Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 14:12:36
Zibil qabında gizlədilən telefon, düyməyə keçirilən kamera – Abituriyentlərin biabırçı qayda pozuntuları  

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin təmin edilməsi, eləcə də imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısının alınması üçün imtahan binasının girişində xüsusi buraxılış rejimi tətbiq olunur.

Qəbul qaydalarına əsasən, iştirakçıların binaya mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirməsi və ya onlardan istifadə etməsi qadağandır.

Xəbərdarlıqlara baxmayaraq,bəzi abituriyentlər müxtəlif vasitələrə al ataraq qayda pozuntuları törətməkdə davam edirlər.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AzEdu.az-a imtahanlarda aşkarlanan ciddi və qeyri-adi qayda pozuntularından bir neçəsi təqdim edilib.

AzEdu.az həmin qayda pozuntularını diqqətə çatdırır:

2017-ci il aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ümumilikdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkar edilib və həmin abituriyentlər imtahana buraxılmayıb. 

29 apreldə imtahan keçiriləcək binalarda aparılan yoxlama zamanı müxtəlif yerlərdə əvvəlcədən gizlədilmiş mobil telefonlar tapılıb.

Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədilib. Öncədən həyata keçirilən tədbirlər nəticəsində imtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılıb.

Mobil telefonları su çənində gizlədən abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olub. Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olub. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina edib və onu yerə çırparaq sındırıb.

2018-ci ildə keçirilən qəbul imtahanlarındada ciddi qayda pozuntularına rast gəlinib.

İmtahanda iştirak etməli olan abituriyentlərin əvəzinə başqalarının iştirakına şərait yaradan şəxslər saxlanılıb. 

Faktla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslər rəsmi sənədləri saxtalaşdırmağa cəhd ediblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 178.2.3-cü (dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

2019-cu ilin fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən "üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb.

Qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.

Başqasının yerinə imtahana daxil olmaq kimi hallar digər illərdə də müşahidə olunan qayda pozuntuları sırasındadır.

Bu il keçirilən buraxılış imtahanlarında isə sual kitabçalarının imtahandan çıxarılması qadağan olduğu halda şagirdlər kitabçanın şəklini müxtəlif yollarla çəkərək sosial şəbəkələrdə yayıblar.

Həmin şagirdlərin aşkar olunması istiqamətində işlər davam etdirilir.

Bu il keçirilən ötən buraxılış imtahanlarında13 şagird imtahan zalından kənarlaşdırılıb, 3 nəfərdə isə telefon aşkarlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları