Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 12:38:00
Rusiyalı alimlər Dendrologiya İnstitutunda becərilən bitkilərlə maraqlanıblar

Rusiyanın Tambov Vilayətinin Miçurin adına Federal Elmi Mərkəzinin direktoru Mixail Akimov və Tambov Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksey Şabalkin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun direkroru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşüb.

Dendrologiya İnstitutundan AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda becərilən alma növləri və məhsuldar keyfiyyətli sortlarının seçilməsi və şimal bölgəsində introduksiyası və iqlimləşdirilməsi məsələləri müzakirə edilib.

Qonaqlar Dendrologiya İnstitutunun laboratoriyalarında müasir avadanlıqlardan istifadə etməklə aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Kolleksiya sahələrində dünya florasından olan bitkilər rusiyalı alimlərin diqqətini daha çox cəlb edib. Onlar müasir üslubda qurulmuş istixanalarda becərilən tropik və subtropik mənşəli bitkilərlə maraqlanıblar.

Sonda onlara “Azərbaycan dendroflorası”nın V cildliyi, “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilər” kitabları təqdim edilib. Həmçinin qida əhəmiyyətli bitkilərin introduksiyası və iqlimləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin birgə aparılması üçün müqavilə imzalanması nəzərdə tutulub.

Qonaqlar institutdan xoş təəssüratla ayrılıblar.