Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 19:18:01
Bu ölkədəki əcnəbi tələbələrin təxminən, üçdə biri azərbaycanlılardır

Bu gün Gürcüstanın dövlət və özəl institutlarında 10 mindən çox xarici ölkə vətəndaşı təhsil alır.

AzEDU.az xəbər verir ki, onların 3000-ə yaxını Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşlarının təqribən 500-ü dövlət, qalanı isə özəl ali məktəblərdə təhsil alırlar.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2017-2018-ci tədris ilində Azərbaycan vətəndaşların sayı 2691 nəfər olub. Lakin Gürcüstan Boloniya təhsil bəyannaməsinə (Avropa ali təhsil məkanı bəyannaməsi) qoşulduğu üçün xarici tələbələrin qəbulu yanvar ayında da həyata keçirilib və Azərbaycan vətəndaşlarının sayının artdığı istisna edilmir.

Gürcüstanın Elm, Təhsil və İdman Nazirliyi xarici ölkə vətəndaşlarının təhsilini və universitetlərin fəaliyyətini daim diqqətdə saxlayır.

2017-ci ilin sonlarında iki özəl universitetin (özəl tibb və özəl sosial ixtisas üzrə universitetlər) akkreditasiyası ləğv olunub. Təhsildən yayınan və imtahanlardan qeyri-kafi qiymətlər alan 200-ə yaxın xarici tələbənin statusu dayandırılıb. Onların sırasında Azərbaycan vətəndaşları da var.

İ.Cavaxişvili adına Tbilisi Dövlət, Tbilisi Texniki, Gürcüstan Tibb, Gürcüstan Pedaqoji və digər dövlət universitetlərində təhsil alan tələbələrlə bağlı ciddi problem yoxdur. Dövlət universitetlərində gürcü və tədris üçün tələb olunan digər dilləri bilməyən tələbələr üçün birillik hazırlıq kursları təşkil olunub. Onlar bu kursları bitirdikdən sonra universitetə qəbul olunurlar.

Hazırda nazirlik Tbilisi Açıq, Tbilisi Humanitar, Qafqaz Beynəlxalq universitetlərində və digər özəl ali təhsil müəssisələrində yoxlamaları davam etdirir. Təkcə 2018-ci ilin ilk iki ayında 100-dən çox tələbənin statusu ya müvəqqəti, ya da tam dayandırılıb. Buna səbəb tələbələrin imtahanlardan qeyri-kafi qiymət almaları və tədris dilini zəif bilmələri olub. Tbilisi Humanitar Universitetində tələbələr üçün pulsuz dil kursları təşkil olunub. Digər universitetlərdə də bu istiqamətdə iş aparılır.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanın ali məktəblərində on mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunların 4 mindən çoxu Hindistan vətəndaşlarıdır. 2017-2018-ci ildə Gürcüstan ali məktəblərinə qəbul olan xarici tələbələrin sayı 2016-2017-ci tədris ili ilə müqayisədə 2 min nəfər çoxdur.

Gürcüstandakı xarici tələbələrin 7 mindən çoxu tibbi və sosial, 2 mindən çoxu humanitar və incəsənət, qalanları isə tikinti və sənaye istehsalı sahələri üzrə təhsil alırlar.

2006-cı ildə Gürcüstan Boloniya təhsil sisteminə qoşulub. Xarici tələbələr də Gürcüstanda bakalavr, magistr və doktorantura dərəcələri üzrə gürcü, ingilis, rus, alman və fransız dillərində tibb, hüquq, iqtisadiyyat, biznes, filologiya və digər istiqamətlər üzrə təhsil ala bilərlər. (AZƏRTAC)