https://www.zirve.edu.az/
12.12.2019 10:00
Nazirlər Kabineti magistr sayını necə müəyyənləşdirəcək? – Universitetlərdə narahatlıq
Çap et

Nazirlər Kabineti  “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

AzEdu.az xəbər verir ki, magistratura səviyyəsi üzrə plan yerlər  daha çox adətən humanitar yönümlü ixtisaslar üzrə ayrılır.

Müasir tələbləri ödəmək üçün hansı sahələr üzrə plan yerlər artırılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin(AzTU) magistratura və doktorantura  şöbəsinin müdiri Əli Tağıyev  texniki yönümlü sahələr üzrə plan yerlərin artırılmasının vacibliyindən danışıb:

“Müasir dövrün tələblərini ödəyəcək ixtisaslar, xüsusilə, informasiya texnologiya sahələri üzrə plan yerlər artırılmalıdır. Əsas diqqət bu istiqamətə yönəlsə, daha yaxşı olar. Əvvəl universitetdə bakalavr buraxılışının 20 faizi üzrə plan yerlər ayrılırdı.

Plan yerlər bu il cəmi 72 nəfər üçün nəzərdə tutulduğundan yüksək bal toplayan xeyli bakalavr kənarda qaldı. Bu sahələr üzrə plan yerlər artırılsa, daha çox tələbə qəbul olunar”.

“Mən də texniki sahə üzrə işləsəm, o sahəyə daha çox önəm verilməsini təklif edərdim”.

ADPU-nun magistratura və doktorantura şöbəsinin müdiri İbrahim Bayramov cəmiyyətə humanitar, texniki, təbiət elmləri üzrə ixtisaslaşmış kadrların lazım olduğunu vurğalayıb. O, bildirib ki, universitetlər daha çox hansı istiqamətdə fəaliyyət göstərirsə, həmin istiqamət üzrə plan yerlərinin çox olmasında maraqlıdır:

“Biz rəsmi qaydada plan yerlərini müəyyənləşdirib Təhsil Nazirliyinə təqdim edirdik və onlar da təsdiqləyirdi.  Plan yerlər növbəti ildən Nazirlər Kabineti tərəfindən ayrılacaq.

Humanitar yönümlü ixtisaslara, fikrimcə, daha çox yer ayrılmalıdır. Biz hər ixtisasın metodikası üzrə magistraturaya qəbul aparırıq. Plan yerləri də bakalavr məzunlarının 20 faizinə görə müəyyənləşdirirdik.  Filologiya, tarix fakültələri üzrə magistrantlar daha çoxdur. Çünki həmin ixtisaslar üzrə bakalavr da digərlərinə nisbvətdə üstünlük təşkil edirlər. 

Biz o biri ixtisalara yer çox ayırsaq da, qəbul az olur. Amma adıçəkilən ixtisaslar üzrə tələbat var.  “Təhsildə monitorinq və qiymətləndirmə”, “Menecment” ixtisasları üzrə bakalavr pilləsi olmasa da, həmin ixtisalar pedaqoji yönümlü olduğu üçün həmin məzunları da qəbul edirik. Təbiət elmlərindən kimya, fizika, biologiya müəllimliyi üzrə ildə 20-25, hətta 40 nəfər magistrant da qəbul etmişik. Təhsilin humanitar ixtisaları üzrə ixtisaslaşmaya ehtiyac var.  Ona görə də vacibliyini xüsusi olaraq qeyd edirəm”-deyə İ.Bayramov qeyd edib.

Ayşə MÜSEYİB