Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 14:18:00
Ümid ən sonda ölür, ölməyə qoymayın!  - Təhsil haqqı problemi

Tanınmış ziyalı, “525-ci qəzet”in baş redaktoru və Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid dünən ödənişli təhsil məsələsi ilə bağlı status yazmış və bu status geniş müzakirələrə, təqdirə səbəb olmuşdu…

Əksəriyyət onun mövqeyini bəyəndiyini bildirmiş, ödənişli təhsil məsələsindən əziyyət çəkən tələbələrə və onların valideynlərinə dəstək məqsədi ilə müxtəlif təşəbbüsdə, təkliflərdə bulunmuşdular…

Çoxları da ya ödənişli təhsilin ləğv olunmasını, ya da son dərəcədə sərfəli şərtlərlə təhsil kreditlərinin verilməsi məsələsinin həllini tapmasının vacibliyini vurğrulamışdılar…

Qeyd edim ki, mən özüm də – qeyri-təvazökarlıq kimi çıxmasın – illərdir bunu məsələdən yazıram, pozuram, az qala hayqırmaqdan da əldən düşmüşəm…Tək özümə görə, digər tələbələrə və onların valideynlərinə görə də…

İki övladım ali təhsil alır, ikisi də ödənişliyə düşüb…Birinci övladım özünün səhvi və bir qədər də tənbəlliyi üzündən ödənişliyə düşdü, onunla işim yox…

Amma ikinci övladım-təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, 18 yaşı olmasına baxmayaraq, az qala Azərbaycanda onu tanımayan yoxdur, öz  fitri rəssamlıq istedadı və bacarığı ilə hamını yaxşı mənada təəccübləndirir, heyrətə salır…1

15-25 yaşlı gənc rəssamlar arasında ilk beşlikdə, bəlkə də ilk yerdədir…

Ancaq çox təəssüflər olsun ki, ötən il qəsdən, bəli, qəsdən, qabiliyyət balları ( hansı ki texnikum-Əzim Əzimzadə adına Rəssamlıq Kolleci üzrə toplam ən yüksək balı toplamışdı) aşağı verildiyi…üçün övladım bu istedadı ilə ödənişliyə düşdü və bilənlər bilir ki, həmin vaxt ödənişi ödəməyə çətinlik çəkdiyimə görə, az qala ölümdən, beyin qansızmasından dönmüşdüm, günlərlə özümə gələ bilməmişdim…

xanım-res

xanım-res-1

xanım-res-2

xanım-res-3

Amma yaxşı, vicdanlı insanlar sağ olsunlar, məni də, qızımı da məyus olmağa qoymadılar, durumumuzu nəzərə aldılar, təhsil haqqını yarı-yarı, 5 ay ərzində birtəhər ödədim, dilimizdən kağız almışdılar onu da deyim…

Neçə illərdir çox dəyərli millət vəkillərimiz Vahid Əhmədovla Əli Məsimli də gözəl qanun layihəsi hazırlayıblar təhsil kreditləri ilə bağlı…

Amma özəl banklar burcutduğuna (ifadəmə görə üzrlər), iş adamları “naz-qoz” etdiklərinə görə, qanun layihəsindən səs çıxmır ki, çıxmır…

Hətta, parlamentin Elm və təhsil komitəsi, hörmətli İsa Həbibbəyli təhsil kreditləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı düşündüklərini bildirsə də, yenə məlum səbəblərdən, maliyyətutumlu olduğuna və iş adamları və bank sektoru dəstək vermədiyinə görə, sənədin hazırlanması və müzakirələrə çıxarılması baş tutmur…

Millət vəkillərinin əksəriyyəti ilə də şəxsən söhbət etmişəm, çoxundan (Ziyad müəllimdən, Eldəniz Səlimovdan, Tahir Rzayevdən, Kamilə Əliyevadan, Azər Badamovdan, Hadi müəllimdən, Qənirə xanımdan və digərlərindən) müsahibələr, çoxsaylı açıqlamalar almışam, hamısı da bu məsələni ikiəlii dəstəkləyiblər, təhsil kreditləri ilə bağlı məsələnin həll olunmasını vacib saydıqlarını bildiriblər, hətta, bəziləri bu məsələni parlamentdə, büdcə müzakirələrində də qaldırıblar…

Amma və lakin…2019-cu ilin dövlət büdcəsi müzakirə olunarkən (noyabr ayında)  maliyyə naziri Samir Şərifov həzrətləri şəxsən acıq verirmiş kimi belə demişdi: “Bu, elə də böyük vəsait tələb etmir…İlə təxminən 23 milyon manat düşür…Amma biz buna razı deyilik…İnsanlarımız bu kreditləri ödəməyəcəklər…”.

Bunu şəxsən mən də, digər parlament müxbiri həmkarlarım da yazdı…və gözləntilərimiz yenə xəyalqırıqlığı ilə nəticələndi…Hansı ki 23 milyon Azərbaycan büdcəsi üçün “semiçkapulu”du…

Amma Maliyyə Nazirliyi qol qoymadığı üçün bu məsələnin qanun layihəsiz də həlli baş tutmur…

Odur ki, Rəşad müəllim və digər tanınmışların bu məsələni gündəmə gətirməsindən sonra ümid etmək istəyirəm və istəyirik ki, heç olmasa, onların səsi eşidilər, bu məsələ öz həllini tapar, övladları ödənişli təhsil alan biz valideynlər də bir qədər rahatlaşarıq…

Məşhur bir məsəldə deyildiyi kimi, ümid ən sonda ölür…

İnşallah, dövlətimiz, parlamentimiz, Prezidentimiz və Birinci vitse-prezidentimiz ümidlərimizi ölməyə qoymaz!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri