Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 09:33:00
Tələbə transferinin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Fevralın 7-də transfer olunmaq istəyən tələbələrin qeydiyyatı başa çatıb. Ayın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1504 nəfər müraciət edib. Köçürülmə üçün müraciət edən tələbələr nəticələrin elan olunacağı tarixi səbrsizliklə gözləyirlər.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova İctimai televiziyaya prosedurların gedişatı ilə bağlı məlumat verərkən, nəticələrin açıqlanacağı tarixdən də söz açıb. O, öncə bildirib ki, transfer  ildə 2 dəfə yay və qış sesiyası ərzində həyata keçirilir. Bu, hər il 1-7 fevral, 5-20 iyul tarixlərində başa tutur:

“Sənədlərin emalına isə artıq başlanıb. Hazırda sənədlərin bir-bir yoxlanaraq təqdimatların hazırlanması prosesi gedir. Nəticələr müraciət edən tələbələrin mobil telefonuna göndərilir. Nəticələrin açıqlanmasına qədər müraciətlərin sayından asılı olaraq bir müddət keçir. Çalışırıq ki, tələbə dərslər başlayanda artıq arzuladığı universitet və fakültədə otursun. Tətil bitənədək prosesi yekunlaşdırmağa çalışırıq”.

Qeyd edək ki, müraciət edənlər arasında 40 nəfəri magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı isə 141 nəfərdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları