Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 17:20:28
“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşuldu  

"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub.

AzEdu.az xəbər verir ki, Fevralın 7-dən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində dərslərə başlayıb.  

Qeyd edək ki, pilot layihə Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Layihənin rəhbəri Fəxri Qurbanov Biləsuvar Təhsil Kompleksində keçirilən dərslərlə tanış olub. Layihə rəhbəri qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi “Rəqəmsal bacarıqlar”a qoşulan birinci özəl məktəbdir.

Fəxri Qurbanov “Rəqəmsal bacarıqlar” layihəsinin Milli Qəhrəmanın adını daşıyan liseydə tətbiqinin Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyini bildirib, bu günün şagirdlər üçün əhəmiyyətini vurğulayıb.

Layihəyə liseyin 120 nəfər V-VI sinif şagirdi cəlb olunub.  Onlara ixtisasartırma təlimlərinə cəlb olunmuş 2 informatika müəllimi tərəfindən dərs keçiriləcək.

“Rəqəmsal bacarıqlar” layihəsi 2018-2019-cu tədris ilində Baki şəhərində 65, Gəncə şəhərində 6 məktəbi və Biləsuvar rayonunda 1 özəl liseyi əhatə edib. Layihə çərçivəsində şagirdlər öz layihələrini, cizgi filmlərini və oyunlarını yarada, cari ilin sonunda isə “Rəqəmsal bacarıqlar”a qoşulan məktəblər arasında keçirilən müsabiqədə iştirak edə biləcəklər.

Layihə informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsini, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.