Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 16:00:00
Bu rayonda abituriyentlərin orta qəbul balı 100-dən aşağı olub – Acınacaqlı qəbul göstəriciləri  

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Zərdab rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 447 şagird bitirib, onların hamısı buraxılış imtahanında iştirak edib və 245 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 11.64%, 10.60%, 18.95%, 13.48% aşağıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 20.58%-i “2”, 40.27%-i “3”, 22.15%-i “4”, 17.00%-i “5”, riyaziyyat fənni üzrə 24.83%-i “2”, 30.87%-i “3”, 29.31%-i “4”, 14.99%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 32.66%-i “2”, 38.48%-i “3”, 16.11%-i “4”, 12.75%-i “5” qiyməti alıb.

Ümumilikdə, 447 nəfər attestat alıb. Attestat alanların 60.40%-i (270 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 60.40%-i (270 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə, attestat alanların 70.47%-i (315 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 153 məzunu (imtahanlarda iştirak edənlərin 48.57%-i) tələbə adını qazanıb.

Rayon məzunlarının 30 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universiteti və Mingəçevir Dövlət Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 248.992-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 9.1% aşağıdır.

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 51.16%-dir.

Qəbul imtahanlarında 28 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Y.Məmmədəliyev adına Bəyimli qəsəbə, C.Məmmədquluzadə adına Yuxarı Seyidlər kənd və M.Z.Hacıyev adına Bıçaqlı kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Rayonun Y.Məmmədəliyev adına Bəyimli qəsəbə tam orta məktəbinin qəbul imtahanlarında iştirak edən abituriyentlərinin sayı, məzunlarının sayının 10%-ni belə təşkil etmir.

M.Z.Hacıyev adına Bıçaqlı kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı şəhər, S.Ə.Şirvani adına İsaqbağı kənd və İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəblərini qeyd etmək olar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları