Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 14:35:00
Ali məktəblərin turizm, pedaqoji ixtisaslarına plan yerlərinin sayı artırılıb, incəsənət üzrə isə azaldılıb

Bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul planında ən yüksək yer artımı turizm ixtisasları üzrə olub. Qəbul planında daha sonra yüksək yer artımı pedaqoji, kənd təsərrüfatı ixtisasları üzrə olub, incəsənət və mədəniyyət ixtisasları üzrə plan yerlərinin sayı isə azaldılıb.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Trend-ə bildirib ki, 2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı ötən ilə nisbətən 6.4%, dövlət sifarişi ilə qəbul planı isə ötən ilə nisbətən 66,1% artıb. Ümumilikdə dövlət sifarişli yerlərin sayı 8150 artaraq 20 474-ə çatıb. Tələbə qəbulu planının 84.7%-i dövlət, 15.3% isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85.3% və 14.4% olub.

Y.Piriyev əlavə edib ki, tələbə qəbulu planındakı artım əsasən "Təhsil", "Humanitar və sosial", "İqtisadiyyat və idarəetmə", "Təbiət", "Texniki və texnoloji", "Kənd təssərrüfatı" və "Səhiyyə, rifah və xidmət" ixtisas qruplarına daxil olan ixtisasları əhatə edir (bu ixtisasların əsas hissəsi DİM tərəfindən müəyyən olunmuş I, II, III və IV ixtisas qrupuna daxildir). Belə ki, ötən illə müqayisədə cari ildə qəbul planı "Təhsil" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8 %, "Humanitar və sosial" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,5 %, "İqtisadiyyat və idarəetmə" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 5,2%, "Təbiət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,1%, "Texniki və texnoloji" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 4,3%, "Kənd təssərrüfatı" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8,1%, "Səhiyyə, rifaf və xidmət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 21,9% artıb.

Nazirlik rəsmisi qeyd edib ki, dövlət sifarişi əsasında tələbə qəbulu planındakı əhəmiyyətli artım zamanı ilk növbədə ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri və əmək bazarının yeni tələbləri nəzərə alınıb. Bu artım bütün ixtisas qruplarını əhatə edib.

Onun sözlərinə görə, ötən illə müqayisədə cari ildə dövlət sifarişi əsasında tələbə qəbulu planı "Təhsil" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 46,8%, "Humanitar və sosial" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 82,7% , "İqtisadiyyat və idarəetmə" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 50,4%, "Təbiət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 93,4%, "Texniki və texnoloji" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 71,2%, "Kənd təssərrüfatı" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 63,6%, "Səhiyyə, rifaf və xidmət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 81%, "Tibb təhsili" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 58,8%, "Mədəniyyət və incəsənət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 78% artıb:

"Milli iqtisadiyyatın prioritet sahəsi olan aqrar sektorun çoxşaxəli inkişafını nəzərə alaraq, kənd təsərrüfatı sahəsi üçün bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar ("Şərabçılıq", "Bağçılıq və tərəvəzçilik", "Bitki mühafizəsi" və s.) üzrə ötən ildən başlanılmış kadr hazırlığı yenə də diqqət mərkəzində saxlanılıb. Xüsusi qeyd edilməlidir ki, "Kənd təssərrüfatı" ixtisas qrupuna daxil olan bütün ixtisaslar üzrə ("Meşəçilik" ixtisası istisna olmaqla) bakalavriat səviyyəsinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək. Bu göstərici magistratura səviyyəsi üçün 95% təşkil edir".

Y.Piriyev bildirib ki, ölkəmiz üçün prioritet olan və kadr hazırlığına ötən ildən başlanılmış "Loqistika və nəqliyyat texnoloqiyaları mühəndisliyi", "Şəhərsalma" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə qəbul planı əvvəlki illə müqayisədə 29,3%, dövlət sifarişi əsasında qəbul planı isə 77,3% artırılıb.

Y.Piriyev əlavə edib ki, xüsusi təyinatlı yerlərə qəbul 53,7 faiz artıb. Bu artım informasiya təhlükəsizliyi ixtisassının mülki ali məktəblərə verilməsi və bunun nəticəsində həmin ixtisaslara plan yerlərinin artırılması hesabına baş verib:

"Müasir dünyada idarəetmənin bütün səviyyələrində informasiya texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət kəsb etdiyindən və ölkədə bu sahədə ciddi kadr hazırlığına tələbat olduğundan "Təbiət", eləcə də "Texniki və texnoloji" ixtisas qrupuna daxil olan və ölkə üçün xüsusi əhəmiyyət kəsb edən informasiya texnologiyaları ixtisaslarına dövlət sifarişi əsasında qəbul planı ötən illə müqayisədə 2,3 dəfə artırılıb. Bu artım "Kompüter elmləri" ixtisası üzrə 1,9 dəfə, "Kompüter mühəndisliyi" ixtisası üzrə 2,4 dəfə, "İnformasiya texnologiyaları" ixtisası üzrə 2,6 dəfə, "Sistem mühəndisliyi" ixtisası üzrə 1,7 dəfə, "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə isə 3,9 dəfə olub".

Y.Piriyev deyib ki, ölkəmizdə turuzm sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısının təzahürü olaraq, bakalavriat səviyyəsi üzrə "Turizm və otelçilik" ixtisasına ötən illə müqayisədə qəbul planı 21,7%, dövlət sifarişi əsasında qəbul planı isə 62,9% artırılıb.

Nazirlik rəsmisi ötən tədris ili müqayisədə bu il tibb təhsili üzrə qəbul planı yerlərinin sayının artmadığını, mədəniyyət və incəsənət sahəsi üzrə yerlərin sayının 3,9 faiz azaldığını söyləyib.

2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı.