Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 10:39:00
Hansı beynəlxalq şəbəkə  universitetlərimizə misilsiz imkanlar yaradır – İdarə rəisi ilə müsahibə

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri təhsil sisteminin bütün pillələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin formalaşdırılmasıdır. Bu baxımdan, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən son illər müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilməkdədir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov AzEdu.az  saytına müsahibəsində bu barədə ətraflı məlumat verib.        

-Son illər təhsil sisteminin informasiyalaşdırılması üzrə uğurla həyata keçirilən layihələrdən biri kimi “Azərbaycan Təhsil Şəbəkəsi” qeyd olunur. Bu şəbəkə təhsil sisteminin hansı pillələrini əhatə edir?

-Azərbaycan Təhsil Şəbəkəsi – müxtəlif təhsil pillələri üzrə 2800-dən çox təhsil müəssisələrini vahid şəbəkədə birləşdirən ən iri daxili təhsil şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar Azərbaycan dilli təhsil resursları və internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması, intranet üzərindən İP telefoniya və video-konfransların təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Ölkənin ən iri İKT şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) milli təhsil sistemi üçün nəinki texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir. Şəbəkənin potensialı bu gün orta ümumtəhsil məktəbləri ilə yanaşı respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır. Belə ki, ölkə üzrə ali təhsil verən bütün müəssisələr Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən GEANT beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.

-GEANT beynəlxalq akademik şəbəkəsi nədir?

-GEANT – Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları (IT) şəbəkələri səviyyəsində özündə birləşdirən ümumavropa elektron elm və təhsil şəbəkəsidir. Hazırda dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat müəssisəsini və orada çalışan 50 milyondan çox istifadəçini əhatə edir. GEANT-ın əsas şəbəkəsinin maksimal fəaliyyət gücü 500 Gigabit/saniyəyədək təşkil edir. Gündəlik olaraq GEANT-ın şəbəkələri üzərindən 1000 terabaytdan artıq məlumat ötürülür. 

-GEANT şəbəkəsinə çıxış ali təhsil müəssisələri üçün hansı imkanlar təqdim edir?

-GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır. GEANT şəbəkəsinin texniki olaraq üzərinə götürdüyü başlıca vəzifə elmi araşdırmaların aparılması üçün İKT infrastrukturunun və resurslarının təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, vahid GEANT şəbəkəsinə daxil olan bütün elmi-tədqiqat və akademik təhsil müəssisələri bir-birinin elmi nailiyyətləri və nəticələri ilə tanış ola və onlardan yararlana bilərlər.

GEANT şəbəkəsi həmçinin irihəcmli hesablayıcı resursların mövcudluğunu tələb edən mürəkkəb elmi istiqamətlər - məsələn, genetik məlumatların deşifrələnməsi, iqlim dəyişiklərinin modelləşdirilməsi, enerji ehtiyacları, epidemiyaların yayılmasının proqnozlaşdırılması və tənzimlənməsi kimi ən müxtəlif sahələrə aid elmi təqdiqatlar üzrə fəaliyyəti də öz İKT resurslarının hesabına sadələşdirir. Bu kimi sahələr üzrə elmi araşdırmalar həyata keçirən və GEANT şəbəkəsinə çıxışı olan ali təhsil müəssisələri şəbəkəyə qoşularaq, GEANT-ın massiv hesablayıcı resurslarına çıxış əldə edə və həmin resursların imkanlarından istifadə etməklə virtual olaraq məsafədən elmi tədqiqatlar apara bilərlər. Bu baxımdan, GEANT hər hansı bir müəssisə və hətta ayrı-ayrı ölkələr üçün kifayət qədər bahalı olan elmi resurslara məsafədən virtual çıxış təmin edir – məsələn, çətin əlçatan ərazilərdə yerləşən teleskoplara və s. bu kimi avadanlıqlara GEANT şəbəkəsi vasitəsilə çıxış əldə etmək mümkündür.

GEANT şəbəkəsinin ali təhsil müəssisələri üçün verdiyi imkanlardan biri də “Eduroam” xidmətindən istifadəni mümkün etməsidir. “Eduroam” təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrdə ezamiyyətdə olarkən bu ölkələrin “Eduroam” xidmətinə qoşulan təşkilatlarında daxili şəbəkə infrastrukturundan istifadə edərək internet şəbəkəsinə sərbəst, təhlükəsiz və ən əsası ödənişsiz qoşulmağa şərait yaradır.

-Azərbaycan ali təhsil müəssisələri GEANT şəbəkəsinə necə qoşula bilirlər?

Hazırda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinin resursları hesabına GEANT şəbəkəsinə çıxış əldə etməsi üçün şərait yaradılıb. Belə ki,  ATŞ-ə qoşulmuş istənilən ali təhsil ocağı, eyni zamanda, GEANT şəbəkəsinə də qoşulmaq imkanı əldə edib. ATŞ-in bu beynəlxalq akademik şəbəkəyə çıxış imkanı AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi vasitəsilə gerçəkləşir. Bu iki milli şəbəkə arasında mövcud olan optik bağlantı üzərindən GEANT şəbəkəsindən alınan trafikin ümumi həcmi hazırda 1 Gb/s təşkil edir.

Azərbaycanın ali təhsil müəssisələri bu yüksəksürətli genişzolaqlı bağlantı vasitəsilə xarici tərəf müqabilləri ilə etibarlı informasiya mübadiləsi həyata keçirə bilir və bu da öz növbəsində, beynəlxalq müstəvidə elmi əməkdaşlığa təkan verir. Qeyd etmək lazımdır ki, hazırda ölkədə fəaliyyət göstərən 16 ali təhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə GEANT beynəlxalq şəbəkəsinə çıxış imkanı mövcuddur.