələyə münasibətini öyrənib. Bildirilib ki, DİM-in nəşrlərində verilən dinləmə mətnlərinin audiofaylları saytda yerləşdirilib. Həmin fayllara əlavələr olduqca bu haqda müəllimlərə və abituriyentlərə məlumat veriləcək.

Ayşə MÜSEYİB